Axtarış...

Palatanın “avazı” yaxşı gəlir, “oxuduğu” isə..: - Azərbaycan borclanmaya gedəcək?

Palatanın “avazı” yaxşı gəlir, “oxuduğu” isə..: - Azərbaycan borclanmaya gedəcək?


Pandemiya şəraiti davam etsə, qeyri-neft sektoru üzrə sahələr qapalı olsa da, gələn ilin büdcəsində neftdən asılılığın azaldılması nəzərdə tutulur.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2021-ci il büdcə siyasətində dəyişikliklərdən danışıb:

“Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin mərhələli şəkildə azaldılması, qeyri-neft gəlirləri hesabına əvəz olunması və cari ildən institusional islahatlara start verilməsi ilə özəlləşdirmə, özəl investisiyanın cəlbi ilə bağlı tədbirlərin sürətləndirilməsi 2021-ci ilin büdcəsi üçün yeni çağırışlar kimi qəbul edilməlidir”.

Sədr bu dəyişikliklərdə özəlləşdirmə tədbirlərinə güvənir. O qeyd edib ki, Hesablama Palatasının hesablamalarına əsasən, son iyirmi ildən artıq müddətdə özəlləşmədən daxilolmalar bir milyard manat məbləğindədir:

“Bu vəsaitin 30 faizi devalvasiyadan sonrakı üç ildə daxil olub. Həmçinin qeyd edim ki, ümumi daxilolmanın da 37 faizi torpaq sahələrinin satışından əldə edilib. Hesab edirik ki, növbəti illərdə kəsirin maliyyələşdirilməsi üçün bu mənbədən daxilolmalar hər il üçün ən azı göstərilmiş məbləğdə olmalıdır. Növbəti ilin bu sahədə dönüşün ilk ili olacağını vurğulamaqla keçid dövrü üçün kəsirin maliyyələşdirilməsi məqsədilə digər mənbələrə, məsələn, əlavə borclanmaya müraciət edilə bilər”.

Vüqar Gülməmmədov qeyd edib ki, növbəti illərdə dövlət borcu üzrə risklər müəyyənləşdirilməli və mümkün təhdidlər konkretləşdirilməli, bununla bağlı strategiya tərtib edilməli və xərclərdə nəzərə alınmalıdır:

“Daxili mənbələr hesabına borclanmanın məhdud olması, xarici borclanma hesabına maliyyələşmənin artması ilə bağlı gözləntilər mövcuddur. Bu səbəbdən atılacaq bütün addımlar və icra ediləcək vəsaitlər risklərin minimallaşdırılması məqsədinə xidmət etməlidir. Əminəm ki, hökumət borclanmanı idarəolunan səviyyədə saxlayacaqdır. Azərbaycan Prezidenti tərəfindən son müşavirələrdə dövlət xərclərinə nəzarət və dövlət maliyyəsinin hər bir manatının əsaslandırılması vacib tələb kimi müəyyən edilib. Bu tapşırıqların 2021-ci ilin dövlət büdcəsində birmənalı olaraq nəzərə alınması, büdcə şəffaflığı və hesabatlılığının yüksəldilməsi məqsədilə zəruri məlumat və sənədlərin sayının artırılması vacibdir”.

Qeyri-neft gəlirlərinin aşağı düşdüyü mövcud şəraitdə Dövlət Neft Fondundan transfertlərin azaldılması siyasəti Azərbaycana nə verəcək, bu, əlavə dövlət borcunun yaranmasını şərtləndirəcək?

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, illərdir Dövlət Neft Fondundan transfertlərin azalacağı, qeyri-neft sektorundan büdcəyə yığımların artacağı ilə bağlı hökumətin, rəsmi qurumların bəyanatını eşidilir:

“Amma təəssüf ki, bunun əksini görürük. Məsələn, bu il son düzəlişlərdən sonra Neft Fondundan büdcəyə transfertlər 58 faiz təşkil edir. Bu, son illərin ən yüksək göstəricisidir. Son 10 ili götürsək, bu rəqəm ortalama həmişə 50 faiz təşkil edib. Yəni, Neft Fondundan transertlərin həcmi artmaqdadır. Gələn il nəyin hesabına azalacağını da izah etsələr, yaxşı olardı. Qeyri-neft sektorunun hesabına azalacağı inandırıcı görünmür. Çünki bu il qeyri-neft sektoru kifayət qədər zərbə alıb. İş yerləri qapadılıb, xidmət sahələrinin dövriyyəsi azalıb, qeyri-ərzaq ticarəti düşüb, turizm sektoru sıfırlanıb, kafe və restoranların hələ gələn il də hansı formada fəaliyyət göstərəcəyi sual altındadır. Qeyri-neft sektorunun potensialının artması üçün vətəndaşların alıcılıq qabiliyyətinin də yüksək olması şərtdir. Amma alıcılıq qabiliyyəti də düşüb”.

İqtisadçı deyir ki, niyyət olaraq büdcənin qeyri-neft sektorunun gəlirləri hesabına formalaşması yaxşı niyyətdır:

“Amma reallıq var. Reallıq onu göstərir ki, gələn il Neft Fondundan transfertləri azaltsaq, yeganə çıxış yolu xaricdən əlavə kreditlərin götürülməsi ola bilər, bu, o qədər də yaxşı yol deyil. Özəlləşdirmə gəlirlərinə gəldikdə isə bu barədə Prezident də bəyan edib ki, özəlləşdirmə, liberal iqtisadiyyata keçidlə bağlı müəyyən niyyətlər var. Bunun da bir il ərzində baş tutacağı çətin məsələdir. Bu məsələ xarici investorlara hesablanıb. Amma xarici investorlar tək “niyyət”ə görə qərar vermir. Ölkədə investisiya şəraiti, qanunvericilik bazası yaxşılaşdırılmalı, keyfiyyət dəyişikliyi olmalı, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, Avropa Birliyi ilə saziş imzalamalıdır ki, investorlarda güvən yaransın. Bu güvən yaranmasa, xarici investorların marağı çətin məsələdir. Kifayət qədər ciddi problemlər var. Ona görə də niyyət istiqamət olaraq doğru istiqamətdir, bunun qısa zamanda həyata keçirilməsi üçün sürətli islahatlara ehtiyac var. Struktur, hüquqi islahatlara, ölkənin beynəlxalq üzərinə götürdüyü müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, yeni müqavilə öhdəliklərinin yaranmasına ehtiyac var. Bunlar baş verəcəksə, lap əla. Hələ avqust ayının sonudur və ilin bitməsinə dörd ay var”.

Natiq Cəfərli deyir ki, bu müddət ərzində sürətli formada qanunların qəbulu, struktur islahatları ilə bağlı qərarların verilməsi, dekabr ayına qədər işin bir hissəsini yekunlaşdırıb, gələn ilin büdcəsi ilə bağlı niyyətlərin həyata keçirilməsinin əsasını qoymaq mümkündür:

“Bu baş verərsə, yaxşı başlanğıc olar. Azərbaycan doğrudan da liberal iqtisadiyyata keçid üçün ciddi addım atar. Bunlar baş verməyəcəksə, xarici borca hesablanmış addımlar atılacaqsa, bu, ölkə üçün əlavə yük gətirəcək”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz