2020-ci ilin yanvar-iyul aylarında ölkədə 40 milyard 8,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz, neft-qaz sektorunda isə 4,5 faiz azalıb.
ÜDM istehsalının 35,3 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 4015,1 manata bərabər olub. Məlumdur ki, ümumdaxili məhsul istehsalının azalması həm də iş yerlərinin itirilməsi deməkdir. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin bu rəqəmin 2,8 faiz olduğunu bildirsə də, bir sıra ekspertlər hesab edirlər ki, bu göstəricidə “kölgə iqtisadiyyatı” amili yer almır. Pandemiyanın artırdığı işsizlik faizinin önəmli hissəsi isə məhz əvvəllər qeyri-leqal çalışanların payına düşür.
İlin sonuna qədər isə ÜDM-lə bağlı eniş faizinin daha da artacağı gözlənilir. Hökumət işsizliyin qarşını ala biləcəkmi?
İqtisadçı Pərviz Heydərov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, əslində Azərbaycanın üzləşdiyi vəziyyət qlobal iqtisadiyyat üçün də xarakterikdir: “Azərbaycanda müəyyən sahələr qapadıldığı kimi, dünyanın əksər ölkələrində də analoji addımlar atılıb. Mart ayından etibarən tənəzülün dərinə işləməməsi, ümumdaxili məhsul istehsalında geriləmənin ən yüksək rəqəmlərdə qeydə alınmaması istiqamətində tədbirlər görülür. Burada ÜDM-in artımından söhbət getmir, tənəzül qaçılmazdır. Birinci yarımil üçün məhsul istehsalında 2,8 faiz azalma isə əslində qanedici rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan həm neftin qiymətinin aşağı düşməsi, həm də karantin tədbirləri ilə bağlı olaraq böyük itgilər verir, demək olar ÜDM istehsalında eniş bundan da yüksək ola bilərdi. Az olmasının səbəbi isə odur ki, 2019-cu il çox yaxşı nəticələr əldə eildi. Kölgə iqtisadiyyatının həcminin azaldılması, vergilərin stimullaşdırılması nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan artıq vəsait daxil olub. Bu tədbirlər nəticəsində ÜDM istehsalı və digər göstəricilərlə bağlı rəqəmlərin daha çox aşağı düşməsini sığortlandı. Amma bu daimi deyil”.
İqtisadçı deyir ki, koronavirusla bağlı olaraq vəziyyət kəskinləşər və yenidən məhdudlaşdırıcı tədbirlər görülərsə, onda ilin sonunda ÜDM istehsalının azalma göstəriciləri daha acınacaqlı ola bilər: “İndi məqsəd ondan ibarətdir ki, bundan yan keçək. Məlumdur ki,dövlət büdcəsində dəyişiklik edildi və büdcənin gəlir və xərcləri artırıldı. Sevindirici məqamlardan biri də o oldu ki, Dövlət Neft Fonundan büdcəyə transfertlər artırıldı. Bu isə o deməkdir ki, ilin ikinci yarısı ilə bağlı ciddi təlatüm gözlənilmir. Ümümdaxili məhsul artımında tənəzzül davam etsə də, mantın məzənnəsi, inflyasiya, əhalinin durumuna təsir edəcək makroiqtisadi göstəricilərdə ciddi dəyişiklik baş verməyəcək”.
Pərviz Heydərov deyir ki, işsizliyin aradan qaldırılması istiqamətində görülən tədbirlər kifayət qədər geniş xarakter daşıyır: “Mart ayından etibarən bu istiqamətdə addımlar atılır. Baxmayaraq ki, orta və kiçik sahibkarlar çox ağır durumdadırlar, dövlət onların qarşısında əmək müqavilələrinin dayandırılmaması ilə bağlı tələb qoyub. 9 mindən çox dövlət sektorunda çalışanların təxminən 50 faizi işləməməsinə baxmayaraq, əmək haqlarını alır. Eyni zamanda dövlət özəl sektorun da işçilərin əmək haqlarını ödəməsi üçün çiynini bu yük altına verib. Burada məqsəd odur ki, sahibkarlar fəaliyyətlərinin donması ilə əlaqədar olaraq işçiləri azad etməsinlər”.
Bununla belə iqtisadçı pandemiya ilə bağlı mövcud durum davam edəcəyi təqdirdə işsizliyin artacağının qaçılmaz olacağını bildirir: “Həm də bu təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün xarakterikdir. Azərbaycanda da yaxın zamanlarda gözlənilən ən mənfi tendensiyalardan biri təəssüf ki, işsizliyin artması ilə bağlı olacaq”.