Axtarış...

"Heç görüşüb, bizi qəbul etmək, bu problemi yoluna qoymaq istəmir..." - NARAZILIQ...

"Heç görüşüb, bizi qəbul etmək, bu problemi yoluna qoymaq istəmir..." - NARAZILIQ...

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanova məxsusluğu deyilən "Azəryol-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeçiliyində aylarla işləyən, lakin indiyədək əmək haqqlarını ala bilməyən bir qrup şəxs tərəfindən araz.az saytına məktub daxil olub. Narazı həmin vətəndaşlar mətbuat vasitəsi ilə ölkə başçısına və Birinci vitse-prezidentə şikayət xarakterli müraciət ünvanlayıblar.

Ağdaş rayon sakinləri Ramis Piriyev, Rüfət Manafov, Mustafa Hüseynov, Səməd Həbişov, Seymur İsmayılov, Valeh Məmmədov, Anar Rəhimov, Lalə İsmayılova, Sərxan Sərxanlı, Ayaz Mirəddinov, Nurlan Paşayev, eləcə də Qəbələdən olan Polad Xasıyev imzaladıqları həmin şikayət məktubunda qeyd edirlər ki, onlar Ləki -- Qəbələ dəmiryolu xəttinin tikintisini həyata keçirən "Azəryol-Tikinti" MMC-nin tabeçiliyində fəhlə, mühafizəçi və digər bu kimi vəzifələrdə çalışıblar: "MMC rəhbəri Azər Hüseynov bizi olduqca ağır açıq hava şəraitində 4 ay qul kimi işlətsə də, xeyli vaxtdır əmək haqqımızı vermək istəmir. Bizi aldadıb, aradan çıxan bu şəxsin bir ara dedikləri, deyəsən, doğru çıxır. Vaxtilə, o, biz şikayətçilərə deyirdi ki, şikayət edəcəyimiz istənilən dövlət orqanında onu müdafiə edəcəklər. Belə çıxır ki, doğrudan da, Azər Hüseynov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun əlaltısıdır.
Azər Hüseynov onu da deyirdi ki, guya, başının üstündə duran böyük adam ona pul verilmir deyə, o da, bizə pul vermir. Biz indi çıxılmaz vəziyyətdəyik. Axı, insaf və vicdan yaxşı şeydir; Qul kimi işlədiyimiz zaman, ümidli olduğumuzdan, maqazinlərdən gündəlik ərzağımızla bərabər, çörəyimizi belə borca almışıq. İndi üst-üstə yığılan borcumuza görə, biabır olmuşuq. Halal zəhmətimizlə qazandığımız pulumuzu ala bilmədiyimiz üçün, ailəmizi də dolandıra bilmirik. Deputatın yaxın adamı, bizi aldatmaqla, daha ac və yoxsul bir durumla üz-üzə qoyub.
Onu da qeyd etmək istərdik ki, Ləki-Qəbələ dəmiryolu xəttinin tikintisinin aparılmasına görə keçirilən tenderi "Azəryol -- Tikinti" MMC-nin udması da, təsadüfi olmayıb. Görünən odur ki, MMC rəhbəri Azər Hüseynovun sözündə həqiqət var. Onu Cavid Qurbanov himayə etdiyindən, o, bu tenderin qalibi olub. Bu səbəbdən, fəhlələri qul kimi işlədib, əmək haqqlarını mənimsəməsi heç vecinə deyil. Əməlində açıq-aşkar cinayət tərkibi olsa da, hüquq-mühafizə orqanları bunu araşdırıb, onu həbs etmək istəmirlər. Elə, Cavid Qurbanovun himayəsində olduğu üçün, Azər Hüseynovun dələduz əməlləri barədə Qəbələ və Ağdaş rayon prokurorluğuna verdiyimiz şikayət ərizələrinə bu günədək baxan yoxdur. Çoxsaylı müraciətlərimizin indiyədək heç bir nəticəsinin olmaması onu göstərir ki, Aər Hüseynov barəsində, bundan sonra da, qanun çərçivəsində tədbir görən tapılmayacaq.
Artıq nə edəcəyimizi bilmirik. Ümidimiz göydə Böyük Allaha və yerdə ölkə başçısınadır. Mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb, onlardan xahiş edirik ki, özünü "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun yaxın adamı kimi təqdim edərək, bizi qul kimi işlədib, əmək haqqlarımızı qorxub-cəkinmədən mənimsəyən "Azəryol -- Tikinti" MMC-nin cinayətkar rəhbəri Azər Həsən oğlu Hüseynov barəsində qanuni tədbirlər görülməsinə öz ciddi göstərişlərini versinlər!".
Redaksiyamızın əməkdaşları şikayət məktubunda adları keçən bəzi şəxslərlə əlaqə saxlayaraq, onların problemləri barədə daha ətraflı məlumat əldə etmək istəyiblər. Şikayətçilərin əməkdaşlarımıza söylədikləri daha qanqaraldıcı təsir bağışlayıb: "Halal maaşlarımızı vermək istəmirlər. Bu müəssisənin hesabında yetərli maliyyə olmasaydı, yenə, dərd yarıydı. Deyərdik ki, 20 nəfərə yaxın işçinin bu boyda pullarını verməkdə çətinlik çəkir. Axı, belə deyil! Digər rəhbər şəxslərinin üstlərinə getdikdə, müxtəlif bəhanələrlə bizi geri qaytarıblar. Bu, əsl vicdansızlıqdır!
Çox vaxt, hətta demişik ki, hamısını bir dəfəyə ödəyə bilmirlərsə, heç olmasa, hissə-hissə ödəsinlər. Bu təklifimizə belə məhəl qoymayıblar. Belə bir saymazliğın olduqca pis nəticəsi göz qabağındadır; Ailə üzvlərimizlə bərabər, aclıq içində yaşamağa məhkum edilmişik. Bunu onlar da aydın görüblər. Lakin daşürək olduqlarından, mərhəmət hissləri onları şilkələməyib, sanki insan taleyi onları maraqlandırmır və dünya veclərinə deyil. Başa düşmürlər ki, biz kimdənsə sədəqə istəmirik, öz əməkhaqqımızı tələb edirik. İnsanla insan kimi rəftar etsinlər, bizi süründürməsinlər, pulumuzu versinlər".
Əməkdaşımızla telefon əlaqəsndə olan etirazçıların dediklərindən o da məlum olub ki, MMC rəhbəri Azər Hüseynov onlardan sonra işə cəlb etdiyi şəxslərin pullarını verir, amma onları yada salmır: "Heç görüşüb, bizi qəbul etmək, bu problemi yoluna qoymaq istəmir. Hətta, Azər Hüseynov telefonlarını da söndürüb. Heç bir nömrəsinə zəng çatmır. Bu məsələyə aydınlıq gətirilməsindən ötrü biz hara gedək, bilmirik?!".
araz.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz