Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi türkiyəli yazıçı-dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını teatrsevərlər üçün təqdim edib.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri rejissor Günay Səttarın quruluşu əsasında nümayiş olunub. Tamaşanın musiqi bəstəsi Amid Qasımova və Mələk Vəlizadəyə, səhnə dizaynı Əməkdar İncəsənət Xadimi Rəşid Şərifə məxsusdur. Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib. Aktyorların məharətli çıxışı tamaşanı baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.
Janrı eqosentrik transaksiya kimi təyin olunan səhnə əsərində rolları aktyorlar Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova ifa edəcək. Tamaşa müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.