Qərbi Kaspi Universitetində tələbələrin hansı siyasi partiyaya mənsub olması barədə sorğu keçirilib. Sorğu vərəqində “Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində işçilərin və tələbələrin siyasi mənsubiyyəti barədə statistik məlumat” kimi qeyd var.
Qərbi Kaspi Universitetinin Ümumi şöbəsinin müdiri Atəş Əsgərova sorğunun Təhsil Nazirliyinin göstərişi ilə keçirildiyini deyib.
“Təhsil Nazirliyindən rəsmi məktub almışıq və bu məktub bütün uiniversitetlərə göndərilib”, – Atəş Əsgərova deyib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev adıçəkilən sorğudan xəbərsiz olduğunu söyləyib.
Təhsil eksperti Kamran Əsədli belə bir sorğunun keçirilməsinin qanunsuz olduğunu deyib. O, “Təhsil haqqında qanun”a istinad edərək bildirib ki, sənəddə bu barədə açıq yazılıb:
“Eyni zamanda Ali təhsil müəssisələrinin nümunəvi nizamnaməsində göstərilib ki, ali təhsil müəssisələrində heç bir partiya təşkilatı yaradıla bilməz, tələbələr hər hansı formada təşkilata üzvlüklə bağlı təbliğat apara bilməz, onların siyasi mənsubiyyəti sorğu-sual oluna bilməz. Bu müddəa birmənalı şəkildə 2009-cu ildə qəbul edilən “Təhsil haqqında qanun”da da göstərilib. Yaxud kiminsə siyasi mənsubiyyəti onun təhsil aldığı müəssisədə ona ikili münasibəti göstərilməsinə şərait yaradıla bilməz”.
Kamran Əsədli qeyd edib ki, bu gün Azərbaycanın 51 universitetində 164 min tələbə təhsil alır. O vurğulayıb ki, heç kim yaşı 18-dən yuxarı olan tələbəyə deyə və ya sorğu apara bilməz ki, siz hansı partiyanın üzvüsünüz, yaxud gəlin filan partiyanın üzvü olun.
“Belə bir addım atmaq qanunvercilik aktlarına ziddir. “Şəxsi toxunulmazlıq haqqında” qanunda göstərilib ki, hər kəsin şəxsi toxunulmazlığını qorumaq, məlumatı bölüşməmək hüququ var. Bütün bunlara görə tələbələr və işçilər arasında belə sorğu keçirmək qanunsuzdur”.