“Bakı Metropoliteni” QSC bu il də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini xüsusi layihələrlə təbrik edəcək.
Axşam.az xəbər verir ki, Yeni il rəmzləri ilə bəzədilmiş retro vaqonlardan ibarət qatar bu dəfə də sərnişinlərin görüşünə gələcək. 4 gün ərzində - dekabrın 29-dan yanvarın 1-dək “A” və “Г”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli vaqonların qoşulduğu qatar “İçərişəhər” stansiyasının 1-ci yolunda nümayiş etdiriləcək. Yaşlı və orta nəslin nümayəndələrində nostalji hisslər oyadan bu qatara hər kəs tamaşa edə, xatirə şəkli çəkdirə biləcək.
Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, Yeni il ərəfəsində şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarda konsert proqramı təşkil ediləcək. Bu dəfə ənənəvi konsert proqramına da yenilik gətiriləcək. Dekabrın 29 və 30-da saat 12:30-14:00-dək tanınmış “Şaqan” instrumental ansamblı canlı musiqi ilə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradacaq.