Payızda redaksiyamızın ünvanına XİN əməkdaşlarının bir neçəsi müraciət yollamış və Dövlət Gömrük Komitəsi tərəfindən incidildikləri, bürokratiya ilə üzləşdikləri barədə şikayət etmişdilər. O zaman məlum oldu ki, Gömrük Komitəsi uzun müddət xarici ölkədə diplomat statusu ilə çalışıb vətənə dönən XİN əməkdaşlarının xaricdən gətirdikləri şəxsi avtomobillərindən rüsum tələb edir. Qanunla isə xaricdə 4-5 il işləyib vətənə dönən diplomatlardan gömrük rüsumu alınmamalıdır. Bu Vyana konvensiyasında öz əksini tapıb və Azərbaycan da həmin müqaviləyə qoşulmuş dövlətlərdəndir.
Yenicag.az-a yenə Xarici İşlər Nazirliyinin vətənə dönmüş diplomatlarından şikayətlər daxil olmaqdadır.
Araşdırma zamanı məlum oldu ki, artıq bir neçə diplomatın maşınları aylardır ki, Gömrük Komitəsinin pullu dayanacağında günü 10 manatdan saxlanılır. Bəzi işlər məhkəməyə verilib və indiyədək olan məhkəmə çəkişmələrinin hamısını Gömrük Komitəsi uduzub. Komitənin əməkdaşları bu məsələnin yalnız sədr Səfər Mehdiyevin icazəsi ilə həll olunduğunu söyləyir, qanunun diplomatların tərəfində olduğunu bildirirlər. Amma, hörmətli general Səfər Mehdiyevin hansı səbəblərdən rüsum ödənilməsində təkid etdiyi bilinmir. Komitənin əməkdaşlarının dediklərindən məlum olur ki, daxili əsasnamələrdə əlavə hansı şərtlər irəli sürülməsindən asılı olmayaraq Qanun istənilən daxili əsasnamədən üstündür və məsələ diplomatların xeyrinə həll olunmalıdır.
Bu işdə söz-söhbət də əsassız görünməyə bilər. Söz-söhbətin mahiyyəti odur ki, diplomatlar bəzən bezib rüsum ödəsə də, komitədə həmin avtomobillər yenə də diplomat avtomobili kimi sənədləşdirilir. Bu iddianın nə dərəcədə doğru olduğunu yoxlamaq imkan xaricindədir və yəqin ki, komitə səlahiyyətliləri buna aydınlıq gətirə bilərlər. Yeri gəmişkən, keçmiş sədr Aydın Əliyevin zamanında diplomatlar bu cür problemlərlə üzləşmədiklərini deyirlər. Komitə sədri Səfər Mehdiyev isə jurnalistlər qarşısında çox açıq bildirdi ki, komitədə rüşvət olarsa, istefa verə bilər.
Bizə müraciət edən qadın diplomat bu bürokratiyadan çox əziyyət çəkdiyini, maşın olmadığından uşaqlarını məktəbə çətinliklə apardığını bildirib. O qeyd edib ki, bu bürokratik münasibətdən elə ən çox əziyyəti ezamiyyətdən qayıtmış xanım diplomatlar – indiki XİN əməkdaşları çəkirlər.
Əldə etdiyimiz məlumata görə, ötən ilin noyabr ayından Gömrük Komitəsinin pullu dayanacağında saxlanılan maşınlar var. Günü 10 manatdan maşınların orada dayanmasını nəzərə aldıqda, diplomatların nə qədər maddi ziyana düşdüyü də göz önündədir.
Şikayət edən diplomatlar müxtəlif instansiyalara, qadın diplomatlar isə Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət ünvanlayıblar.
Xarici İşlər Nazirliyinin isə məsələyə faktiki olaraq münasibət bildirməməsi nazirlikdə narazılıqla qarşılanır.
Məsələ ilə bağlı XİN və Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab verilmədi.