Axtarış...

Jurnalist Leman Məmmədova: Astara RTŞ sədri Rəşad Həsənovu tənqid edəndən sonra onun adamları tərəfindən təhdidlərə məruz qaldım



“500 manat rüşvətlə qabaq olmuşdularsa, 500 dəfə də biabır oldular… “

-Salam. Leman Məmmədova, necəsiz?

-Çox sağ olun, pis deyiləm.

-Sosial media sizi bu yaxınlarda gündəmə bomba kimi düşən bir iddia ilə tanıdı. Biz jurnalistlər də məsələdən xəbər tutan kimi dərhal sizinlə əlaqə yaradıb, hadisənin detallarını öyrənmək istədik. Amma, əlaqə nömrənizi tapa bilmədik, feysbuk profilinizə yazılan mesajlarımıza da cavab gəlmədi. Oxucuları bir az intizarda qoyub öncə sizin özünüzü tanısaq, pis olmaz…

-Sosial media məni bu yaxınlarda tanısa da, mən bildiyiniz kimi, yazılı və elekton mətbuatda çoxdan çalışıram.

-Sizin barədə yalnız bu qədərini öyrənə bildik ki, xeberler.com-un əməkdaşı olmusuz. İxtisanız nədir?

-Mən BDU-nun jurnalistikasını bitirmişəm. Daha çox korrektor, redaktor sahələrində çalışmışam. Keçən ilə qədər Hüquq məsləhətxanasında çalışmışam.

-Leman xanım, feysbukdakı profilinizdə olan şəkil sizə aid deyil. Çünki, vatsapınızdakı şəkildə tamam başqa birisi olduğunuz görünür. Soyadınız da məlum oldu ki, realdakından fərqlidir. Nömrənizi də çətinliklə əldə etdik. Sual ortaya çıxır: niyə kamuflaj edirsiz, yaxud gizlənirsiz?

-Kamuflaj deyəndə ki, əvvəla, Azərbaycanda xanımların böyük hissəsi onsuz da publikaya açıq şəkil qoymurlar və hətta bəzən tamam başqa adlarla profil açırlar. Bu isə heç də kamuflaj deyil, sadəcə bəzi səbəblərdən xanımlarımız özünü yetərincə rahat hiss etmirlər internetdə. Mən də beləyəm.

-Amma, Leman xanım, ictimai fəaliyyətlə, ya da jurnalistika ilə məşğul olanlar gərək öz adlarından istifadə etsinlər. Fərqindəsizmi ki, təhsillə bağlı yazdığınız son statusdan sonra bir çoxları sizin feyk profil olduğunuzu irəli sürdü və buna bəziləri də təbii ki inandı.

-Bu, heç də məni narahat etmir… Onsuz da inanmaq istəyən inanacaq, istəməyən də bəhanə tapacaqdır. Guya ki, mən öz şəklimi qoysaydım, yaltaq insanlar başqa bəhanə tapmayacaqdılar ki?... Bu səfər də deyəcəkdilər ki, qərəzliyəm, böhtan atıram. Şəkil qoymayanda deyirlər feyksən, qoyanda da deyirlər böhtançısan…Qaldı ki, mənim kim olmağımdan daha önəmli olan nə deməyimdir. Mən, hətta feyk profil olsaydım da, dediyim söz araşdırılmalı idi. Zatən gördüyünüz kimi, direktor və təhsil idarəsi də məcbur qalıb reaksiya verməli oldu və iddiamı ciddiyə almalı oldu. Deməli feyk olmadığımı, doğru dediyimi özləri də etiraf edirlər…Yəni, Aynur Əskərova özü profil açıb bu iddianı özü də səsləndirə bilərdi. Fərqi nədir, özü bunu etsin, ya başqası…Əsas odur ki, ortada rüşvət və dələduzluq var…

-Gələk iddianıza. Siz bir neçə gün öncə profilinizdə və qruplarda iddia etdiz ki, Astara RTŞ sədri və direktoru (Şüvi məktəbi) Rinat Fərzəliyev rüşvət alıblar, üstəlik verdiyi vədə əməl etməyiblər. Söhbət bir müəllimdən alınan rüşvətdən gedir. Lakin, bunu iddia edəndən bir neçə gün sonra qəribə hadisələr baş verdi: statusunuz yoxa çıxdı və profilinizin geri qaytarıldığı barədə elan paylaşıldı…

-Normal ağla sahib hər kəs gözəl başa düşür ki, əslində nə baş verdi. Məlum sərt tənqidi yazıdan sonra Astara RTŞ-si ilə əlaqəli və ya yaltaqlanan insanlar tərəfindən təhdidlər aldım. Onlar məndən tələb edirdilər ki, bu paylaşımı silim, əks halda başıma pis şeylər gələcək…. Bu iddiaları ciddiyə almadım. Lakin bir gün sonra bacımın işlətdiyi, adıma olan nömrəyə naməlum zənglər gəlməyə başladı. Daha sonra isə profilimin ələ keçirilmək istəndiyini duydum. Proqramist dostlarla məsləhətləşdim, lakin deyəsən artıq gec idi, profilimin hansısa boşluğunu və ya gizli bir məlumatı ələ keçirməklə profilim oğurlandı… Sonra da Astara RTŞ barədə yazdığım paylaşımlar silindi, hətta yalançı bir üzr məktubu yayınlandı, bir çox səhifədə və Astara qruplarında paylaşıldı, iz itirmək üçün guya profilimin geri qaytarıldığı yazıldı. Dostlar məsləhət gördülər ki, təzə profil açım, lakin proqramistlər profili geri qaytarmağa çalışdılar və feysbuk adminstrasiya ilə yazışmalardan sonra bu mümkün oldu. İndisə silinən paylaşımları geri qaytarmağa çalışıram. Ən pisi isə odur ki, mənə aid olan bank kartının nömrəsini ya da şəxsi bilgiləri istifadə edib ləyaqətsiz işlər görə bilərlər. Ola bilsin ki, polisə müraciət etməli olacam.

-Amma bəziləri isə iddia etdilər ki, siz sadəcə təzyiqlərdən çəkindiyiniz üçün həmin paylaşımı elə özünüz silmisiz... Nədənsə çəkinirsiz?... Astarada qohumlarınız var?

-Astarada bəli qohumlarım var. Bəli, etiraf edim ki, onlar da bu hadisədən sonra mesaj yazıb çox irəli getdiyimi dedilər. Hansı ki sözügedən məlumatı elə onlar mənə vermişdilər. Orda məktəbdə çalışan müəllimə qohumum dəfələrlə mənə deyib ki, Astarada məktəblərdə bazar açıblar, dərs satını pulla satırlar, yəni uşaqların gələcəyini qumara qoyublar… Lakin məsələni gündəmə gətirməyimdən sonra indi də mənə deyir ki, Leman, çox irəli getmisən….

Amma, bu o demək deyil ki, mən çəkinirəm. Sadəcə olaraq, bizim cəmiyyətdə belə bir səhv düşüncə var; başını aşağı sal, öz işinlə məşğul ol. Halbuki, haqsızlıqlara etiraz etmək hər kəsin insanlıq, vicdan borcudur. Bu gün başqasına qarşı edilənə səs çıxarmasaq, sabah qurban özümüz olacağıq… Düzdü, mən də ziyan çəkdim, profilimi pis vəziyyətə saldılar, şəxsi bilgilərimi ələ keçirdilər, hətta çoxları hələ də elə bilir ki profilim qaytarılmayıb, amma olsun, buna dəyərdi.

-Leman xanım, sizcə yazdığınız o status çox sərt deyildimi? Yəni, orda siz tənqid sərhədlərini keçdiz məncə…

-Sadəcə olaraq özüm də sonradan gördüm ki, həqiqətən çox sərt yazmışam. Daha konstruktiv şəkildə də yaza bilərdim. Amma, əsas odur ki, dediklərim düz idi, sonradan da göründüyü kimi… Qohumlarımın dediyinə görə, həmin müəllimə ilə Rəşad Həsənovgil dərhal əlaqə saxlayıb və ona “kişi sözü” veriblər ki, şikayət verməsin, gələn il vəziyyət düzələcək… Deməli, bir insana kömək etmiş oldum.

-İnanırsız ki, sözlərinin üstündə qalacaqlar?..

-Hər halda ən azından haqsızlığı ifşa etdim və Rəşad Həsənov və direktoru biabır oldu… 500 manat rüşvətlə qabaq olmuşdularsa, 500 dəfə də biabır oldular…

Söhbətləşdi: Rasim Əlizadə
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz