Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin qüvvələrinin yeni mövqelər tutmasından sonra cəbhə xəttinin necə dəyişdiyi barədə hərbi ekspertlər səviyyəsində polemika davam edir.
Virtualaz.org xəbər verir ki, bu polemika Azərbaycan, Ermənistan və münaqişədə əsas maraqlı tərəf olan Rusiyanın ekspertləri səviyyəsində aparılır.
Rəsmi məqamlar cəbhə xəttinin bu istiqamətində baş verənlərin detallarını açıqlamır. Ancaq azərbaycanlı hərbi ekspertlər öz mənbələrinə istinad edib bildirirlər ki, Dövlət Sərhəd Xidmətinin qüvvələri Babakər dağında dörd yüksəklikdə möhkəmlənib. Nəticədə Qazax rayonunun təmas xəttinə ən yaxın İkinci Şıxlı kəndinin əhalisi indi daha təhlükəsiz şəraitdə yaşamaq imkanı qazanıb.
Söhbət əlbətdə, Ermənistan ərazilərinin içərilərinə doğru irəliləməkdən getmir. Sərhədin Naxçıvan istiqamətində olduğu kimi burada da Azərbaycan qüvvələri neytral zonada, ölkənin suveren ərazilərinin hüdudları çərçivəsində irəliləyiblər. Lakin yeni mövqelər Ermənistan ordusunun həmin istiqamətdəki mövqelərinə və onlara aparan yollara, habelə Gürcüstan-Ermənistan qaz kəmərinin keçdiyi əraziyə nəzarət etmək imkanı verir.
Ermənistanda isə Müdafiə Nazirliyi və ona yaxın dairələr tərəfindən Azərbaycan sərhədçilərinin neytral zonada mövqelərini irəli çəkdiyi inkar olunmur. Amma əlavə edilir ki, erməni ordusu da “mövqelərini yaxşılaşdırıb”. Parlamentin spikeri Ararat Mirzoyan isə Facebook-da pafosla bildirmişdi ki, Ermənistan ordusunun “şücaəti” sayəsində indi Çinari kəndini atəşə tutmaq mümkün olmayacaq, üstəlik Gürcüstan-Ermənistan qaz kəmərinə təhlükə sovuşub.
Hərçənd hərbi xidmətdə olmayan və hərbi işlərdən başı çıxmayan Mirzoyanın bu dediklərini elə erməni hərbi ekspertlərdən biri boşboğazlıq və “şar üfürmək” adlandırmışdı. Bildirmişdi ki, Çinari kəndinin üstündəki hakim yüksəklik yenə də Azərbaycan ordusunun nəzarətindədir.
Erməni hərbi icmalçı Leonid Nersisyan “Kavkazskiy uzel”ə sərhədin həmin istiqamətində baş verənləri şərh edib deyir ki, Ermənistan hərbçiləri Çinari kəndi ətrafında yeni atəş nöqtələri tutublar. Bu da Azərbaycan ordusunun mövqelərinə cavab atəşi açmağa imkan verir. Hərçənd kəndin üstündəki hakim yüksəklik Azərbaycan ordusunun nəzarətində qalır.
Nersisyan deyir ki, indiyə qədər də postların irəli çəkilməsi və yeni müdafiə infrastrukturunun qurulması nadir hadisə olmayıb. Nəticədə bəzi sahələrdə tərəflərin postları arasında məsafə olduqca azalıb.
“Sərhədin elə sahələri var ki, tərəflər bir-birlərinə fantastik az məsafəyə qədər yaxınlaşıblar, məsələn, 30-40 metrə qədər”,-erməni hərbi ekspert deyib.
Digər erməni hərbi ekspert, “Orbeli” analitik-tədqiqat mərkəzinin rəhbəri Taron Ovanesyan isə təsdiq edir ki, Ermənistanın Tavuş vilayəti istiqamətində Azərbaycan qüvvələri Babakər dağı istiqamətində əhəmiyyətli şəkildə irəliləyiblər və möhkəmləniblər. Həmin dağ Azərbaycan-Ermənistan-Gürücüstan sərhəd üçbucağında yerləşir, dəniz səviyyəsindən 700 metr hündürlüyə malikdir.
Onun bildirdiyinə görə, mövqelərin irəli çəkilməsindən əvvəl (bu proses ötən ildən başlayıb) tərəflərin postları arasında məsafə 3.5 kilometrə çatırdı. İndi isə həmin məsafə 600 metrə qədər enib. “Azərbaycan öz mövqelərini sərhədə tərəf 500-600 metr irəli çəkib, erməni tərəfi isə bir kilometrə qədər irəli gedərək bilavasitə dövlət sərhədində möhkəmlənib”,-Ovanesyan deyib.
T.Ovanisyan Çinari kəndi istiqamtində də müəyyən dəyişikliklərin baş verdiyini deyir. Bildirir ki, həmin istiqamətdə Xoranaşat məbədi tərəfdə Ermənistan ordusu iki atəş nöqtəsi yaradıb. Azərbaycanın atəş nöqtləri isə əvvəlki mövqelərində, yəni hakim yüksəklikdə qalır. Nəticədə kənd yenə də atəş altına düşür. Hərçənd erməni mövqlərindən cavab atəşi açmaq imkanı yaranır.
Rusiya Dövlət Dumasının keçmiş deputatı, Çeçenistanın keçmiş hərbi komendantı, general-mayor İbrahim Süleymanov (milliyətcə çeçendir, Qazaxıstanda doğulub, 90-cı illərin əvvəllərində general Cövhər Dudayevin tərəfində ruslarla döyüşb, daha sonra rusların tərəfinə keçib və general rütbəsi alıb, Çeçenistanın hərbi komendantı, Dövlət Dumasının deputatı olub,-red.) isə Azərbaycan tərəfinin hərəkətlərini qınayaraq erməni tərəfinə dəstək verib.
İ.Süleymanov sərhədin həmin istiqamətində baş verənlər haqda danışarkən deyib ki, Azərbaycan qonşusu ilə münasibətlərini qaydaya salmaq əvəzinə vəziyyəti gərginləşdirir. Onun sözlərinə görə, Azərbaycan tərəfin neytral zonada irəliləməsi münaqişənin alovlanmasına gətirib çıxara bilər.
Rusiya güc strukturlarının əməkdaşı, ancaq adının (Arsen,-red.) çəkilməsinə icazə verən mənbə isə iddia edir ki, münaqişələrin yazılmamış qaydalarına görə neytral zonada bu və ya digər tərəfin irəliləməsi yolverilməzdir. Və neytral zona eyni dərəcədə hər iki tərəf üçün bağlı zona olmalıdır. Əgər tərəflərdən biri öz mövqelərini irəli çəkirsə qarşı tərəfi də buna təhrik etmiş olur.