Axtarış...

"Bank Standart"-a 4.5 milyon borcu olan Xaləddin Hüseynov kimdir? - Deputatlığa namizəd...



Sabiq İqtisadiyyat naziri Heydər Babayevə məxsus olan, 2016-cı ilin oktyabr ayında rəsmən ləğv edilən "Bank Standart" yenidən gündəmə gəlib.

Qlobal.az xəbər verir ki, ötən gün "Azpolitika.info" saytınını məlumatına görə "Bank Standart"-ın müflisləşməsində 1 milyard manatdan çox vəsaitin müxtəlif fiziki və hüquqi şəxslərin adına kredit şəklində götürülərək, qaytarılmaması olub. Mənimsənilən vəsaitlərin əsas hissəsi isə dövlətin, Mərkəzi Bankın, SOCAR-ın vəsaitləri, eləcə də sıravi vətəndaşların əmanətlərindən ibarət olub. Bankın vəsaitlərinin mühüm hissəsi faizsiz və girovsuz kreditlər formasında talanıb.

Saytın məlumatına görə ötən ilin sonlarında «Bank Standard»ın Kreditorlar Komitəsinin sədri Şahin Əhmədov açıqlamasında bankın çökməsində əsas yer tutan şəxs və şirkətlərin sayı 153 olduğunu qeyd edib: "Mən Apellyasiya Məhkəməsinə müraciət etdim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır”.

Maraqlıdır ki, bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) rəhbərliyi banka borclu olan şəxs və firmaların adlarını konfidinsial məlumat olduğunu əsas gətirərək, açıqlama verməyib...

Sayt bankın borcluları arasında adı geniş ictimaiyyətə məlum olmayan çoxsaylı şirkət və fiziki şəxslərin bir neçəsinin adını qeyd edib. Adları qeyd olunan şəxslərin arasında Hüseynov Xaləddin Rəşid oğlunun da adı çəkilir. Onun 4 milyon 500 min manat borcu qaytarmadığı iddia edilir.
"Bank Standart"-a 4.5 milyon borcu olan Xaləddin Hüseynov kimdir? - Deputatlığa namizəd...
Xaləddin Hüseynov
Qlobal.az "Bank Standart"-a 4 milyon 500 min manat borcu olduğu deyilən Hüseynov Xaləddin Rəşid oğlu barəsində ilginc məlumatlar əldə edib.

Deputatlığa namizəd, 62 yaşlı tələbə...

Məlumata görə əslən Füzuli rayonundan olan Xaləddin Hüseynov bu ilin fevral ayının 9-da ölkədə keçirilən parlament seçkilərində 84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd olub.

Deputatlığa namizəd Xaləddin Hüseynovun bu məqsədlə "525-ci qəzet"-ə verdiyi müsahibədə bir sıra maraqlı faktlar yer alır.

Belə ki, müsahibəsində X. Hüseynov 2006-2011-ci illərdə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində təhsil aldığını, 2017-ci ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəinə daxil olduğunu, təhsilini davam etdirdiyini qeyd edir. Müsahibəsində həmçinin, o, 2017-ci ilə qədər sahibkarlıqla məşğul olduğunu vurğulayaraq, hazırda işsiz olduğunu deyir: "Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün evlər, Ağcabədi rayonunda məcburi köçkünlər üçün yeni qəsəbə, Bərdə rayonunda məcburi köçkünlər üçün qəsəbə, Mingəçevir şəhərində məcburi köçkünlər üçün yeni qəsəbənin inşası, Yevlax rayonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inzibati binası, "Şamaxinka" deyilən ərazidə yeraltı və yerüstü yol qovşağı, Yardımlının dağ ətəyi kəndindən rayon mərkəzinə içməli suyun çəkilişi, həmin rayonda Heydər parkının yenidən qurulması, Yardımlı şəhərinin mərkəzində yol infrastrukurunun çəkilişi, Ağdam rayonunda məcburi köçkünlər üçün qəsəbənin tikintisi, Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsinin abadlaşdırılması və yol qovşağının rekonstruksiyası, keçmiş Xanlar rayonunda (indiki Göygöl) Heydər Əliyev ev muzeyinin tikintisi, Göygöldə Heydər Əliyev ev muzeyinin yanındakı gediş-gəliş yolunun yenidən inşası və evlərin dam örtüyünün abadlaşdırılması, İlisu kəndindən Qax rayon mərkəzinə içməli suyun çəkilişi, Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində olan yeraltı yol qovşağının tikintisi. Çoxlu sayda belə layihələri həyata keçirmişik və onların hər birində cənab Prezident İlham Əliyev iştirak edib və açılış lentini kəsib. Görünən işin keyfiyyətinə görə də razı qaldığını bildirib".

"Bağırov tuneli"nin tavanı niyə çökdü?

Keyfiyyətli iş gördüyünü müsahibəsində vurğulayan, hətta buna görə cənab Prezidentin razı qaldığını söyləyən keçmiş sahibkarın paytaxtda gördüyü bir sıra işlər barəsində Qlobal.az ilginc məlumat əldə edib.

Məlumata görə Xaləddin Hüseynov keçmiş Nəqliyyat naziri Ziya Məmmədova yaxın iş adamlarından olub. Ziya Məmmədov Nəqliyyat Naziri olduğu dövrlərdə bir sıra iri layihələrin icrasını Xaləddin Hüseynova həvalə edib. Bu layihələrin sırasında Bakı şəhərinin yol infrastrukturunda yenilənməsi istiqamətində inşa edilən yerüstü və yeraltı keçidlər xüsusi yer tutub.

Məsələn, sayta verilən məlumata görə Bakının Təbriz küçəsində, Ziya Bünyadov (Dərnəgül) və Heydər Əliyev prospektlərindəki yeraltı və yerüstü keçid və qovşaqların üzlənməsi zamanı istifadə olunan fasad örtüklərinin (alkopan) əksəriyyəti texniki standartlara cavab verməyən Çin istehsalı olub. Ancaq bu materialların rəsmi sənədlərdə Türkiyə istehsalı olan materiallar kimi sənədləşdirildiyi və buna görə də dövlətdən külli miqdarda vəsaitlərin xərcləndiyi deyilir.

Məlumata görə Xaləddin Hüseynovun Heydər Əliyev prospektində - "Bağırov tuneli"nin genişləndirilməsi və təmiri zamanı dövlətə daha ciddi ziyan dəyib. Belə ki, tunelin təmiri və genişləndirilməsi zamanı tunelin tavan hissəsi də alkopan üzlüklə yenilənib. Ancaq Çin istehsallı olan bu üzlüklər çox keyfiyyətsiz olduğuna və montajın standartlara uyğun aparılmadığına görə tavan qısa zaman sonra çöküb. Sonradan tavanın təmiri üçün dəfələrlə dövlətdən əlavə külli miqdarda vəsaitlər ayrılıb. Lakin ayrılan vəsaitlər də problemin aradan qaldırılmasına xərclənməyib. Bundan bir müddət sonra isə dövlətin yüz minlərlə manat xərc çəkdiyi iş tamamilə sökülərək ləğv edilib.

Qarşı tərəf mövqeyini sərgiləyə bilər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz