Axtarış...

Liviyada kartları kim qarışdırır? - TƏHLİL


Liviyada kartlar yenidən qarışdırılır. Ötən həftə Liviyanın şərqində, yəni Milli Saziş Hökumətinin (MSH) nəzarət etdiyi ərazilərdə kütləvi etiraz aksiyaları başlayıb. Əvvəlcə sosial-iqtisadi vəziyyətə etiraz şüarları ilə müşahidə olunan aksiyalarda daha sonra Türkiyə əleyhinə şüarlar səsləndirilib.

İlk olaraq Tripolidə başlayan aksiyalar daha sonra Misrata və digər şəhərlərə yayılıb. Etiraz aksiyaları zamanı hökumət qüvvələri ilə toqquşma baş verib, ölənlərin və yaralıların olduğu bildirilir. MSH mediası etirazçılara təxribatçılar tərəfindən güllə atıldığını, naməlum şəxslərin hadisələri qızışdırmağa çalışdığını yazıb.

Milli Saziş Hökumətinin Baş naziri Fəyyaz Sərrac isə ölkə əhalisinə müraciətində etirazçıların sosial-iqtisadi tələblərinin yerinə yetiriləcəyini bildirib. Eyni zamanda Baş nazir hökumət kabinetində yeniliklər həyata keçirəcəyini bildirib.

Eyni zamanda Sərrac Liviya Milli Ordusunun komandanı general Xəlifə Həftərin atəşkəsə əməl etməməkdə, neft istehsalına nəzarətlə bağlı iddiasında israrını davam etdirdiyini bildirib.
Maraqlıdır ki, Liviyanın şərqində, Türkiyənin dəstəklədiyi Milli Saziş Hökumətinin fəaliyyət göstərdiyi Tripolidə etirazlar avqustun 21-də tərəflərin atəşkəs elan etməsindən dərhal sonra başlayıb.

Tərəflərin əldə etdiyi razılaşmaya əsasən, avqustun 21-dən etibarən MSH və Liviyanın qərbində fəaliyyət göstərən Təmsilçilər Məclisi atəşkəs elan edib. Atəşkəsdə iki tərəfin böyük sayda hərbi qüvvə topladığı Sirtə və Cufra şəhərlərinin silahsız zona elan olunması, yeddi aydan çoxdur dayanan neft istehsalının bərpası, həmçinin 2021-ci ilin martında seçkilərin keçirilməsi və xarici ölkə hərbi qüvvələrinin və əcnəbi muzdluların Liviyadan çıxarılması da var.

Maraqlıdır ki, etiraz aksiyaları məhz atəşkəsdən sonra başlayıb və qeyd olunduğu kimi, Sərrac hökuməti ilə yanaşı Türkiyəni də hədəfə alıb. Görünən odur ki, Sərrac da sanki təhlükəni hiss etdiyi üçün etirazçıların tələblərini qəbul edib.

Məsələnin daha bir maraqlı məqamı ondan ibarətdir ki, Liviyadakı etirazlar zamanı Təmsilçilər Məclisi hökuməti hərbi qüvvələrini təşkil edən Liviya Milli Ordusuna rəhbərlik edən general Həftər və devrilmiş Liviya lideri Müəmmar Qəzzafinin oğlu Seyfülislam Qəzzafinin adları çəkilib.

Və nəhayət, Qərb mediası Moskva və Ankaranın son atəşkəs razılaşmasına ilk günlərdə münasibət bildirməyə tələsməyib. Yəni başqa sözlə narazı olduqları və ya ən azı hələlik vəziyyəti qeyri-müəyyən olaraq gördüklərini büruzə veriblər.

Həqiqətən də atəşkəs qərarı bir mənada gözlənilməz olub və qəfil elan edilən atəşkəsi hər iki tərəf müsbət qarşılayıb. Və qəribə də olsa, Ankaranın ən azı aşkar rəyi məlum olmadan Sərrac atəşkəsi qəbul edib. Ankara və Moskvanın susqunluğu fonunda Misir Prezidenti Əbdülfəttah əs-Sisi dərhal atəşkəsi təqdir edən açıqlama yayıb. Bu da prosesin hansı qüvvənin nəzarətində olduğunu göstərir. Başqa sözlə, belə anlaşılır ki, Liviyada proseslər Rusiya və Türkiyənin təsirindən çıxarılır.

BBC telekanalı ABŞ və Almaniyanın Liviya üzərində təsiri artırdıqlarını iddia edir. Yeri gəlmişkən, bu ilin əvvəlində Moskvada toplanan vasitəçi dövlətlər və Liviyanın savaşan tərəfləri atəşkəs razılaşması imzalaya bilməyib. Ancaq təxminən iki həftə sonra bu dəfə Berlində toplanan Liviya konfransında atəşkəs əldə olunub. Baxmayaraq ki, bu atəşkəs də uzun sürməyib.

Məsələ ondadır ki, Berlin prosesində və sonrasında Liviyada əsas təsirli xarici güc rolunu Türkiyə və Rusiya oynayırdı. Türkiyə Sərrac hökuməti ilə Aralıq dənizində sərhəd anlaşması və hərbi əməkdaşlıq müqaviləsi imzalayıb. Bunun ardınca isə Liviyaya Sərrac hökumətinə hərbi yardım göndərməyə başlayıb. Nəticədə Sərraca bağlı qüvvələr cəbhədə üstünlüyü ələ alaraq Tripoli ətrafını azad edib və şərqə doğru irəliləyərək, may ayında Sirtə və Cufra şəhərlərini faktiki olaraq mühasirəyə alıblar. Liviyanın mərkəzində yerləşən bu iki şəhər ciddi strateji əhəmiyyətə malikdir. Sirtə isə eyni zamanda dəniz limanı olmaqla neft nəqlinin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır.

Rəsmi Ankara atəşkəsə yalnız Sirtə və Cufranın Sərrac qüvvələrinin əlinə keçməsi şərti ilə razı idi. Bunu bir qədər əvvəl xarici işlər naziri Çavuşoğlu da bildirmişdi. Lakin yeni atəşkəs Cufra və Sirtəni neytral zonaya çevirir.

Rusiya isə Həftərə dəstək verir, söhbət silah və texnika yardımı ilə yanaşı “Vagner” silahlılarının Həftər qüvvələri tərəfində vuruşmasından gedir. Yəni başqa sözlə, Liviyada da Suriyada olduğu kimi, Moskva və Ankara arasında hərbi-siyasi dialoq xətti mövcud idi. Lakin son atəşkəs qərarı və buna reaksiyalar göstərir ki, bu vəziyyət dəyişdirilir, təşəbbüs Türkiyə və Rusiyadan Qərb-ərəb ölkələri ittifaqına keçir. Çünki əks tərəfdə ABŞ, Aİ, o cümlədən Fransa, Almaniya kimi ölkələrlə yanaşı, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı kimi region dövlətləri var.

Atəşkəs razılaşmasında xarici ölkələrin hərbi qüvvələrinin və əcnəbi muzdluların Liviyadan çıxarılması haqda bəndlər məhz Türkiyə və Rusiyanı hədəf alır. Çünki Türkiyənin MSH ilə imzaladığı müqaviləyə əsasən Liviyada hərbi qüvvələr var. İndi isə qarşıdakı aylarda bu qüvvələr çıxarılmalı olacaq. Eləcə də digər əcnəbi muzdluların Liviyadan çıxarılması tələbi də reallaşarsa, nəticə etibarı ilə adları çəkilən ölkələrin Liviyadakı təsiri azalacaq.

Aydın məsələdir ki, Ankara bu həmləyə qarşı səssiz qalmayacaq, yaxın günlərdə Türkiyə Liviya ilə bağlı yeni strategiyasını elan edəcək. Lakin hazırkı vəziyyət onu göstərir ki, Liviyada Türkiyənin çox ciddi rəqibləri var. Ancaq Ankaranın geriyə yolu yoxdur, çünki Liviyanın itirilməsi Ankara üçün həm də Aralıq dənizinin şərqində üstün mövqenin itirilməsi deməkdir. Buna görə də qarşıdakı aylarda Liviyada hərbi-siyasi proseslərin daha da kəskinləşəcəyi qaçılmazdır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz