Axtarış...

Qubada nə baş verib? - İDDİA

Qubada nə baş verib? - İDDİA


NOCOMMENT.az ötən həftə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin verdiyi əmrlə 2 icra nümayəndəsini tutduqları vəzifədən azad edilməsi ilə bağlı məlumat vermişdi. Onlar Rayonun Zərdabi və Talabıqışlaq İnzibati Ərazi Dairə (İƏD) üzrə nümayəndələri Nəcəfov Ramin Rasif oğlu və Heybətov Şahin Nizam oğludur. Buna səbəb kimidə həmin icra nümayəndələrinin “DOST-iş” MMC xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması zamanı ədalətlilik prinsiplərinə əməl etmədikləri göstərilib. Ziyəddin Əliyev İcra Hakimiyyətində keçirdiyi videokonfransda da həmin məmurların bu iş yerlərinə öz qohum əqrəbalarını yerləşdirdiklərini bildirib.

Hətta o məlum kartların biri də başçının birinci müavini Allahverdi Xudaverdiyevin sürücüsündə olub.

Məlum məsələ ilə əlaqədar etibarlı mənbələrdən NOCOMMENT.az-a verilən məlumatlarda isə başçının icra nümayəndələrini işdən çıxarmasının əsl səbəbinin başqa olduğu bildirilir.

Qeyd olunur ki, həmin məmurların başçının qəzəbinə tuş gəlməsinin əsl səbəbi 2019-cu ildə Qubanın Əlik İƏD-nin Haput kəndi ərazisində satılan 180 hektar yaylaq sahəsi olub.

İmran Yusifov adlı Quba sakini ötən il öz qoyun sürüsünü köçürmək üçün yaylaq sahəsi almaq istəyib. Həmin vətəndaş Zərdabi İƏD üzrə nümayəndə olan Ramin Nəcəfova müraciət edib. Ramin Nəcəfov da bu barədə İcra başçısının müavini Xanlar Heybətova məlumat verib. Bir neçə gündən sonra Xanlar Heybətov Ramin Nəcəfovu yanına dəvət edərək həmin ərazidə (Haput kəndi)180 hektarlıq yaylaq sahəsinin olduğunu və həmin yaylağın satılması üçün başçıdan razılıq aldığını bildirib.

Xanlar Heybətov bu torpaq sahəsinin qiymətini də Ramin Nəcəfovun qulağına pıçıldayıb.

12 000 manat.

Ramin Nəcəfov da ona deyilən ərazi və qiymət barədə vətəndaş İmran Yusifova məlumat verir. Tərəflər razılaşır və Ramin Nəcəfov İmran Yusifovdan 12 000 manat vəsaiti alaraq Xanlar Heybətova verir. Bununla da lazım olan sənədləşmə işi hazırlanaraq torpaq sahəsinin alqı-satqısı başa çatır.

Bir müddət sonra yaylağı alan İmran Yusifov qoyun sürüsünü həmin əraziyə gətirir. Amma bu zaman ona sayılan 180 hektarlıq yaylağın başqa bir sahibi də peyda olur. Tərəflər arasında yaşanan qarşıdurma polisə və prokurorluğa qədər gedib çıxır. Şikayət əsasında işi icraata alan Quba rayon prokurorluğu öncə Ramin Nəcəfovu dəvət edib izahatını alır. O izahatında işin bütün detalları barədə açıqlama verir. Daha sonra Ziyəddin Əliyevin müavini Xanlar Heybətov prokurorluğa çağrılır və izahatı alınır. O, da öz izahatında Ramin Nəcəfovdan aldığı 12 000 manatı icra başçısı Ziyəddin Əliyevə verdiyini bildirir.

Məlumat icra başçısına çatanda isə o bərk qəzəblənir və bir müddət sonra öz müavinini (Xanlar Heybətovu) işdən azad edir. Daha sonra Ramin Nəcəfov icra hakimiyyətinə çağrılıb ondan öz ərizəsi ilə işdən uzaqlaşması istənilir.

Ramin Nəcəfov bununla razılaşmır və işdən çıxmağı qəbul etmir. Quba rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları üzrə iş şöbəsinin müdiri İlham Quliyev Ramin Nəcəfova öz xoşluğu ilə işdən çıxmayacağı təqdirdə onun ləkələnərək vəzifədən uzaqlaşdırılacağını bildirib:

“Bax qardaşım başçı sənin əlindən çox qəzəblənib. Gərək sən o pulu kimə verdiyin barədə dinib danışmazdın. Bu işlərdə belə davranmaq olmaz. Ona görədə yaz ərizəni çıx get.”

Ramin Nəcəfov bunu qəbul etmir və icra hakimiyyətindən çıxaraq öz iş yerinə gəlir. Bir saatdan sonra isə İcra hakimiyyətindən bir qrup şəxs onun iş yerinə gələrək “DOST-iş” MMC xəttilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlərə cəlb olunan sakinlərin əmək haqqı kartlarını yoxlamağa başlayırlar. Bu işlərə ərazidə cəlb olunan bütün vətəndaşlar nümayəndəlik binasına çağırılıb təftiş edilir. Heç bir qanunsuzluq aşkar edilməməsinə baxmayaraq səhəri gün icra başçısı bu barədə əmr verir və Ramin Nəcəfovu bu iş yerlərinə insanları təyin edərkən ədalətsizlik etmə səbəbi göstərilərək işdən uzaqlaşdırılır. Amma ona aparılmış yoxlamanın tərtib olunması barədə Akt verilməyib.

İcra başçısı Ziyəddin Əliyevin bununla da hirsi soyumur. O işdən çıxartdığı müavininin qardaşını, Talabıqışlaq İƏD üzrə nümayəndəsi olan Şahin Heybətovuda eyni ssenari ilə işdən uzaqlaşdırır.

Bu hadisələrdən sonra qorxuya düşən Quba rayon İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları üzrə iş şöbəsinin müdiri İlham Quliyev öz qohumlarının adına rəsmiləşdirib özündə saxladığı 2 əmək haqqı kartını ləğv etdirir. Bu kartlar Quba şəhər sakinləri Haciyeva Kəmalə Nizami qızı və Xasməmmədov Turan Nizami oğlunun adlarına sənədləşdirilib. İlham Quliyev iyun ayının 2-də həmin insanların adına olan kartları ləğv etdirib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz