Axtarış...

"İnqilabçı" baş nazirin “qayığı” batır... - TƏHLİL

"İnqilabçı" baş nazirin “qayığı” batır... - TƏHLİL
Koronavirus pandemiyası işğalçı Ermənistana öz ağır zərbələrini vurmağa davam edir. Doğrudur, COVID-19-un altını bütün ölkələr çəkir. Lakin Ermənistan kimi əvvəldən sərt iqtisadi blokada şəraitində olan, iqtisadiyyatı böhran içində, dünya okeanına çıxışdan məhrum kasıb, maliyyə resursları məhdud ölkədə bu zərbənin fəsadları qat-qat ağır gözlənilirdi. Elə də oldu. Bunu indi ən əvvəl elə yerli ekspertlər təsdiqləyirlər.

“Hökuməti iqtisadi artım imkanlarını müzakirə edirkən Ermənistanda tənəzzül günbəgün güclənməkdədir. Aydın məsələdir ki, bu il iqtisadi artım olmayacaq. Hələlik hər şey tənəzzülün dərinləşməsi istiqamətində gedir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə iqtisadi sahə üzrə erməni icmalçı Akop Köçəryan öz şərhində yazıb.

Onun sözlərinə görə, tənəzzül xüsusilə də iqtisadiyyatın birbaşa sosial sahə ilə əlaqəli sferalarında müşahidə edilir. “Ölkədəki sosial vəziyyət gərgin qaldıqca bu sektorlardakı tənəzzülün öhdəsindən gəlmək asan olmayacaq. İnsanlar isə gəlirlərini itirməyə davam edirlər. Ermənistanda hazırkı durumun nə qədər sürəcəyini söyləmək çox çətindir, çünki əhalinin gəlirlərinin artırılması perspektivləri hələ də görünmür”, - deyə Köçəryan bədbinliklə bildirib.

Sözünə davam edən erməni iqtisadçı icmalçı yazıb: “Ermənistan iqtisadiyyatında dövlət gəlirlərinin azalması müşahidə olunur. Həmçinin xarici qaynaqlardan gəlirlər azalmaqdadır. Qlobal pandemiya dövründə Ermənistanda yalnız dövlət məmurlarının maaşları artıb. Beləcə, hətta böhran dövründə, ölkə iqtisadiyyatı yarımcan olduğu və cəmiyyətin əksər hissəsinin sosial vəziyyəti pisləşdiyi bir vaxtda da dövlət məmurları yüksək məvaciblər almaq lüksündən imtina etməyiblər”.

Köçəryanın hesablamalarına görə, hazırda Ermənistan cəmiyyətində ciddi dəstəyə ehtiyacı olan çox sayda sosial qrup var. “Epidemiya və onun sosial nəticələrindən əvvəl Ermənistanda ən azı 700.000 yoxsul var idi, onlardan 30.000-i olduqca kasıb idi. Bu gün bu rəqəm dəfələrlə artıb”, - deyə o əlavə edib.

Xatırladaq ki, işğalçı ölkədə de-fakto iki milyona yaxın əhali yaşayır. Köçəryanın şərhindən isə görünür ki, artıq düşmən ölkədə kasıblar əhalinin əksəriyyətini təşkil edir...

*****

Bu arada Ermənistanda hakimiyyət ictimai diqqəti daxildəki ağır sosial-iqtisadi problemlərdən yayındırmaq üçün siyasi həbsləri davam etdirir. Xəbər verildiyi kimi, bir neçə gün öncə İrəvanın sabiq meri, İctimai xidmətlərin tənzimlənməsi komissiyasının sədri Robert Nazaryan saxlanılıb. Həbsdən öncə onun eks-prezident Serj Sərkisyana qarşı ifadə verməkdən imtina etdiyi barədə məlumat yayılmışdı. Bəs əslində nə baş verir?

Politoloq Fikrət Sadıxova görə, keçmiş İrəvan merinin həbsi Paşinyanın hakimiyyətini tanımayanların aradan götürülməsi yönündə təşkil edilən növbəti kampaniyadır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Axar.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu həbs Sarkisyanla əlaqəli ola bilməz. “Sarkisyan o qədər korrupsioner bir siyasətçi idi, ölkəni elə qəliz vəziyyətə salmışdı ki, ona qarşı ifadə vermək heç kim üçün çətinlik törətməz. Nazaryanın həbsinin bununla əlaqəli olması ehtimalı azdır. Bu, sadəcə, növbəti kampaniyadır. Bu kampaniya çərçivəsində də Paşinyanın əleyhdarlarını, onu tanımayan və onu tənqid edənlər aradan götürülür. Əgər Nikol Paşinyan Sarkisyanı həbs etmək və ya ona qarşı cinayət işi açmaq istəsə, o zaman əlində kifayət qədər dəlil-sübut var”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Ermənistandakı indiki qeyri-demokratik vəziyyətin əsas səbəblərindən biri Paşinyanın yalan vədlər dalğasında hakimiyyətə gəlişidir: “Nikol Paşinyan demokratik dəyərlərdən uzaqdır. Hay-küylü və demokratik şüarlarla hakimiyyət uğrunda mübarizə aparan Paşinyan Ermənistanın çiçəklənmiş, inkişaf etmiş bir dövlətə çevriləcəyi, bütün dünyada ermənilərin vətənlərinə qayıdacağı və s. kimi bır sıra ziddiyyətli bəyanatlar verdi. Lakin bütün bunların nağıl olduğu üzə çıxdı. Onun məqsədi hakimiyyətə gəlmək idi və buna nail oldu. Lakin ölkənin iqtisadi vəziyyəti daha da pisləşdi”.

Politoloqa görə, indi aydın olur ki, Nikol Paşinyanın hakimiyyətə gəlişinin əsas məqsədlərindən biri vaxtilə onu həbsə atmış rəqiblərini neytrallaşdırmaqdır: “Bu siyahıya Robert Köçəryan, Serj Sərkisyan və yaxınları, bir sıra keçmiş nazirləri, generalları və hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Y. Xaçaturovu aid etmək olar. Görünür, o vaxt Paşinyanı çox əzab veriblər və o da onları aradan götürmək qərarına gəlib. Bu proses davam edir. Əgər sabah kimsə baş nazirin cızdığı ”qırmızı xətti" keçib onun maraqlarına zərbə vursa, o da həbs ediləcək və aradan götürüləcək. Bu proses, repressiyalar dalğası o qədər güclüdür ki, erməni politoloqları və ekspertləri bunu məxsusi vurğulayırlar. Onlar hesab edirlər ki, əgər belə davam edərsə, Paşinyanın hakimiyyəti sona çatacaq. Paşinyanı seçən xalq da artıq başa düşür ki, indiki hakimiyyət onun mənafeyini təmsil etmir".

Xalqın mənafeyini qulaqardı edən qüvvə isə iqtidarda uzun müddət duruş gətirə bilməz. Hər halda, yaxın tarixin təcrübəsi bunu deyir...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz