Axtarış...

Ombudsmandan əsir azərbaycanlı ilə bağlı - MÜRACİƏT

Ombudsmandan əsir azərbaycanlı ilə bağlı - MÜRACİƏT

Ombudsman Elmira Süleymanova erməni əsirliyindəki II qrup əlil İbrahimov Elvin Arif oğlu anasının müraciəti əsasında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Ajmone Sesseraya müraciət edib.

Bununla bağlı Ombudsman Aparatı məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb, sonradan Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda əsirlikdə saxlanılır.

"Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki şəxslərin girov götürülməsi qadağan olunur və onlar tez bir zamanda mənsub olduğu ölkəyə qaytarılmalıdır.

Eyni zamanda E.İbrahimovun II qrup əlil olduğunu və sərhədi səhvən keçərkən Ermənistan hərbçiləri tərəfindən yaralandığını nəzərə alaraq, adı çəkilən konvensiyanın 16-cı maddəsinə əsasən xüsusi qayğı və himayə ilə əhatə olunmalı, tez bir zamanda əsirlikdən azad edilməlidir”, - E.Süleymanova vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan tərəfi hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq hüquq norma və prinsiplərini pozaraq, mülki şəxsi girov götürmüş, onun əlilliyi olmasına baxmayaraq, tez bir zamanda ölkəsinə qaytarılması istiqamətində hər hansı bir tədbir görməyib.

Müraciətdə Komitənin mandatı çərçivəsində E.İbrahimovun əsirlikdə olduğu müddətdə hər hansı fiziki və mənəvi zorakılığa məruz qalmamasının təmin edilməsi, əsir saxlanıldığı ölkədə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə onun səhhətinin və ümumi vəziyyətinin nəzarətdə saxlanılması və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmaları xahiş olunub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz