Axtarış...

“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT



Azərbaycanda 9 fevrala təyin olunan parlament seçkiləri ölkəmizdə keçirlən əvvəlki seçkilərdən xeyli fərqlənir.

Prosesin birinci mərhələsində seçkiyə qatılmaq istəyi olan bütün namizədlərə “yaşıl işıq”ın yandırılması, qeydiyyat prosesinin mükəmməlliyi parlament seçkiləri ilə bağlı istər yerli, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunub.

Ölkə rəhbərinin azad seçki təminatına dair bəyanatları da xüsusi önəm kəsb edir.

Ancaq hakimiyyət daxilində olan bəzi adamlar ölkədəki azad seçki mühitini zərbə altına salacaq addımları atır.

Seçki ərəfəsində media azadlığı bu siyasi hadisəyə qiymət vermək üçün əsas şərtlərdən biridir.

Təəssüf ki, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi və onun peykində olan monopolist “AzerTelecom” özünün qanunsuzluğu ilə indiki məqamda rol alıb.

Belə ki, nazirliyin sifarişi ilə “AzerTelekom” Gununsesi.org domeninə qanunsuz müdaxilələr edərək, ölkə daxilində sayta girişi məhdudlaşdırır.

Baxmayaraq ki, baş direktor Fuad Allahverdiyev sorğumuza cavab olaraq, rəsmi statusuna sığmayan yalandan ibarət məktub yazaraq, guya, Gununsesi.org-un bloklanmadığını iddia edib.
“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT

“Gununsesi”nə texniki xidməti həyata keçirən dünyanın məşhur Qurium Beynəlxalq Media Fondu isə konkret faktlarla sübut edir ki, 2018-ci ildə “info” domenini bloklayanlar bu gün “org” domenini də məhdudlaşdırıb.

Seçkilər ərəfəsində ölkənin ictimai-siyasi xəbər mənbələrindən biri olan “Gununsesi”nin ölkə daxilində məhdudlaşdırılması ATƏT-nin Seçkiləri Müşahidə Missiyasının və digər beynəlxalq qurumların diqqətini çəkib.

Artıq bununla bağlı detallı məlumatlar hesabatlara daxil edilmək üçün bizdən istənilib.

Ölkəmizin imicini nəzərə aldığımızdan bu məsələ ətrafında böyük kampaniya aparmadan problemin həllinə dair cəhdlərimiz isə səmərə vermir.

Xatırladaq ki, üzləşdiyimiz bu qanunsuz münasibətlə bağlı ölkə başçısına müraciət etmişik və ümid edirik ki, aidyyatı üzrə məsələyə diqqət göstəriləcək.

Məlumatsız olanlar üçün problemin baş vermə səbəbini xatırladaq.

2018-ci ilin məlum Gəncə olayları zamanı Gununsesi.info-nun da daxil olduğu bir qrup sayt məhkəmə qərarı olmadan bloklandı. Bakı Şəhər Prokurorluğunda istintaq olunan CM-nin 313-cü maddəsi ilə bağlı iş üzrə şahid qismində dindirildik. Araşdırmalar zamanı saytımız barəsində hər hansı məsuliyyət müəyyən edilmədi.

Baş redaktor olaraq, ölkədən çıxışıma qoyulan məhdudiyyət götürüldü və ötən müddət ərzində Avropa Şurasının sessiyalarına və digər beynəlxalq tədbirlərə qatıldım.

Bütün bunlara baxmayaraq, saytın ölkə daxilində girişinə qoyulmuş məhdudiyyət götürülmədi.

Həmin zaman nazir müavini Elmir Vəlizadə rəsmi məktub yazaraq, Gununsesi.info barəsində hər hansı tədbir görülmədiyini yazmışdı. Nazir müavini hətta bir az irəli gedərək, saytın bloklanmasının hansı hallarda mümkün olmasına dair qanunvericilikdən sitat da gətirib.

Ancaq onun bu açıqlamasına rəğmən saytımız blokda qaldı.

Bundan sonra saytın fəaliyyətinin davamı üçün “org” domeni ilə xəbər yayımına başladıq. Son bir il ərzində hər hansı problem olmadan fəaliyyətimiz davam edib. Ötən müddət ərzində nə Mətbuat Şurasına, nə də məhkəmələrə saytın fəaliyyəti ilə bağlı şikayət xarakterli müraciətlər olmayıb.

Çünki, biz peşəkarıq və işimizi qaunvericiliklə yanaşı, həm də jurnalistin peşə davranış qaydalarına uyğun qururuq.

Son iki ayda “org” domeninin yenidən məhdudlaşdırılması barədə siqnallar aldıq.

Qərara gəldik ki, məsələnin hüquqi həllinə çalışaq. Odur ki, Bakı İnzibati Məhkəməsinə müraciət edərək, bu qanunsuzluğun aradan qaldırılmasına nail olmaq istədik. Söhbət saytımızın “info”, “az” və “org” domenlərinin məhdudlaşdırılmasından gedir.

Məhkəmə prosesində isə məlum oldu ki, nazir müavini Elmir Vəlizadənin saytın bloklanmadığına dair məktubu həqiqəti əks etdirmir. Çünki, nazirliyin məhkəmədəki nümayəndəsi Baş Prokuror Zakir Qaralovun nazir Ramin Quluzadəyə saytın məhdudlaşdırılmasına dair yazdığı məktubu üzə çıxardı.

Məhkəmə qərarı olmadan saytın bloklanması Baş Prokurorun istəyi ilə həyata keçirilib. Nazirliyin təmsilçisi Prokurorluğun məktubu gəlməyəincə sayta tətbiq edilmiş məhdudiyyətin götürülməyəcəyini bəyan etdi.

Bütün bu qanunsuz bəyanatlar hakimin gözü qarşısında baş verirdi.

Bununla bağlı xəbərin ictimailəşməsi isə “Azertelekom”un məhdudlaşdırmanın əhatə dairəsini daha da böyütməyə vadar etdi.

Ancaq bu hərəkəti edən Fuad Allahverdiyev və göstəriş aldığı adamlar dərk etmədi ki, ölkə seçkiyə gedir və bu əməlləri prosesə böyük bir ləkə olacaq.

Bütün hallarda məhkəmə prosesində sonadək gedərək, ədalətsizliyin aradan qaldırılmasına nail olacağıq.

“Gununsesi”
Text-to-Speech

DİNLƏ






Şərh yaz