Axtarış...

Gömrük Komitəsi bir aylıq şirkətə necə etibar edib? - Müəmmalı tenderlərin SİYAHISI



Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.
Bu gün - 15 noyabr 2019-cu il tarixində "Euro Brand" MMC (VÖEN-1404832841) adlı şirkət Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin elan etdiyi kotirovka sorğusunun qalibi elan olunub.
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi "Euro Brand" MMC-dən 4 min 995 manat 15 qəpik dəyərində təmizlik və təsərrüfat malları satın alıacaq. Gömrük Komitəsi və "Euro Brand" MMC arasındakı bu əməkdaşlıqda diqqət çəkən məqam odur ki, bu şirkət cəmi 2 ay əvvəl - 12 sentyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi kotirovka sorğusunu oktyabr ayının 29-da elan edib. Belə görünür ki, şirkət sorğunun elan olunmasından təxminən ay yarım əvvəl qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 manat olan "Euro Brand" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 55, m 48-də yerləşir. Şirkətin qanuni təmsilçisi Yəhyayev Orxan Azər oğludur. Açıq internet resurslarda "Euro Brand" MMC barədə heç bir məlumata rast gəlmək mümkün deyil. Şirkətin qanuni təmsilçisi Yəhyayev Orxan Azər oğlunun ad, soyad və ata adına uyğun olan şəxslə "Muğanbank" ASC tərəfindən borcun ödənilməməsi barədə məhkəmə qarşılaşması olub. "Muğanbank" aldığı ipoteka kreditini ödəmədiyi iddiası ilə Yəhyayev Orxan Azər oğlunu məhkəməyə verib.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da bildirək ki, yeni yaranan şirkətlərin tenderlərin qalibi olması bu il il ərzində dəfələrlə qeydə alınıb. Bir müddət əvvəl Azərbaycan Memarlıq və İnşaaat Universiteti iki özəl şirkətlə - "Sirus-LTD" MMC və "Star-179" MMC ilə müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 44 min 942 manat təşkil edir. Universitet "Yumuşaq invertalın alınması" üçün "Star-179" MMC-yə 29 min 942 manat, "Digər alış və xidmətlər" üçün "Sirus-LTD" MMC-yə 15 min manat ödəyəcək.
Məsələnin maraqlı və qəribə tərəfi odur ki, hər iki şirkət tenderin qalibi elan olunmazdan cəmi 3 ay əvvəl - 22-23 iyul 2019-cu il tarixlərində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 56, m 105/35 göstərilib. Bunlar azmış kimi hər iki şirkətin qanuni təmsilçisi eyni ad və soyadı daşıyırlar - Aslanov Azər Rafiq oğlu.

Bundan başqa Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun kotirovka sorğusunun qalibi olan və ümumilikdə 20 min 877 manat vəsait ayrılan "Sunqalı" MMC, "Copy" MMC və "Langa-LTD" MMC adlı özəl şirkətlərin hər 3-ü cəmi bir-neçə ay əvvəl dövlət qeydiyyatına alınıb.

Bənzər vəziyyət Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən bağlanan müqavilələrdə də qeydə alınıb. Sentyabr ayının ikinci yarısında Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun 3 qalibi olub. Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən keçirilən sorğunun qalibi olan "Brett-Gruop" MMC, "Azola.az" MMC və "Valmart-MK" MMC-yə 5 kotirovka sorğusu üzrə ümumilikdə 81 min 601,8 manat vəsait ödəniləcək. Bu şirkətlər də cəmi bir-neçə ay əvvəl qeydiyyata alınıb.

Həmçinin oktyabr ayında "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə "Qlobal-Elektro" MMC (VÖEN 4501694961) arasında 18 milyon 774 min 346,93 manatlıq müqavilə imzalanıb. Bu şirkət mütəmadi olaraq "Azərişıq" ASC-nin elan etdiyi tender müsabiqəsinin qalibi olur. Şirkət ilk dəfə 2018-ci ilin 18 iyul tarixinində "Azərişıq" ASC ilə 48 min manatlıq müqavilə imzalayıb. Bu müqavilədə diqqət çəkən məqam odur ki, şirkət müqavilənin imzaladığı tarixdən cəmi 49 gün əvvəl dövlət qeydiyyatına alınıb. Müsabiqə elanının ayın əvvəlində açıqlandığını nəzərə alsaq, bu o deməkdir ki, "Azərişıq" cəmi bir ay əvvəl yaradılan şirkəti qalib elan edib. Maraqlıdır ki, cəmi bir həftə sonra "Azərişıq" "Qlobal-Elektro" ilə daha bir müqavilə imzalayıb. 24 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 839 min 575 manat olub.

Qeyd olunan tarixlərdə "Azərişıq" daha bir şirkətlə "Elektrik Təchizat" MMC (VÖEN 4501694831) 2 müqavilə imzalayıb. 18 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 933,2 min manat, 25 iyul 2018-ci il tarixində imzalanan müqavilətin dəyəri isə 42 min manat olub. İlk baxışdan iki fərqli şirkət kimi görünsələr də, əslində "Qlobal-Elektro" və "Elektrik Təchizat" şirkətləri arasındakı yeganə fərq onların adında olub. Hər iki şirkət 30 may 2018-ci il tarixində qeydiyyata alınıb. Hər iki şirkətin hüquqi ünvanı (Quba rayonu 2-ci Nügədi), nizamnamə kapitalı (10 manat) və qanuni təmsilçisi (Nazim Quliyev Qəfər oğlu) eyni olub. "Qlobal-Elektro" və "Elektrik Təchizat" şirkətləri qeydiyyata alındıqları tarixdən bugünə kimi, yəni təxminən il yarım ərzində "Azərişıq"ın tender müsabiqələrindən 23 milyon 379 min 149 manat vəsait alıblar. Çox qəribədir ki, cəmi il yarım ərzində 23,4 milyon manatlıq tender udan bu şirkətlər barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətlərin rəsmi veb-səhifəsi, əlaqə vasitələri mövcud deyil. Hətta sosial şəbəkələrdə belə hesabları yoxdur. Üstəlik həm "Qlobal-Elektro", həm də "Elektrik Təchizat" yalnız "Azərişıq"ın keçirdiyi tenderlərin qalibi olublar./yeniavaz.com /
Dövlət Gömrük Komitəsinin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz