Axtarış...

Sahil Babayev bu şəxslərin maaşının artırılmasından danışdı



Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA əməkdaşlarının Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşü keçirilib.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən Axeber.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə bütün sahələrdə olduğu kimi əhalinin sosial müdafiəsi sahəsinə də böyük diqqət yetirildiyini xüsusi qeyd edib, bugünkü görüşün sosial sahəyə həsr olunduğunu bildirib.

Sonra Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumun fəaliyyətini əhatə edən məruzə ilə çıxış edib. O bildirib ki, ötən il sosial sahə üçün islahatlar ili adlandırıla bilər, həmin islahatların ölkə əhalisinin 42%-nə, yəni 4,2 milyon insana şamil olunduğunu əlavə edib. Müvafiq sahə üzrə görülən işlərdən danışan nazir 2019-cu ildə minimum əmək haqları və pensiyaların artırıldığını diqqətə çatdırıb. Nazir alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycanın MDB ölkələri sırasında ikinci yerə yüksəldiyini qeyd edib: “Ötən il ərzində pensiya islahatları aparılıb, təqaüdlər orta hesabla 72%, o cümlədən yaşa görə verilən pensiyalar 15%, əlilliyə görə verilən təqaüdlər isə 22% artırılıb. Bundan əlavə, pensiya təyinatının avtomatlaşdırılması üzrə işlər davam etdirilib”.


Vətəndaşların rifahı və həyat səviyyəsinin yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Sahil Babayev əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulduğunu, həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramlarının həyata keçirildiyini bildirib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutan DOST layihəsindən danışan nazir gələcəkdə ölkə üzrə 31 DOST mərkəzi şəbəkəsinin yaradılacağını qeyd edib.

2019-cu ildə 64 min nəfərin işlə təmin olunduğunu vurğulayan S.Babayev ümumilikdə 10 min kiçik biznes müəssisəsinin yaradıldığını deyib və bu rəqəmi Azərbaycanın böyük uğuru adlandırıb.

Sosial tədbirlər sahəsində aparılan elektronlaşma haqqında geniş məlumat verən məruzəçi nazirlik üzrə 132 xidmətdən 50-sinin artıq elektronlaşdığını, qurumun elektron bazalarının Vergilər Nazirliyinin bazalarına inteqrasiya olunduğunu diqqətə çatdırıb. Həmçinin sosial portalın yaradıldığını bildirən nazir hər bir vətəndaşın öz şəxsi onlayn kabinetinə daxil olaraq bütün lazımi məlumatları əldə edə bildəcəyini əlavə edib.

Daha sonra S.Babayev AMEA əməkdaşları tərəfindən səsləndirilən suallara və təkliflərə aydınlıq gətirib. Fikir mübadiləsi zamanı əməkhaqları, təqaüd, elmi dərəcə və elmi adlara görə verilən əlavə ödənişlərin artırılması, zərərli iş şəraitinə görə ödənişlərin edilməsi, sosial sığortaların hesablanması və digər bu kimi mühüm məsələlər müzakirə olunub. Nazir gələcəkdə sosial sahə üzrə sistemlərin avtomatlaşdırılması, qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması, zərərli maddələr siyahısına əlavələrin edilməsi və hüquqi-normativ sənədlərdə aparılan təsnifatın təkmilləşdirilməsi işində ölkə alimlərinin potensialından istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiya əməkdaşları adından Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə minnətdarlığını ifadə edərək belə formatda görüşlərin bundan sonra da davam etdiriləcəyini nəzərə çatdırıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz