Bərdə rayonunun Qaratəpə kənd orta məktəbinin keçmiş dil- ədəbiyyat müəllimi Ayişə Abbasova həmin məktəbin direktoru və rayon təhsil şöbəsini məhkəməyə verib. Buna səbəb onun işdən çıxarılması olub. Lakin məktəbinin direktoru Nəzakət Əliyeva bu məsələdə onların təqsirkar olmadığını, müəllimin illərlə saxta diplomla işlədiyini qeyd edib.
Məlum olduğu kimi, Ayişə Abbasova saxta diplomla müəllim işləyən ilk insan deyil. Bugünədək onlarla, hətta bəlkə yüzlərlə belə hadisə yaşanıb. Hələ Mikayıl Cabbarovun Təhsil naziri olduğu zamanlarda ölkədə 2 minə yaxın saxta diplomlu müəllim var idi. Bunu nazir mətbuata açıqlamasında özü bildirmişdi. Maraqlıdır, Hazırda nə qədər saxta diplomlu müəllim var? Bu şəxslər necə olur ki, işin üstü açılmadan illərlə təhsil sahəsində çalışırlar? Bu cür halların qarşısını almaq üçün hansı tədbirləri görmək lazımdır?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, ən çox Müəllimlər İnstitutunun Gəncə filialında tələbələrə saxta diplomlar təşkil edilir: “Bu ali təhsil müəssisəsinin adı ilə alınıb təhsil sistemində işlədilən diplomların sayı 600-dən çoxdur. Ədalət naminə demək lazımdır ki, saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan əvvəlki faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Bunun səbəbləri müxtəlif şəkildə izah oluna bilər. 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM) sədri Məleykə Abbaszadə məsələylə bağlı ciddi rəqəmlər açıqlamışdı. O, 1992-2011-ci illər ərzində 22 min 332 nəfərin TQDK-nın (DİM) "qara baza"sına düşdüyünü və həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini bildirmişdi. Saxta diplomların ,əsasən, köçürmələrlə bağlı olduğunu da qeyd etmək lazımdır. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyənin universitetlərinə saxta yolla qəbul olur, sonra isə Azərbaycanın dövlət universitetlərində və ya rayon filiallarında birbaşa 2-ci kursa başlayırlar. Xatırladım ki, Azərbaycan Beynəlxalq Universiteti tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlara görə bağlandıqdan sonra həmin ali məktəbin diplomları qəbul olunmadı, məhkəmə prosesi hələ də bu günə kimi davam edir. Misir Mərdanovun nazirlik dövründə bir neçə müəlim işdən azad olundu. Amma məhkəmə bunları yenidən bərpa etdi”.
Kamran Əsədov vurğulayıb ki, saxta diplom məsələsi cəzasızlıqdan qaynaqlanır. O bildirib ki, bugünədək hər hansı universitet rektoru və ya nazirlikdən kiminsə mövcud səbəbə görə cəza alması ilə bağlı konkret rəsmi məlumat verilməyib: “Məhz "cəzasızlıq sindromu”na görə bu kimi hallar baş verir. Sovet dövründə Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlama İnstitutu var idi, sonradan bu institutun xarakteri dəyişilərək Azərbaycan Müəllimlər İnstitutu statusu aldı. Bu azmış kimi institutun bölgələrdə 11 filialı yaradıldı, o cümlədən də Gəncədə... Bir müddətdən sonra burda böyük korrupsiya faktları aşkarlandı, bir neçə filiallar bağlandı və belə bir mənzərə ortaya çıxdı. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzaladı və belə deyək ki, diplom istehsal edən ən böyük müəssisə fəaliyyətini dayandırdı. Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa bir xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır, institutun lisenziyası yoxdursa və ya nostrifikasiyadan keçməyibsə, saxta hesab olunur. Saxta anlayış da var ki, möhür saxtadır və ya imza saxtadır. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Amma bir məqam da var ki, bəzi hallarda Təhsil Nazirliyində Nostrifikasiya şöbəsinin təstiqi ilə də saxta diplomlar əmək bazarında istifadə olunur. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ölkənin sosial- iqtisadi sahəsində olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar əmələ gəldi. Təhsil qanununun qəbul olunması 15 ilə qədər ləngidi. Digər normativ hüquqi baza yaradılması istiqamətində lazımi iş aparılmadı. Fürsətdən istifadə olunub 70-dən artıq ali və orta təhsil müəssisələri yaradıldı və bu müəssisələrin əksəriyyəti özəl oldu. Onların hər hansı bir bazası formalaşmadı. Ona görə də qanunvericilikdə olan müəyyən boşluqlar və bu təhsil müəssisələrində saxtarkarlıq elementlərinin baş verməsinə səbəb yaratdı. Özəl ali məktəblərdə islahatlara start verilidi. Bir neçə universitet – Azərbaycan Beynəlxalq Universiteti, Təfəkkür Universiteti, Moskva Açıq Univeristeti bağlandı. Bu sahədə rasionallaşma, optimalaşma baxımında tədbirlər həyata keçirilir. Bir sıra universitetlər bağlanır, digərləri birləşir, kolleclər universitetlərin nəzdinə verilir. Bu hərəkətlilik və dəyişikliklər müəyyən vaxtlarda boşluqlar yaradır və bundan istifadə edənlər saxta diplomlar hazırlayıb kimlərəsə verirlər”.
Ekspert hesab edir ki, belə "xroniki xəstəliyi” birdən -birə aradan qaldırmaq olduqca çətindir: “Əvvəllər mətbuat, internet belə geniş səs-küy salmırdı. İndi vəziyyət fərqlidir. Burda mətbuatın rolu böyükdür. Korrupsiya, saxtakarlıq halları mətbuat tərəfindən qabardılıb, bu məsələ yüksək səviyyələrə qədər qaldırılıb. Mətbuatın rolu, ictimaiyyət təpkisi olmasa idi, bu proses hələ də çiçəklənməkdə davam edəcəkdi. Bundan başqa hesab edirəm ki, elektron baza olmalıdır. Hər bir işə götürən işçini qəbul etdikdən sonra rahatlıqla portala daxil olub verilmiş diplomun həqiqi, yoxsa saxta olduğunu yoxlamalıdır”.
Sayad Həsənli
[img=left]https://cdn.yenisabah.az/resize.php?w=0&h=0&file=image_750x422_5e9eef3f01965.jpg[/img]