Axtarış...

Sakinlər "AAAF İnşaat" MMC-nin pullarını mənimsədiyini iddia edirlər - NARAZILIQ...

Sakinlər "AAAF İnşaat" MMC-nin pullarını mənimsədiyini iddia edirlər - NARAZILIQ...


Bir qrup vətəndaş "AAAF İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin onların pullarını mənimsədiyini iddia edir.
Bu barədə Yeniavaz.com-a müraciət edən sakinlər, sözügedən şirkətlə 2015-2016-cı illər ərzində mənzil alğı-satqısına dair müqavilə bağladıqlarını, buna baxmayaraq hələ də mülklərinə sahib ola bilmədiklərini iddia edirlər. Qeyd edirlər ki, onlardan bir qismi mənzilin dəyərini tam ödəyib.
Vətəndaşların iddiasına görə, qeyd edilən müqavilələrin bağlanmasından 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, "AAAF İnşaat" MMC öz öhdəliklərinə səhlənkar yanaşıb və 19, 28, 29 saylı küçələrdə yerləşən çoxsaylı (19 saylı küçədə A, B, C, D, E və F nömrəli, 28 saylı küçədə, 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli, 29 saylı küçədə 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli) hündür mərtəbəli binaların tikintisini başa çatdırmayıb.
Bundan başqa, hətta bəzi binaların təməli belə qoyulmayıb. Vətəndaşlar bildirirlər ki, dəfələrlə "AAAF İnşaat" MMC-nin rəhbərliyinə - Tofiq Heydərov və Raid Məmmədova tikinti ilə bağlı etdikləri şifahi və yazılı müraciətlər cavabsız qalıb və rəhbərlik tərəfindən qəbul edilməyiblər.
Şikayətçilər "AAAF İnşaat" MMC tərəfindən illərdir aldadıldıqlarını iddia edirlər. Belə ki, onlar 19, 28, 29 saylı küçələrdə yerləşən binalardan mənzil almış yüzlərlə vətandaş tərəfindən ödənilmiş külli miqdarda pul vəsaitinin mənimsənildiyini deyirlər: “19, 28 və 29 saylı küçələrdə yerləşən, tikintisi başa çatdırılmamış çoxsaylı binaların 16-17 mərtəbəli olmasını, qeyd olunan binalarda blok və mənzil saylarını nəzərə alsaq problemin miqyasını müəyyən etmək çətin deyil. Mövcud problemdən iki min ailə əziyyət çəkir ki, bunların içində kirayə qalanlar, maddi durumu çətin olanla və əlil vətəndaşlar da var.
Ev üçün pul ödəyən vətəndaşlar bildirirlər ki, ötən ayın 24-də bir daha AAAF MMC-nin rəhbərliyi ilə görüşməyə cəhd etsələr də, bu, mümkün olmayıb.
Çıxılmaz vəziyyətdə qalan vətəndaşlar Azərbaycan Respublikasının Prezidentinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, İqtisadiyyat Nazirliyinə, Milli Məclisə və Ombudsmana şikayət məktubu ilə müraciət ediblər.
Məsələ ilə bağlı "AAAF-İnşaat MMC"-dən Yeniavaz.com-a açıqlama verilib və bildirilib ki, həqiqətən də belə bir problem var:
“Son illər fəaliyyətimizdə, konkret olaraq bəzi binaların tikintisi prosesində problemlər yaşamaqdayıq. Tikinti prosesi ləng gedir və bu da narazılıqlar yaradır. Bununla bağlı bildirmək istəyirik ki, sözügedən tikinti öhdəliklərinin ləng yerinə yetirilməsinin ən böyük səbəbi 2010-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən şirkətə qarşı tətbiq edilən bir sıra əsassız və qanunsuz vergi ödənişi tələbləri nəticəsində yaranmış maliyyə sıxıntısıdır. Məhz bu tələblər səbəbindən qeyd edilən və sonrakı müxtəlif vaxtlarda şirkətə artıq vergi yükləri əlavə edilmiş və əsassız olaraq ödənilməsi təmin edilmişdir. Hal-hazırda da şirkətin rəsmi bank hesabları dondurulmuş, maliyyə əməliyatları əngəllənmişdir. Tikintinin davam etdirilməsi üçün yeganə maliyyə qaynağı tikilməkdə olan binalardan gələn kredit ödənişləridir. Bu ödənişlər isə məcburi qaydada yuxarıda qeyd etdiyimiz əsassız vergi və digər ödənişlərə getdiyi üçün tikintidə sürət aşağı düşmüşdür və vəziyyət indiki həddə qədər gəlib çatmışdır.
Bununla yanaşı, hazırda pandemiya ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimi də maliyyənin zəifləməsinə səbəb olmuşdur. Çünki bölgələrdən gediş-gəlişlərdə məhdudiyyətlər var. Müştərilər aylıq kredit ödənişlərini edə bilmirlər. Bu səbəbdən də zəif olan maliyyə qaynağımız daha da zəifləmişdir, çətinliklər çəkməkdəyik”.
Şirkətdən bildirilib ki, bu məsələ ilə bağlı iyun ayından etibarən müəyyən adımlar atılacaq:
“Buna baxmayaraq, şirkət olaraq iyun ayından etibarən müəyyən addımlar atmaq qərarı vermişik. Əminliklə qeyd edə bilərik ki, bunun nəticəsində tikinti daha da sürətlənəcək. Ancaq yenə də bu sürətlənmə bizim arzuladığımız həddə deyil. Yuxarıda qeyd etdiyimiz kimi, Vergilər Nazirliyinin tətbiq etdiyi əsassız vergi yükləri nəticəsində çıxılmaz vəziyyətə düşmüşük, fəaliyyətimizə əngəl yaranıb. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, həmçinin digər müvafiq və aidiyyatı qurumlara, ən yüksək instansiyalara bununla bağlı müraciətlər olunub, izahatlar verilib. Yaxın vaxtlarda şikayətimizlə bağlı apellyasiya baxışı gözlənilir. Bundan sonra şirkətimizə yaradılan maliyyə probleminin həllini tapacağına ümid edirik. Bu halda, AAAF-İNŞAAT MMC öz üzərinə düşən öhdəlikləri rahatlıqla icra edəcək və bütün çətinlikləri arxada qoyaraq vətəndaşlara layiqli xidmət göstərəcək, həmçinin ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi mövcudluğunu davam etdirəcək”.
Həmçinin qeyd olunub ki, sakinlərin iddiasının əksinə şirkətin rəhbərliyi ilə görüşmək məsələsində heç bir çətinlik yoxdur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz