Gürcüstanda son bir ay ərzində H1N1 (donuz qripi) virusundan ölənlərin sayı 13 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu haqda “Rustavi” telekanalı məlumat yayıb.
“H1N1 virusunun yayılması ilə əlaqədar bütün iri klinikalar karantin elan edib. Tibbi müəssisələr fövqəladə rejimdə fəaliyyət göstərir. Son məlumata görə, laboratoriya H1N1 virusuna 162 yoluxma faktını təsdiqləyib, 13 vətəndaş həyatını itirib, laborator müayinələrdə hələlik 10 nəfərin “donuz qripi”ndən öldüyü təsdiqini tapıb”, - deyə telekanalın saytında qeyd olunur.
Yerli KİV və sosial şəbəkələrdə gündəlik olaraq yeni virus qurbanları ilə bağlı məlumatlar çıxır. Səhiyyə Nazirliyi ölüm hallarına başlıca olaraq pasiyentlərin xroniki xəstəliklər və qripə yoluxduqdan sonra vaxtında həkimlərə müraciət etməməsini səbəb göstərir.
Nazirlik bütün vətəndaşları ailəvi şəkildə mövsümi vaksinasiyaya və gigiyena qaydalarına əməl etməyə, qrip simptomları aşkar olunan kimi xəstəxanaya üz tutmağa çağırır.