Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sira nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi aşkar olunması, bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilməsi xəbəri dünən hələ də Abel Məhərrəmov "hava"sında olan medianın diqqətini o qədər də cəlb etmədi.
Halbuki xəbər kifayət qədər maraqlı idi. Əcəba, şəhər təsərrüfatının az qala bütün sahələrində nöqsanlar gün kimi ortada olduğu halda təkcə Vaqif Novruzovmu Eldar Əzizovun qəzəbinə düçar oldu? Görəsən Hacıbala Abutalıbovun meriyadakı komanda üzvlərinin yarpaq tökümünə niyə V. Novruzovdan başlanıldı? Yeni mer bununla hakimiyyətdəki Naxçıvan klanının əsəblərini tarıma çəkə biləcəyi ehtimalını hesablamayıbmı? Nəzərə alsaq ki, V. Novruzov sıradan bir məmur deyil və o Naxçıvan daxili işlər nazirinin müavini Səbuhi Novruzovun qardaşıdır və sonuncu da Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kürəkənidir, o zaman Eldar Əzizovun bu töhmətinin bədələnin ağır ola biləcəyi ehtimalını da nəzərə almaq lazım gəlir.
Baxmayaraq ki, həyat 3 il öncədən Novruzov qardaşlarının üzünə gülməkdən imtina etmişdi - Binəqədiudəki dəhşətli yanğının günahkarlarından biri kimi 4 illik məhbus həyatına məruz qalan icra başçısının keçmiş birinci müavini Qəzənfər Novruzov da iddialara görə heç bir günahı olmadığı halda təkcə o boyda vəzifəsindən deyil, azadlığından da olmuşdu. Amma indiki halda Vaqif Novruzovun şiddətli töhmət "yeməsi" Novruzov qardaşlarına müharibə elan etmək və onlara sonuncu zərbə vurmaq anlamına da gələ bilər. Cavab addımlarının olub-olmayacağı isə bir qədər müəmmalıdır. Çünki Eldar Əzizov yenicə təyin olunub və obrazlı deyilsə, qılıncının hər iki tərəfinin kəsən dönəmidir. Ona görə də gözlənilir ki, Novruzov qardaşları bu töhməti müvəqqəti də olsa unutmağa çalışacaqlar, ta o vaxta qədər ki, Eldar Əzizovun haradasa "nöqsanlar"a yol verdiyini aşkarlayıb cavab zərbəsi üçün münbit şəraitin yetişməyini gözləyəcəklər...
Moderator.az