Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.
Millitv.az report-a istinadən xəbər verir ki, Suraxanı RİH-in başçısı Əziz Əzizovun müvafiq əmri ilə başçının köməkçisi vəzifəsinə Ağayev Murad Əsgər oğlu təyin edilib.
Ə.Əzizovun digər əmri ilə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsinə Əliyev Eldəniz Əliqulu oğlu təyinat alıb.
Bundan başqa, Ə.Əzizovun müvafiq əmrləri ilə RİH-in Hüquq şöbəsinin məsləhətçisi Mustafayev Namiq Məcid oğlu və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Qədimov Mikayıl Fərəməz oğlu vəzifələrindən azad ediliblər.
İcra başçısının yeni köməkçisi M.Ağayev Ə.Əzizovun bacısı oğludur.
Qeyd edək ki, bundan əvvəl RİH-in daha iki əməkdaşı - icra başçısının köməkçisi Təyublı Mirteyub Xaqani oğlu və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu işdən çıxarılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub. Həmin vaxt M.Ağayev də Yasamal Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi vəzifəsində çalışıb.
Son günlər mətbuatda Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc olunub.