“Sosial şəbəkələrdə, dövri mətbuatda yayılmış məlumatlara görə, gələn ildən bütün mənzillər icbari sığortalanmasa cərimələr tətbiq edilməyə başlayacaq. Əslində bu məsələ çoxdan var, sadəcə indi qabardılıb”.
Bu sözləri iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb. Ekspert bildirib ki, “İcbari sığortalar haqqında” Qanun 2011-ci ildə, İnzibati Xətalar Məcəlləsi isə 2015-ci ildə qəbul edilib: “Birdən-birə bu məsələnin yada düşməsində yeni qazanc mənbəyi əldə etməyə çalışan sığorta şirkətlərinin xidmətləri yüksəkdir. Azərbaycanda icrası icbari olan digər qanunları (məsələn, Mənzil Məcəlləsi) yada salan yoxdur, amma mənzillərin icbari sığortası məsələsi gündəmi zəbt edib. Öncədən deyim ki, yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür”.
Ekspert qeyd edib ki, bu addım vətəndaşların Konstitusiya hüququna ziddir:
“Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir. Avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında edilir, dövlət ehtiyacları məqsədilə mülkiyyətin məcburi alınması isə dövlət əhəmiyyətli tədbirlər hesab olunur. Mənzillərin icbari sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır”.
Samir Əliyev hesab edir ki, sözügedən cərimə mexanizmi işləməyəcək:
“Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? Bu, daha çox sosial məsələ olduğu üçün inanmıram cərimə məsələsində çox dərinə getsinlər. Ona görə də hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir. Sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq”. //faktxeber.com//