12:58
2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.
Milli.Az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 08.30-da yanğın söndürülmüş, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.
---------
11:21
Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb.
Milli.Az-a daxil olan birgə məlumatda qeyd olunur ki, 2018-ci il mart ayının 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin bir mərtəbəli korpusunda yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 31-i xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08:30-da yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.
Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Həyata keçirilən tədbirlər ölkə Prezidentinin nəzarətindədir.
----------
10:05
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.
Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
----------
09:47
Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.
Bu barədə Milli.Az FHN-in saytına istinadən xəbər verir.
Əlavə məlumat veriləcək.
----------
08:56
Respublika Narkoloji Mərkəzində yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir. Saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.
Əlavə məlumat veriləcək.
----------
08:10
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində tədnirlər davam etdirilir.
----------
07:45
Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. Milli.Az APA-ya istinadən xəbər verir ki, pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub. Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq mümkünsüzdür. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək.
----------
07:00
Bakıda güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.
Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədnirlər davam etdirilir.
Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Əlavə məlumat veriləcək.