Əslində, hökumət fövqəladə vəziyyət( FV) elan edib, bütün əlamətləri ilə ölkədəki durum getdikcə fövqəladə vəziyyətə doğru gedir. Amma, fəqət və lakin hökumətin bütün xəbərdarlıqlarına rəğmən tətbiq edilən yasaqlar bəziləri üçün havadan asılı qalır. Hər gün ölkəmizdə koronavirusa yoluxanların sayı artır və bu, həm də xaricdən gələnlər deyil, burada yaşayanların bir bir- birinə yoluxdurmasıdır. Bu, ən pis variant idi və təəssüf ki, baş verməkdə, hətta artmaqdadır. Əgər bu yoluxma zənciri durdurulmasa, ölkəmiz böyük bir risk altına girmiş olacaq.
Baxırsan, televiziyalar milli həmrəylikdən danışırlar, amma bəzi «həmrəylər» camaatın həyatına risk yaratmaqla məşğuldurlar. Hələ ki, dünya alimlərinin dərman tapmadılar mərəzin qarşısında fing atdıqlarını zənn edirlər. Allah uzaq eləsin, sabah bu virusu evlərinə gətirib yaxınlarına yoluxduranlar, onları həyatdan qoparanlar sonra necə yaşayacaqlar, necə «qürrələnəcəklər»… Məsuliyyət hissini itirmək, etinasızlıq , nə soyuqqanlılıq deyil, nə qəhrəmanlıq. Sabah FV vəziyyət deyil, düşmənə qarşı ümumilli səfərbərlik elan olunsa, hələ bilmək olmaz bəzi özündən razılar evlərindəki sandıqlardan neçə xəstəlik kağızı çıxaracaqlar. Ağır sözlər oldu, eləmi? Bəs, təkcə özlərini, yaxınlarını deyil, heç tanımadığı, bir daha bəlkə rastlaşmayacağı bir nəfərin(ondan daha bir neçə nəfəri yoluxma riskini nəzərə almadan)həyatını risk altına qoymaq ağır suç deyilmi? Biz niyə bu qədər etinasız, sabahımız baltalayan adamlar olmalıyıq ki?
Baxın italiyalılara: məsuliyyətsizliyi, «bizə heç nə olmaz» deyib hökumətlərinin xəstəliyi qabaqlayıcı qadağalarını iqnoq edənlərin acı aqibətinə. 8 min ölü! Azərbaycanın bir qəsəbəsi qədər itki! Mən niyə bu müqayisələr edəndə Azərbaycanın adını tez-tez çəkirəm? Çünki bu «qəhrəmanlar»bəlkə özlərinə yığışın deyə…
Küçəyə çıxmağa 65 yaş yasağı var. Sosial-təminat şöbələri evlərinə kimi gəlib tənhaların ehtiyaclarını da ödəyir. Amma sanki hökumət deyib ki, sizin evinizi əlindən alırıq, bəziləri elə bil acığa küçəyə çıxır. Özü də nə qoruyucu maska taxırlar, nə əlcək. İki gün əvvəl birini marketdə qəsdən izlədim. Bütün marketi gəzib, bəzi məhsulları əlləşdirib, axırda da uşaq üçün bir ədəd 50 qəpiklik şirə aldı. Qarşısını kəsib bu el ağsaqqalına nə deyəsən axı… Bu qədər xəbərdarlıqlara rəğmən bu ağsaqqalın etdiyinə nə ad verəsən?
Hələ universitetdə oxuduğunu vaxt şəhər uşaqlarının hər gün öpüşmələrinə lağ edərdik. Rayon uşaqlarına bu, bir az da əcaib, bir az da əyləncəli gələrdi. Kişi hər gün gördüyü kişini də öpərmi siz Allah? Bakıda indi də qalır o pis xüsusiyyət. Baxırsan ki, məktəblidirlər, təkcə yaşıdları ilə deyil, özlərindən yaşca böyükləri görəndə də boyunlarına salırlar. Ayıb bir iş…Vallah, biz dustaq olan dostumuzu ziyarət edəndən başqa çöldə bir-birimizi hər gün öpdüyümüz yaş dövrümüz heç olmadı. Dostluğumuz da əskilmədi.
İndi baxıram, hətta bəziləri bütün dünyanın bağırdığı yasaqları sanki qəsdən, həm də ictimai yerlərdə pozurlar. Özlərini heç bir xəstəlikdən qorxmurlarmış kimi göstərib öpüşürlər. İkrah doğuran bir iş, belə etməyin, heç xəstəlik olmasa da etməyin…
Bakı qeydiyyatı olmayanların müvəqqəti paytaxta gəlmək yasağı var. Bəziləri, vallah gülməlidir e, lap partizan kimi paytaxta gizli yollarla, az qala kanalizasiya tunellər ilə gəlməyə çalışır. Nəyə, niyə axı? Bakıda yel əsib, qoz tökülüb? Oturun rayonunuzda, ata-ananızın yanında. Sonra gələrsiz də, bu şəhərə. Başımızdakı bu bəla sizə azmı gəlir? Əgər hökumət sərt üzünü göstərsə, qadağaları pozanları həbsə salsa-hansı ki, bir çox Avropa ölkələri buna məcbur oldu-o zaman necə olacaq?
Hökumət sözçüsü İbrahim Məmmədov dünən axşam dövlət televiziyasında çıxışında xeyli narahat görünürdü. Bu təkcə işin çoxluğundan yaranmış gərginliyə oxşamırdı. Onun dediklərinə gözünüzü açıb bir daha diqqət edin: «Məsələnin qorxulu tərəfi ondadır ki, yoluxmaların sürəti sağalmanın sürətini üstələyir. Azərbaycanda hazırda xəstəliyə yoluxanların sayı 104 nəfərdir və bu, bizim ölkəmiz üçün rekord göstəricidir:
Bir gün ərzində xəstəliyə yoluxanların sayında da artım oldu. Bu gün(dünən) 29 nəfərdə virus aşkarlandı. Lakin məsələnin qorxulu tərəfi ondadır ki, yoluxmaların sürəti sağalmanın sürətini üstələyir. İndiyə qədər 122 nəfər yoluxub, amma cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Orada da yoluxma həndəsi silsilə ilə gedirdi. Ona görə də İspaniyanın səhiyyə sistemi bunun öhdəsindən gələ bilmədi. Buna görə də biz buna getməməliyik.
Xüsusi karantin rejimi məcburiyyət, cərimələr tətbiq etməyə imkan verir. Amma hələ ki, bunu etmək istəmirlər. Ümid olunur ki, insanlar özlərinin olmasa da, övladlarının qarşısında fərdi məsuliyyətlərini başa düşəcəklər. Əgər bu xəstəlik ölkə daxilində genişmiqyaslı bir epidemiya səviyyəsinə çatarsa, biz bunun altından çıxa bilməyəcəyik. Ümid olunur ki, bu gün tətbiq edilən qaydalara əməl edilsə, bunun qarşısı alına bilər. Amma karantinin üç günü göstərdi ki, insanlar buna əməl etmək istəmirlər”.
Bir az ağlı başında olan vətəndaş üçün bu dünən gecə rahat yatmamaq demək olmalıdır. Amma məncə, bu vəziyyəti nəzarət altına almaq üçün ya qadağaları sərtləşdirmək, ya da ölkədə FV rejimi tətbiq etməyin vaxtıdır…
Sonra doğurdan da gec ola bilər…
Musavat. com