Ötən sayımızda məcburi köçkün Cəlil Səfərovun şikayətinə istinad edərək Ağcabədi rayonunun bütün rəsmi strukturlarını şübhəli yolla aldığı II qrup Qarabağ əlili vəsiqəsi ilə gözükölgəli edən Arzu Həsənovun kimliyi barədə məlumat vermişdik. Eləcə də bu məlumatları onun vaxtilə komandiri olmuş II qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Tofiq Cəfərovla görüşərək Arzu Həsənovun kimliyi barədə onun müsahibəsini götürdüm. Müsahibədə elə məqamlar var idi ki, onun ciddi araşdırılmasına ehtiyac var. Lakin Tofiq Cəfərovun dedikləri həqiqətən də ciddi məsələdir və bütün qaranlıq məqamlara işıq salandır.
Bunlar öz yerində. Amma Ağcabədidə ezamiyyədə olarkən rayon sakinləri bildirdilər ki, sən demə keçmiş başçı Şahin Məmmədovun qılığına girərək rayonda at oynadan Arzu Həsənov indi də İH başçısı Rafil Hüseynovun ətrafında özünə yaxşıca məkan tapıb. Bu isə düşünməyə əsas verir ki, deməli, rayon rəhbərləri və məsul şəxslərin ya Arzu Həsənovun yanında nəsə kölgəli əməli var, ya da…
T.Cəfərovun Arzu Həsənov haqqında söylədiklərinə bir daha diqqət kəsilək:
- Bəli, doğrudan da mən Yevlaxda hərbi polisin rəisi olarkən Arzu Həsənov mənim əsgərim olub. Onu sizə dəqiq deyə bilərəm ki, o, məndən əvvəl də, mənim əsgərim olanda da və məndən sonra da heç bir döyüşdə iştirak etməyib. Məlumat üçün qeyd edim ki, 1993-cü ilin 4 iyul qiyamında biz hərbi polis olaraq Surət Hüseynovun özünü və adamlarını tərksilah etmək üçün Yevlax Yun zavoduna daxil olduq. Surət özü həmin anda orda olmadı, amma onun silahdaşlarını tərksilah etdik. Lakin Gəncədən əlavə gələn qüvvələrin sayəsində biz işimizi axıra qədər yerinə yetirə bilmədik və Surət Hüseynovun əmri ilə bizi girov götürdülər. Hadisənin belə cərəyan etdiyini görən Arzu Həsənov fərarilik edərək, oradan qaçdı. Sonralar onu fərari kimi axtarışa vermişdilər. Məlum oldu ki, Arzu Həsənov Rusiyaya qaçıb. 10 il orada qalandan sonra Azərbaycana qayıtdı. Sonra hansı yollasa, II qrup Qarabağ əlili kimi sənəd əldə elədi. Mən onun komandiri kimi deyə bilərəm ki, Arzu Həsənov heç vaxt Qarabağ döyüşlərində iştirak etməyib…
***
Beləliklə, rəsmi dövlət qurumlarına göndərilən rəsmi sorğuya cavab alanadək gözləyək. Bax onda qaranlıqlara deyil, zilqaranlıqlara işıq salınacaq. Çünki Arzu Həsənovun bəzi qanunazidd hərəkətlərindən canı boğazına yığılan Ağcabədi sakinlərindən artıq 3-cü şikayətdir ki, alırıq…
Bizi izləyin. //tezadlar.az//