Axtarış...

AMİ-nin Qazax və Gəncə filalından saxta diplom əldə ediblər – Füzulidə saxta diplomlu bağça müdirlərini kimlər müdafiə edir?



Sabiq təhsil naziri Mikayıl Cabbarov özü etiraf etmişdi ki,təhsil sistemində işləyən saxta diplomlu müəllimlərin hamısını tanıyırlar, zamanla həmin müəllimlər təhsil sistemindən uzaqlaşdırılacaqlar.
İllər ötdü, bir neçə saxta diplomlu müəllim istisna olmaqla qalanlarının təhsil sistemindən uzaqlaşdırılması baş vermədi. Həmin “müəllimlərin” taleyi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla yerlərdə rayon təhsil şöbələrinə tapşırıldı. Təhsil Nazirliyinin sabiq aparat rəhbəri Fariz Rzayev də mətbuata bildirmişdi ki, həmin şəxslərlə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli icra hakimiyyəti və təhsili idarəetmə orqanlarına tapşırılıb.
Saxta diplomlu müəllimlərə qarşı loyal olan bu münasibət bu günün özündə də davam etdirilir. Məsələ burasındadır ki, işdən çıxarılacağı qorxusu yaşayan hər bir müəllim, tərbiyəçi gözükögəli olduğundan, rəhbərliyin hətta qanunsuz tələblərini də yerinə yetirməkdən boyun qaçırmır. Elə bu və ya digər səbəblərdən hazırkı Təhsil Nazirliyinin saxta diplomlu müəllimlərə qarşı apardıqları mübarizənin səmimiliyinə artıq ictimaiyyət şübhə ilə yanaşır.
Füzuli rayonunun Aşağı və Yuxarı Kürdmahmudlu kəndlərindəki uşaq bağçalarının müdirələrinin diplomlarının qeyri-qanuni yolla əldə edilməsi ilə bağlı məqalə dərc etsək də, hələ ki, aidiyyəti qurumlar tərəfindən həmin diplomların legitimliyinin yoxlanılması tədbirləri görülməyib. Belə olan halda isə, ortaya haqlı bir sual çıxır: Saxta diplomlu bağça müdirlərinin işləməsinə kimlər göz yumur? Onların gözləri görmür, yoxsa, nəyinsə müqabilində özlərini korluğa vurublar?
Bu yazımızda sözügedən bağça müdirələrinin daşıdıqları saxta diplomların hansı ali təhsil müəssisələrindən alındığı barədə məlumatları oxucularla bölüşməyi qərara aldıq. “RealMedia.az”-ın əldə etdiyi məlumatlarda qeyd olunur ki, Yuxarı Kürdmahmudlu kənd uşaq bağçasının müdirəsi saxta sənədi ləğv olunmuş Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialından, Aşağı Kürdmahmudlu kənd bağçasının müdirəsi isə AMİ-nin Gəncə Filalındən əldə edib.
AMİ və onun filialları barədə hər kəsdə kifayət qədər məlumat var. Vaxtilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədi ilə 2000-ci ildə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutu 26 noyabr 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşuldu. AMİ-nin Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları da ADPU-nin filialları hesab olundular. Heç kəsə sirr deyil ki, AMİ-nin ləğv olunmasının əsas səbəbi institutun Gəncə və Qazax filialları tərəfindən hüquqi əsası olmadan, dövlət nümunəli olmayan diplomların verilməsi olmuşdu. Faktları o vaxtkı təhsil naziri Mikayıl Cabbarov da təsdiqləmişdi. 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində bağlanan Gəncə filialıında təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu. Qazax filialının direktoru İsa Veyisov həbs olundu. Gəncə filialının rəhbəri Ramiz Məmmədova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülmüş və o, məsuliyyətə cəlb olunmuşdu.
İnstitutunun rektoru Aqiyə Naxçıvanlı diplom saxtakarlığının qarşısınının alınması üçün məhz özü Təhsil Nazirliyinə müraciət etdiyini deyib sonradan parlamentdən deputat mandatı aldı və özünə “toxunulmazlıq” statusu qazandı. Bir müddət Ramiz Məmmədovun da məsələsi “unuduldu” və söz çıxdı ki, o, yenidən qanunsuz hərəkətlərini davam etdirməkdədir, Gürcüstanın təhsil müəssisələrindən birinin filialını yenidən Azərbaycanda açmaqla növbəti qurbanlarını “nəfsinin toru”na salmaqdadır. Nəhayət, məhkəmənin qərarına əsasən, R.Məmmədova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti təyin olundu və məhkəmə zalından azadlığa buraxıldı.
Bu müstəvidə saxtakarlığın miqyası o qədər geniş idi ki, həmin ərəfələr Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə və Qazax filialının 6 min xanım məzununun prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciətinin KİV-də yayılması da gündəmi silkələdi. Onlar saxtakarlığın qurbanı olduqlarını deyərək dövlət rəhbərliyindən mərhəmət diləyirdilər. Göründüyü kimi, AMİ və onun filiallarınının bərbad günə qalmasının səbəbkarları olmuş vəzifəli şəxslər təhsil sistemindən kənarlaşdırılsalar da layiq olduqları cəzanı almadılar. Bununla müqayisədə onların saxta sənəd verdikləri şəxslərin linç edilməsi ədalətsizlik olardı. Ancaq sabahımız hasab olunan təhsilimizi saxta diplomlu “pedaqoqlar”ın ümidinə buraxmaq olmaz. Haqqında söz açdığımız bağça müdirələrinin də vəzifədən alınmaları yetər. Görünən odur ki, himayədarları var.

P.S. İki gün öncə sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılmışdır.
Apardığı araşdırmalar zamanı Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb.
Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.
Ümid edirik ki, TN-yi adlarını yuxarıda qeyd etdiyimiz uşaq bağçalarının müdirlərinin diplomlarının yoxlanılmasına qərar verəcək və həmin şəxslərin də işdən çıxarılması üçün gərəkli tapşırıqlar verəcəkdir. Çünki cəmiyyətimizin bu cür “pedaqoqlar”a ehtiyac yoxdur.
Mövzuya qayıdacağıq.
RealMedia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz