Axtarış...

Eldar Həsənovun həbsi müxalifətə sıçraya bilərmi? - Onun müxalifətdə də dayaqları var imiş...

Eldar Həsənovun həbsi müxalifətə sıçraya bilərmi? - Onun müxalifətdə də dayaqları var imiş...

Səfir Eldar Həsənovun həbsi ilə bağlı müxtəlif ilginc iddialar var. Onun həbsinə səbəb kimi mənimsəmə, rüşvət alma ittihamları göstərilsə də, həbsin əsasən siyasi tərəfi müzakirə mövzusudur.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olmuş Eldar Həsənov 1993-cü ildə Daxili İşlər nazirinin birinci müavini, 1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə isə baş prokuror olub. 2001-ci ildən isə ayrı-ayrı ölkələrdə səfir kimi fəaliyyət göstərib.

Göründüyü kimi, kifayət qədər ciddi fiqur olan Eldar Həsənovun maliyyə yeyintisinə görə həbsi ağlabatan görünmür. Əsas iddia isə onun dövlət çevrilişində, dövlətə xəyanətdə ittiham olunması ilə bağlıdır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da “Yeni Musavat”a açıqlamasında Eldar Həsənovun həbsinin səbəbləri haqda maraqlı fikirlər səsləndirib.

“Eldar Həsənovun həbsindən bir müddət əvvəl mətbuatda onun dövlət çevrilişinə hazırlaşdığı, hakimiyyətdəki müəyyən qüvvələrlə hakimiyyətə gəlmək planları qurduğu yazılırdı. Bu məlumatlar təsadüfi deyildi. Bütün bu məlumatları üst-üstə qoyanda mənzərə bundan ibarətdir ki, Eldar Həsənovun həbsi onun siyasi fəallığı ilə bağlıdır. Eldar Həsənov kimi bir fiqurun korrupsiyaya görə həbs olunması ağlabatan deyil. Uzun illər hakimiyyətdə ən önəmli postları tutub. Korrupsiya ittihamına qalsa, Azərbaycanda ondan qat-qat artıq korrupsionerlər hakimiyyətdə təmsil olunurlar və öz işləri ilə sakit-sakit məşğuldurlar”, - deyə Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, Eldar Həsənov müəyyən siyasi proseslərdə fəallıq göstərib və bu da hökumət üçün arzuolunmazdır: “Çünki onun kifayət qədər maliyyə imkanları, nüfuzu və regional elektoratı var. Siyasətə gələcəyi halda hakimiyyətə ciddi problemlər yarada bilərdi”.

Partiya sədri Eldar Həsənovun Azərbaycandakı müxalif partiyalarla əlaqələrinin olması haqda da danışıb. Bildirib ki, bu əlaqələr heç kimə sirr olmayıb. Amma Sərdar Cəlaloğlu deyir ki, Eldar Həsənovun həbsi onun müxalifətdəki əlaqələrinə sıçraya bilməz: “Lakin həbslər Eldar Həsənovun hakimiyyətdəki adamlarına sıçraya bilər. Bu əməliyyatın miqyası böyüyə bilər”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə “Yeni Musavat”a açıqlamasında Eldar Həsənovun həbsini son dönəmlərin ən ciddi həbsi hesab etdiyini bildirib: “Çünki Eldar Həsənov çox ciddi fiqur idi. Onun kifayət qədər maliyyə imkanlarının, biznesinin olması heç kimə sirr deyil. Deyə bilərəm ki, onun dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməyə ehtiyacı yoxdur. İndi hər kəs burada həbsin elan olunan səbəbini yox, elan olunmayan tərəfini analiz etməyə çalışır”.

T.Abbaslı deyir ki, Eldar Həsənov həm müxalifətdə, həm də iqtidardakı qruplaşmalar ilə isti münasibətlərini qoruyub saxlayan maraqlı fiqur idi: “Düşünürəm ki, onun həbsi maliyyə məsələsi ilə bağlı deyildi. İstintaq gedir və onun başqa maddələrlə-dövlət çevrilişinə cəhd ittihamı ilə də suçlanması istisna deyil”.

Partiya sədri Eldar Həsənovun müxalifətlə əlaqələrini və onun həbsinin müxalifətə sıçraya bilmə ehtimallarını da şərh edib: “Hakimiyyət də Eldar Həsənovun müxalifətlə əlaqələrini bilir. Amma düşünmürəm ki, iqtidar Eldar Həsənovun həbsi üzərindən demarş edərək müxalifətin üzərinə getsin. Onsuz da indi hakimiyyət daxilindəki vəziyyət o qədər də sabit deyil. Hakimiyyətdə təmsil olunan iri fiqurlar arasında ciddi rəqabət gedir. Belə vəziyyətdə hakimiyyətin bütün müxalifəti özünə qarşı daha aqressiv cəbhə halına gətirəcəyini düşünmürəm. Əskinə, hakimiyyət müxalifətlə yaxınlaşmaqda maraqlıdır və özünün elan etdiyi ”5-ci kolonu" ifşa etmək üçün də bu münasibətdən istifadə etmək istəyir. Artıq AXCP-nin bir neçə funksioneri həbs olub. Onlara qarşı irəli sürülən ittihamın nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Amma istintaqın gedişatında bu həbsləri bir-biri ilə əlaqələndirə bilərlər. Məntiq tapa bilərlər ki, bu çevrilişə cəhd ittihamında həbs edilənlər qruplaşmanın müxalifət ayağı, Eldar Həsənov beynəlxalq ayağı, digərləri isə daxili ayağıdır. Belə bir qənaətə gələ bilərlər".

Xatırladaq ki, Eldar Həsənov DTX tərəfindən həbs edilib. Sabiq səfir Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərini mənimsəməkdə, xeyli miqdarda büdcə vəsaitini təyinatı üzrə istifadə etməməkdə, rüşvət almaqda ittiham edilir.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ






Şərh yaz