Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.
"Report" xəbər verir ki, Səbael Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov məhkəmə qarşısına çıxarılıblar.
APA-nın məlumatına görə, bu dəqiqələrdə Səbail rayon Məhkəməsində həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılır.
Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.