Axtarış...

Nadir Şəfiyev: “Telekanallarımızla bağlı bu hal adamı dəhşətə gətirir”

Nadir Şəfiyev: “Telekanallarımızla bağlı bu hal adamı dəhşətə gətirir”

“Bizim tamaşaçıların əksəriyyəti ciddi verilişlərə xarici TV-lərdə baxırlar”

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb. Bir çox mütəxəssis bununla televiziya sahəsində genişmiqyaslı islahatların başlanmasını dilə gətirir.

Modern.az saytı televiziya sahəsindəki hazırki vəziyyətlə bağlı tanınmış telejurnalist, “ARB 24” televiziyasının sabiq direktoru Nadir Şəfiyevin münasibətini təqdim edir.


- Nadir müəllim son zamanlar Azərbaycan teleməkanında baş verənlərə münasibətiniz necədir?

- Dövlət Televiziyasında rəhbərin dəyişməsi ciddi hadisədir. Amma bunu islahatların başlanması adlandırmaq məncə düzgün olmaz. Çünki, istənilən islahatların həyata keçirilməsi bir neçə mərhələni nəzərdə tutur. Əvvəla, islahatların aparılacağı sahədə vəziyyət ətraflı öyrənilir. Sonra məsələ ilə bağlı təkliflər planı hazırlanır. Onun müzakirəsi aparılır. Daha sonra həmin planın son versiyası təsdiqlənir və onun icrasına başlanır. Televiziya sahəsindəki islahatlara gəldikdə, düşünürəm ki, bu məsələyə hazırlıq çoxdan başlayıb və müəyyən pilot layihələr də olub. Misal üçün, son illər ərzində Azərbaycanda Xəbər kanalının yaradılması layihəsi uğurla sınaqdan keçirilib və hazırda 2 xəbər televiziyası fəaliyyət göstərir. Daha bir istiqamət kimi, İctimai Televiziyada aparılan islahatları göstərmək olar. Qısa zaman kəsiyində yeni layihələr, yeni verilişlər, yeni təqdimat formaları efir üzü gördü. Bunları sadalamaqda məqsədim islahatların artıq çoxdan başlandığını isbatlamaqdır.


- Bəs bu islahatlar nə dərəcədə zəruridir? Yəni televiziyalarımız islahatsız keçinə bilməzdilər?


- Azərbaycan rəhbərliyinin bütün qurumlar qarşısında qoyduğu vəzifə beynəlxalq standartları nəzərə almaq, qəbul olunmuş standartlara uyğunluğu təmin etməkdir. Bu baxımdan televiziya da istisna deyil. KİV-lərin, o cümlədən televiziya sahəsinin inkişaf etdirilməsi üçün böyük məbləğdə vəsait xərclənir, dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Lakin açıq etiraf etməliyik ki, televiziyalarımızda problem kifayət qədərdir və onların da aradan qaldırılması üçün islahatlar zəruridir.

- İslahatlar dedikdə siz nəyi nəzərdə tutursunuz? Televiziya verilişlərinin hazırlanmasında, təqdimatında sizi nə qane etmir?

- Hal-hazırda televiziyalara rəhbərlik edən şəxslər tamaşaçıları cəlb etmək üçün müasir texnologiyalara müraciət edirlər. Artıq heç kimi marketinq tədqiqatları ilə təəccübləndirmək mümkün deyil. Tədqiqatların nəticələrinə əsasən tamaşaçıların hansı səpkili verilişlərə daha çox baxdığı bəlli olur və buna əsasən də televiziyaların inkişafına dair planlar qurulur, yeni layihələrlə bağlı tapşırıqlar verilir. Əsas yaradıcı yanaşma isə bundan sonra başlamalıdır. Amma təəssüflər olsun ki, əksər hallarda, yaradıcı yanaşma əvəzinə, sadəcə layihələr yamsılanır. Müxtəlif kanallarda müxtəlif aparıcıların təqdim etdiyi eyni səpkili verilişlər təqdim olunur.
Onu da qeyd edim ki, tədqiqatların özündə də primitivlik var. Tədqiqatları sifariş edənlər tamaşaçıların sayı ilə maraqlansa da, hansı tip verilişlərə cəmiyyətimizin hansı sosial təbəqəyə məxsus şəxslərin, hansı yaş kateqoriyasından olan insanların baxdığı, xarici kanallara kimlərin və hansı məqsədlə üz tutması məsələlərinin öyrənilməsini məqsəd kimi qoymurlar. Bu isə yaradıcı perspektivi müəyyənləşdirmək imkanlarını məhdudlaşdırır. Nəticədə telekanallar yaradıcılıq sahəsində uzunmüddətli inkişaf planını işləmək imkanından məhrum olurlar.

- Bəs çıxış yolu nədədir? Konkret nəsə təklif edə bilərsinizmi?


- Problem ondadır ki, hazırda əksər televiziyalar ani olaraq reytinq gətirə biləcək verilişlərə diqqət yetirirlər. Bu qəbildən olan verilişlərin əksəriyyətini isə dedi-qodu şoular təşkil edir. Lakin aparılan araşdırmalar göstərir ki, ciddi verilişlər xarici telekanallarda çox yüksək reytinq toplayır. Və hətta bizim tamaşaçılarımızın böyük hissəsi də ciddi verilişlərə xarici televiziyalarda baxırlar.


- Sizcə buna səbəb nədir ?

- Çünki bizim televiziyalarımızda hazırlanan ciddi verilişlərin əksəriyyəti qoyulan tələblərə cavab vermir. Onları hazırlaya biləcək mütəxəssislər azdır və onlara lazımı meydan verilmir. Amma vəziyyətdən çıxış yolu var. İştirak etdiyim xarici toplantılarda dəfələrlə bu mövzularda diskussiyalara qatılmışam. Sonuncu belə toplantı Həştərxanda olub. Və orada xəbərin təqdimat strategiyası və tok-şouların təşkili ilə bağlı ciddi müzakirələrimiz oldu. Sonda belə bir nəticəyə gəlindi ki, tamaşaçını ciddi xəbərlə də mavi ekran qarşısına toplamaq mümkündür. Bunun üçün sadəcə yanaşmada primitivlikdən uzaqlaşmaq lazımdır. Yəni məsələyə yaradıcı yanaşma olmalı, peşəkar kadrlardan düzgün yararlanmalı və yeni kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Bunun üçün lazımı şərait də var. Dövlət rəhbərliyi bu tələbləri nəzərə alaraq zəruri tədbirlər görür. Televiziya akademiyası yaradılıb, onun fəaliyyəti üçün vəsait ayrılır. Amma televiziya işbazlarının yarıtmaz fəaliyyəti nəticəsində bu gözəl ideya müsbət nəticə vermir.

- Yəni hər şey bu qədər sadədir?


- Sadaladıqlarım fəaliyyət strategiyasıdır. Strateji hədəflərin göstərilməsi çox vacib olduğu qədər də, kənardan həmişə sadə görünür. Amma həmin məqsədə çatmaq yolları artıq çox mərhələli taktiki gedişlərlə həyata keçirilir ki, bu haqda saatlarla danışmaq olar. Çünki bir çox xırdalıqlar var ki, hazırda Azərbaycan teleməkanında buna diqqət yetirilmir. Qısaca olaraq taktiki gedişlər haqqında belə demək olar: məqsədə çatmaq üçün mərhələli planın tutulması, lazımı kadrların cəlb edilməsi, yenilərinin yetişdirilməsi, nəhayət əhalinin arzuladığı və cəmiyyət üçün zəruri olan verilişlərin hazırlanması. Bu qədər sadə və sadə göründüyü qədər də mürəkkəb.


- “Televiziya cəmiyyətin güzgüsüdür” deyirlər. Siz bu deyimlə razısız ?


- Bizdə televiziyaların əksəriyyəti, sanki cəmiyyət qarşısında məsuliyyət hissini lazımınca dərk etmirlər. Bayağı verilişlərlə yanaşı ədəbi dil normalarına tam riayət olunmur. Aparıcıların çoxu ləhcə ilə danışır, orfoepiyanı-ədəbi tələffüsü bilmirlər və öyrənmək də istəmirlər. Şəxsən mən "televiziya tamaşaçıların tələbi nədirsə, onu əks etdirir" fikri ilə qətiyyən razı deyiləm! Demək olar, hər evdə, hər mənzildə quraşdırılan və Rusiya, Türkiyə, Avropaya istiqamətləndirilən peyk antenaları da insanların digər ölkələrin TV-lərində daha keyfiyyətli və maraqlı proqramların axtarışında olduğundan xəbər verir. Bu hal bir vətənpərvər olaraq adamı dəhşətə gətirir. Yaddan çıxarmayaq ki, bu biznes olmaqla yanaşı, həm mənəviyyat, həm də milli təhlükəsizlik məsələsidir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz