Axtarış...

“Şərab biznesmeni” olan səfir üçün həbsxana yolu görünür - İDDİA

“Şərab biznesmeni” olan səfir üçün həbsxana yolu görünür - İDDİA

Xəbər verdiyimiz kimi, Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. Məhkəmədə Eldar Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, DTX-nin yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Məlumatlı mənbələrdən Editor.az-a daxil olan məlumata görə, Xarici İşlər Nazirliyi ilə bağlı aparılan araşdırmalar davam edir və bu istiqamətdə cəzalandırılacaq yeganə diplomat Eldar Həsənov olmayacaq.

İddiaya görə, ciddi maliyyə pozuntularının və digər qanunsuzluqlarının aşkarlandığı səfirliklərdən biri də Azərbaycanın İspaniya Krallığındakı diplomatik nümayəndəliyidir. Bu ölkədəki səfirliyimizdə xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı ciddi qanun pozuntuları aşkarlanıb. Bundan başqa bu ölkədəki səfirimiz Anar Məhərrəmovun bir diplomat kimi fəaliyyəti ilə bağlı ciddi nöqsanlar aşkarlanıb. Məlumatlara görə, yol verilən qanunsuzluqların miqyası səfir Anar Məhərrəmovu həbsə aparacaq qədər böyük və təhlükəlidir.

Qeyd edək ki, Azərbaycanın İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovun oğludur. Bu gənc diplomat Azərbaycan ictimaiyyəti və mediasının diqqətinə olduqca qalmaqallı xəbərlərlə gəlib.

Səfirlə bağlı 2018-ci ildə ölkənin aparıcı media qurumlarında dərc olunan məlumatların analizi Anar Məhərrəmovun başının həqiqətən dərddə olduğunu ortaya qoyur.

“Yeni Müsavat” qəzeti yazırdı ki, İspaniyaya Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerinə əyləşdikdən sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib: “Buna səbəb isə sərnişinlərdən birinin – nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib”.

Qəzetin yazdığına görə, haqqında danışılan yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş:

“Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Lakin A. Məhərrəmovu “yandıran” səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin “Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə “haqq-hesab çürütmək” fikrinə düşüb. “Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.

Bəs A.Məhərrəmovu özündən çıxaran o məşum səbəb nə imiş? Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi “hörmətsizlik”lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.” Mənbəmizin verdiyi məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına “tərbiyə” verməsi” tələbi ilə restorana gətizdirib.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Mənbəmizin dediyinə görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyir və rişxəndlə gülürdülər”.

Bu informasiyalardan sonra Abel Məhərrəmovun BDU-nun rektoru vəzifəsindən azad edilməsi yayılan məlumatların ciddiliyinə şübhə yeri qoymur. //Editor.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz