Axtarış...

Milli Televiziyamız 64 yaşında - Nələr qazanıldı, nələr itirildi?



Azərbaycan Televiziyası 64 yaşını qeyd edir. Radiodan 30 il sonra, 1956-cı il fevralın 14-də televiziyanın fəaliyyətə başlaması böyük hadisə idi.

Televiziyanın mədəniyyət, informasiya aləminə daxil olmasını möhtəşəm hadisə kimi qiymətləndirən professor Qulu Məhərrəmli Milli Televiziya günü ilə bağlı Redaktor.az-a bildirib ki, bu əlamətdar tarixi gündə televiziyanı quranlar, formalaşdıranlar yad olunmalıdır:

“Televiziyaya rəhbərlik etmiş möhtəşəm şəxsiyyətləri, o cümlədən bu televiziyanın formalaşdırılmasında çox böyük xidmətləri olmuş şair, publisist Teymur Elçini yad edirik. Mənim birinci növbədə o yadıma düşür. Təxminən 10 ilə yaxın televiziyaya rəhbərlik edib və çox böyük işlər görüb.

Bu gün televiziyalar cəmiyyətə nə verir sualının qarşısında bir qədər məyus qalırıq. Niyə? Çünki bizim televiziyalarımızın ciddi problemləri var. Problemlər birinci növbədə cəmiyyət həyatını doğru-dürüst ifadə edə bilmir. Yəni, televiziyalar hazırda bir mədəniyyət, informasiya tribunası kimi onun üzərinə qoyulan funksiyanı yerinə yetirə bilmir”.

Qulu Məhərrəmli onu da qeyd edib ki, artıq 64 ilini tamamlayan Azərbaycan Televiziyası bu illər ərzində çox şeylər əldə edə bilməsə də, qazandıqları da az olmayıb.

“Birinci növbədə biz yeni dünya sənəti olan televiziya sisteminə sahib olmuşuq. Yəni, biz reallığı, gerçəyi ekran dili ilə ifadə etməyi öyrənmişik. Televiziyanı Azərbaycan musiqisinin və mədəniyyətinin təbliğatçısına çevirə bilmişik. Azərbaycan Televiziyasını ədəbi dilin yayıcısına və dili formalaşdıran bir qurum etmişik. Azərbaycan Televiziyasında indiyə qədər olmayan peşələri formalaşdırmışıq. Biz yeni nəslin dünyagörüşünün formalaşmasına təsir edə bilmişik. Ona görə də bunlar ciddi nailiyyətlərdir. Amma nələri əldə edə bilməmişik, bu, artıq televiziyanın özündən asılı olmayan məsələlərdir. Burda obyektiv məsələlər də var, subyektiv məsələlər də. Azərbaycan televiziyaları cəmiyyətə ciddi şəkildə nüfuz edə bilmir. Burda sosial məsələlərlə yanaşı, siyasi məsələlər də var. Amma bu gün nəyə görə, dövlətin bu qədər vəsait ayırdığı televiziya, media sistemi sosial şəbəkələrlə müqayisədə uduzub?! Bu haqda düşünmək lazımdır".

Televiziyanın 65 illiyində görmək istədiklərini dilə gətirən professor qeyd edib ki, televiziya audio-vizual sənətin öndə gedən bir qoludur:

“Arzu edərdim ki, televiziya o ciddiliyi əldə edərək, cəmiyyəti ifadə eləsin, özünün missiyasını layiqincə yerinə yetirə bilsin. Doğru informasiya versin, sözün həqiqi mənasında xalqın tribunasına çevrilə bilsin. İndi televiziyalarımızda müəyyən dirçəliş, yeniliklər özünü göstərir. AzTv-də, İctimai Televiziyada müəyyən ciddi proseslər, yeni layihələr meydana çıxır. Bunlar hamısı ürəkaçan nüanslardır. Ümid edirik ki, bu tendensiya, trend davam edəcək”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz