Ötən il Azərbaycan ərazisində 851,3 ton çay yarpağı yığılıb.
Bunu Trend-ə Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İlkin Ələkbərli deyib. Onun sözlərinə görə, bu göstərici 2018-ci illə müqayisədə azdır:
“2018-ci ildə Azərbaycanda 868,6 ton çay yarpağı yığılmışdı. Bizim hesablamalarımıza görə, 2019-cu ildə azalmanın əsas səbəbi əkilən çay kollarının yeni olması və hələlik məhsul verməməsidir. Gələcəkdə məhsuldarlığın artımı gözlənilir”.
Qeyd edək ki, Azərbaycanda ən böyük çay plantasiyası Lənkəranda (628,5 hektar) yerləşir. Bundan başqa, Astara (345 hektar), Masallı (103 hektar) və Zaqatalada (60 hektar) çay plantasiyaları var. Ümumilikdə Azərbaycanda 1136,5 hektar torpaq çay əkini üçün istifadə olunur.