Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı N saylı hərbi hissədə karantində saxlanılan şəxslərin şikayəti var. Orada baş verənlər haqqında mətbuata danışan şəxslər deyirlər ki, artıq 15-16 gündür karantin rejimində saxlanılırlar. İndi isə onlara deyilib ki, Bakıya qayıtdıqdan sonra da təxminən o qədər “Atletlər kəndi” adlanan ərazidə karantin rejimi keçəcəklər.
DİA.AZ bildirir ki, təhlükəsizliyi səbəbindən adı açıqlanmayan mənbə deyib ki, saxlanma şəraitləri barədə danışmaq qəti qadağan olunub: “Buranı Hitlerin yahudiləri saxladığı kamplarla müqayisə edirik. Mən gələndə sağlam idim. İndi məndə öskürək, halsızlıq, boğaz ağrısı, hər nə desəniz var. Baxan, maraqlanan yoxdur. Hamı eyni yerdə, xəstəliyi varsa da, bir-birinə bulaşdırmaqla yaşayır. Dərdin, xəstəliyin nə olursa olsun, “Paracetamol”dan başqa heç nə vermirlər”.
Yenə də təhlükəsizlik səbəbindən adı açıqlanmayan başqa bir mənbə isə deyir ki, martın 26-27-dən hərbi hissədə olanları artıq Bakıya aparıblar: “Bakıya çatanda hamısının pasportunu alıblar, özlərini də aparıblar Atletlər kəndinə. Orada deyiblər ki, Naxçıvanda qaldığınız karantin sayılmır. Hələ 14 gün də burada qalmalısınız. Burada təkcə tələbələr deyil, ailələr də var. Binanın 3-cü mərtəbəsində qadınlar saxlanılır. Tez-tez qadınlar arasında sudurğa keçirən, ürəyi gedən olur. Əhəmiyyət verən, normal münasibət göstərən yoxdur. 17 gündür burdayam. Deyirlər, Bakı təyyarə göndərmir. Nə zaman göndərsə, onda da gedəcəksiz. Yəni, lap 1 ay da burda qalsaq, Bakıya çatan kimi yenidən karantinə alınacağıq”.
Mənbənin sözlərinə görə, indiyədək kim vəziyyətdən şıkayət edibsə, təzyiqlə üzləşib: “Burdakı problemləri kim işıqlandırıbsa, tapıb döyüblər, işgəncə veriblər. Neçə tələbəni aparıb günlərlə zirzəmidə saxladılar, döydülər. Ona görə də çoxu qorxusundan səsini çıxarmır. Amma vəziyyətimiz elədir ki, dözmək olmur, belə yaşamaq adama ağır gəlir”.