Məhəmməd Əsədullazadə: “Türkiyə Rusiya istehsalı olan həmin təyyarələrin hamısını vuracaq”
“Sonda BMT-nin dəstəklədiyi qüvvələr qalib gələcək”
İngiltərənin “Financial Times” qəzetinin yazdığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) mütəxəssisləri Liviyada marşal Xəlifə Haftara Rusiya istehsalı olan 8 döyüş təyyarəsinin verilməsi ilə bağlı araşdırma başladıb.
Liviyalı mütəxəssis Volfram Laçerin fikirləri əks olunan məqalədə bildirilib ki, Xəlifə Haftar və milisinin ilk işi Türkiyə qüvvələrinə mane olmaq üçün Vatiyyə hərbi bazasını vurmaq olacaq.
V.Laçer Haftar qüvvələrinin Liviyanın paytaxtı Tripolidəki və Misirdəki havadan müdafiə sistemini hədəf aldığını da qeyd edib.
O bildirib ki, Liviyaya Suriyadan gətirilən təyyarələr Türkiyə ilə Rusiya arasında qarşıdurma ehtimalını artırır: “Bu, Türkiyə ilə Rusiya arasında hava qüvvələri üstünlüyünü saxlamaq üçün bir yarışa dönəcək”.
Qeyd edək ki, BMT mütəxəssislərinin Haftara Rusiya istehsalı olan 8 döyüş təyyarəsinin verilməsi ilə bağlı araşdırma başlatmasından bir gün öncə, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) sözçüsü Hami Aksoy deyib ki, general Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) Liviyanın şərqində Türkiyə qüvvələrinin mövqelərinə havadan hücum edəcəyi barədə xarici mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, Liviyada Türkiyə qüvvələri hədəfə alınsa, bunun çox ağır nəticələri olacaq.
Türkiyə XİN rəsmisi qeyd edib ki, yayılan xəbərlər Haftar və onun tərəfdarlarının Liviyadakı qarşıdurmanı dərinləşdirmək niyyətində olduqlarının təzahürüdür.
Xatırladaq ki, keçən ay BMT general Haftarın qurduğu hakimiyyəti tanımadığını açıqlayaraq, Liviyada vəziyyətin nizamlanmasına dair siyasi sazişi dəstəklədiyini bildirmişdi.
Aralıq dənizinə çıxışı və 1,9 min kilometr neftlə zəngin sahilboyu ərazisi olan Liviya ilə bağlı son günlər dünya güclərinin yenidən hərəkət keçdiyi ortadadır. Baxmayaraq ki, dünyada koronavirus pandemiyası tuğyan edir. Bir neçə gün öncə, Türkiyə hərbi qüvvələrinin dəstəyi ilə qiyamçı general Xəlifə Haftarin nəzarətində olan Vatiyə aviabazası Milli Razılıq Hökumətinin başçısı Faiz Sərrac hökumətinə sadiq hərbi qüvvələrin nəzarətinə keçdi ki, bu da regionda yeni gəlişmələrin Türkiyənin lehinə inkişaf edəcəyini göstərir.
Bir ay öncə, BMT-nin general Haftarın qurduğu hakimiyyəti tanımadığını elan etməsi, indi isə Xəlifə Haftara Rusiya istehsalı olan 8 döyüş təyyarəsinin verilməsi ilə bağlı araşdırma başlatması onun həm rəsmi Tripoli hökumətinə, həm də Türkiyəyə açıq dəstəyinin ifadəsidir. Təəccüblüdür ki, BMT Təhülkəsizlik Şurasının daimi üzvü olan Rusiya və Amerika qiyamçı general Haftara dəstək verdiyi halda, BMT özü və Avropanın əksər ölkələri indi Sərrac hökumətinə dəstəyini ifadə edir. Bu barədə Avropada nüfuzlu analitik mərkəzlərdən biri olan Avropa Xarici Münasibətlər Şurasının son təhlilində deyilir ki, Avropa ölkələri Liviya münaqişəsinin siyasi yollarla çözülməsini canlandırmalıdırlar, çünki Türkiyənin bu ölkədə hazırkı mövqeyinin güclü olması buna imkan verir.
Məqalədə bildirilir ki, Liviya indiyədək təlatümlə durğunluq arasında çapalayıb, amma indi həmin o lazımi keçid məqamlarından biridir. Təhlildə qeyd olunur ki, Türkiyənin hərbi dəstəyi Liviyanın beynəlxalq aləmdə tanınan Milli Barışıq Hakimiyyətinin (MBH) həlledici qələbələrini təmin edib və qiyamçı feldmarşal Xəlifə Haftarın paytaxt Tripolini ələ keçirmək planlarının üstündən xətt çəkib. Vəziyyətin belə olması iddialı generalı dəstəkləyənlərin arasına ixtilaf salıb.
Avropa Xarici Münasibətlər Şurasının hazırladığı bu təhlildə Türkiyənin Liviyada güclənən mövqeyindən “yeni siyasi reallığın” yaradılması üçün istifadə olunması da tövsiyyə olunur. Məqalədə deyilir ki, MBH qoşunlarının son hərbi uğurları qərbi Liviyanın Haftar qüvvələrindən tam təmizlənməsinə imkan verib. Qeyd olunur ki, milli hökumətin uğurları Türkiyə hava hücumundan müdafiə sistemlərinin və dronlarının köməyi ilə mümkün olub. Belə bir vəziyyətdə Haftar hava məkanında üstünlüyü ələ ala bilməsə, uduzmaqda davam edəcək.
Yəni belə məlum olur ki, avropalılara da regionda güclü olan qüvvənin yanında yer almaq maraqlıdır.
O da bildirilir ki, Türkiyənin Liviyada güclənməsi Berlində yanvar ayında keçirilmiş Liviya konfransındakı uğursuzluğun birbaşa nəticəsidir. Bu konfransda razılığa gəlinməməsinin əsas səbəblərindən biri də Haftarı dəstəkləyən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mövqeyi olub.
Vurğulanır ki, Ankara Haftarı Tripolidən və onun ətraflarından tam çıxarmaq əzmindədir. Təhlilçilər Türkiyənin Liviyada Rusiyanın Suriyadakı siyasətindən öyrəndiyini bildirirlər. Türkiyə hərbiyyəsi də Liviyaya hökumətin dəvəti ilə gəlib və bu məsələdə Avropa ölkələri arasında fikir ayrılığından istifadə edib. Amma məqalədə bu da qeyd olunur ki, MBH-nin ötən ay əldə etdiyi hərbi uğurlara baxmayaraq, müharibə hələ də başa çatmayıb. Haftar hələ də Triploliyə raket zərbələri endirmək imkanındadır və qərbi Liviyadakı Tarhuna şəhəri də onun nəzarətindədir.
Təhliçilərin fikrincə, bundan sonra çox şey Haftara muzdlu döyüşçülər və silahlarla yardım edən kənar dəstəkçilərdən asılı olacaq. Onlar indiyədək Liviyada Türkiyə nüfuzunun qarşısını almağa çalışırdılar.
Avropa Xarici Münasibətlər Şurasının təhlilçilərinin sözlərinə görə, Haftarın son günlərdə düçar olduğu uğursuzluqlar kifayət qədər ciddidir və onun öz sıralarında fikir ixtilafına səbəb olub. Hesab edirlər ki, Haftarın həyata keçirdiyi daxili çevriliş, onun Liviya Siyasi Sazişini ləğv etməsi də kara gəlməyib. Əksinə ölkənin cənubundakı tayfalar Tripoli hökumətinin tərəfinə keçiblər və yəqin ki, şərqdəki tayfalar da bu barədə düşünürlər.
Məqalədə deyilir ki, belə görünür, Haftarın əsas müttəfiqlərindən Rusiya da mövqeyini yenidən nəzərdən keçirir. Moskva son zamanlar Liviya parlamentinin spikeri Aguila Salehin yeni təşəbbüsünü , dəstəkləməklə fəaliyyətini siyasi müstəviyə keçirmək qərarına gəlib. Lakin Salehin MBH-ni yenidən tərtib etmək təşəbbüsü çətin ki, uğurlu olsun. Amma buna baxmayaraq, bu təşəbbüsün təkan verəcəyi şərqi-qərbi Liviya danışıqları Haftarı oyundan kənar vəziyyətdə qoyardı. Belə görünür ki, Haftarın daha bir müttəfiqi olan Misir də hadisələrin belə inkişafına tərəfdardır. Təhlilçilərin firkincə, bütün bunlar sonunda Haftara hərbi dəstək verən Birləşmiş ərəb Əmirliklərinin də mövqeyini təsirləndirəcək.
Avropalı politoloqlar hesab edirlər ki, Avropa ölkələri məhz yaranmış bu vəziyyətdən fürsətlənərək Türkiyənin artmaqda olan nüfuzundan maksimum faydalanmalıdırlar. Müəllifin fikrincə, Avropa ölkələri “bu yaxşı fürsəti” əldən verməməlidirlər. Əgər bu imkan əldən verilsə, onda Avropanın lap yaxınlığındakı bu münaqişə daha da dərinləşəcək, Türkiyənin artan nüfuzu isə təmsili müharibəni daha da qəlizləşdirəcək. Lakin real hərəkət üçün Avropa ölkələri Liviyaya münasibətdə həmrəy mövqe tutmalıdırlar. İlk növbədə, Almaniya, İtaliya və Britaniya-Fransa və Yunanıstanı “Haftarın gəmisini” tərk etməyin vaxtı olduğuna inandırmalıdırlar. Belə bir həmrəylik əldə olunduqdan sonra yekdil Avropa, Liviyada sülhün bərqərar edilməsi üçün Liviya fraksiyaları arasında BMT-nin təşəbbüsü ilə keçirilən Cenevrə danışıqlarının bərpasına nail ola bilər: “Amma bu fürsət qapısı bağlanmaqdadır. Avropa cəld hərəkət etməlidir”.
Əslində, bir neçə gün öncə, NATO-nun baş katibi Yens Stonltenberqin Liviyada bütün tərəfləri qarşıdurmalara son qoymağa və siyasi prosesi başlatmağa çağırması da avropalıların məqsədini aydın edirdi. Y. Stonltenber növbəti açıqlmasında isə “NATO Faiz Sərracın rəhbərlik etdiyi Liviya hökumətini dəstəkləməyə hazırdır” deməklə fikrini açıq ifadə etmişdi. O, həmçinin Türkiyə ilə NATO-nun bir çox məsələdə fərqli mövqelərə sahib olduğunu, lakin Türkiyənin vacib müttəfiq olaraq qaldığını qeyd etmişdi.
Yeri gəlmişkən, dünən Liviya ordusunun rəsmi mətbuat nümayəndəsi polkovnik Məhəmməd Kununu yazılı açıqlamasında ordu qüvvələrinin paytaxt Tripolinin cənubundakı Esabia məntəqəsini Haftar qiyamçılarından təmizləyərək nəzarət altına aldığını bildirib. Hansı ki, paytaxtdan cənubda yerləşən və 27 min əhalisi olan Esabia qiyamçıların Tripoliyə hücum etməsi üçün mühüm strateji üstünlüyə malikdir.
“BMT bunu gündəmə çıxarsa da, dəyişən bir nəticə olmayacaq”
Əsədullazadənin namizədliyi qeydə alındı
BMT mütəxəssislərinin Liviyada Xəlifə Haftara verilən Rusiya istehsalı olan 8 döyüş təyyarəsi ilə bağlı araşdırma başlatmasına münasibət bildirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə “Hürriyyət”ə deyib ki, Liviyada baş verənlər daxili bir müharibə deyil, burada böyük dövlətlərin maraqları toqquşur: “Liviyada Türkiyə, Rusiya, Qərb ölkələri arasında birbaşa müharibə olmasa da, burada tamamilə vəziyyət müəyyən qütblərə bölünüb, vəziyyət daha da mürəkkəbləşib. Xüsusilə Haftara Amerika Birləşmiş Ştatları, Rusiya, Misir və müəyyən dövlətlər dəstək verir, amma Türkiyə, İngiltərə, hətta NATO-nun baş katibi də BMT tərəfindən tanınan Sərrac hökumətinə dəstək ifadə edirlər. Hesab edirəm ki, Türkiyənin çox ciddi şəkildə mərkəzi hakimiyyətə, milli qüvvələrə hərbi dəstəyi nəticəsində 180 dərəcə vəziyyət rəsmi Tripolinin, BMT tərəfindən tanınan hökumətin lehinə dəyişir. Haftar qüvvələri çox ciddi şəkildə məğlub edilir. Təbii ki, burada Rusiya Haftarın zəifləməsində maraqlı deyil. Çünki burada neft ehtiyatları və digər karbohidrogen yataqlarına marşurut xətlərinə irəlilərmək uğrunda geostrateji müxalifətlə Rusiya öz mövqelərini gücləndirmək istəyir. Amma hazırda Haftar ciddi şəkildə məğlub edilməkdədir. Bu da Moskvanı narahat edir. BMT-nin mütəxəssisləri tərəfindən qeyd edilən Rusiyanın Haftara hərbi təyyarələr göndərməsi doğrudur. Amma BMT bunu gündəmə çıxarsa da, hesab edirəm ki, dəyişən bir nəticə olmayacaq. Həmin təyyarələr vasitəsilə Haftar qüvvələri tərəfindən Türkiyənin hərbi bazalarına müəyyən hücumlar ediləcək. Lakin hesab edirəm ki, Türkiyənin, İngiltərənin, NATO-nun və bəzi dövlətlərin maraqları üst-üstə düşdüyündən və BMT tərəfindən Tripoli hakimiyyəti tanındığına görə, pərakəndə şəkildə olan qüvvələr Türkiyənin rəhbərliyi altında nizami orduyla nəticələnə bilər. Göründüyü kimi, Haftarın əlində bu qədər silah, texnikanın olmasına baxmayaraq, Türkiyənin dronlarının, hərbi vasitələrinin əlində çox aciz duruma düşdülər və böyük bir ərazini itirdilər. Halbuki, bir neçə həftə bundan əvvəl Haftar qüvvələri Tripoli ətrafında cəmləşmişdi. Aydın görünür ki, burada böyük maliyyə, strateji nəqliyyat yollarına, karbohidrogen ehtiyatlarına nəzarət uğrunda qütblər arasında mübarizə gedir. BMT də Türkiyənin yanındadır. Hesab edirəm ki, sonda BMT-nin dəstəklədiyi qüvvələr qalib gələcək. Düzdür, burada Rusiyanın, Birləşmiş Ərəb Əmirliklərinin Haftara müəyyən qədər dəstəyi var. Amma əgər bundan sonra Haftar yenidən məğlub olsa, bu dövlətlər Haftara dəstəyi dayandıra bilərlər. Hesab edirəm ki, proseslər çox ciddiyyət ilə qorunur və Türkiyə daha qərarlı şəkildə Liviya məsələsində prinsipiallıq göstərir. Proseslər BMT çərçivəsində Liviyada Sərrac hökumətinin üstünlük qazanmasında və qalib gəlməsində mühüm rol oynayacaq və proseslər bunların lehinə dəyişəcək. Haftar qüvvələrini artıq nə Avropa Birliyi, nə də onu əvvəl dəstəkləyən bəzi dövlətlər dəstəkləyir, artıq ondan əllərini üzüblər. Haftarın bu avantürası bir müddətdən sonra səngiyəcək. Amma bu, o demək deyil ki, Liviyada sülhə nail oluncaq, qarşıdurmanın davam etməsi gözlənilir. Lakin Haftarın yenidən Vatiyə bazasını qaytarması mümkün deyil”.
“Liviyada tərəflər dəstəklədiyi qüvvələrlə müharibə aparırlar”
M. Əsədullazadə vurğulayıb ki, Türkiyə Rusiya istehsalı olan həmin təyyarələrin hamısını vuracaq: “Liviyada Rusiya-Türkiyə arasındakı münasibətlər haçalanır və tərəflər arasında ciddi fikir ayrılığı var. Amma bu, heç də iki dövlət arasında problemlərin qabarıq şəkildə ortaya çıxmasına gətirib çıxarmayacaq. Çünki iki dövlət də bunda maraqlı deyil. Yüksək səviyyədə problemlərin yaşanması gözlənilmir. Suriya məsələsində də fikir ayrılıqları var, amma Liviya məsələsində tərəflər dəstəklədiyi qüvvələrlə müharibə aparırlar. Düzdür, bu, rəsmi səviyydə deyil, iki dövlət arasında münasibətlər qorunur”.
“Şərq tərəfdə tayfalarn Tirpolini dəstəkləməsi Haftarın məğlub olmasından asılı olacaq”
M. Əsədullazadə qeyd edib ki, yerli tayfaları öz tərəfinə çəkmək Türkiyənin taktikasıdır: “Türkiyə çalışır ki, yerli tayfaları da öz tərəfinə çəksin. Çünki o tayfalar Liviyada müəyyən nüfuza malikdirlər. Təbii ki, Tirpolinin ətrafında cənub tərəfdə olanlar mərkəzi hakimiyyəti dəstəkələyəcək, amma şərq tərəfdə tayfalarn Tirpolini dəstəkləməsi Haftarın məğlub olmasından asılı olacaq”.
“NATO qüvvələri arasında kordinasiya yoxdur”
Əsədullazadə onu da nəzərə çatdırıb ki, Amerika Türkiyənin burada mövqeyinin güclənməsində maraqlı deyil: “O çalışır ki, Rusiya ilə birgə Tripoli hökumətini ləğv edəndən sonra Haftarı öz nəzarətinə götürə bilər. Amerika bu taktika ilə Haftarı dəstəkləməyə çalışır. Onsuz da NATO qüvvələri arasında birlik pozulub, artıq kordinasiya yoxdur, öz maraqları uğrunda mübarizə aparırlar”.
Şamo EMİN, Hurriyyet.org