Qonşu Gürcüstanda yeniyetmə oğlan "donuz qripi" adlandırılan A (H1N1) virusuna yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb.
"Azərbaycanda A(H1N1) virusu təhlükəsi istisna deyil"
Sonxeber.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev Modern.az-a açıqlamasında hələlik Azərbaycanda A (H1N1) virusunun qeydə alınmadığını bildirsə də, təhlükəni istisna etməyib:
"Mövsümlə əlaqədar respulikamızda respirator viruslara təsadüf edilsə də, geniş yayılmayıb.
Hələlik, bu mövsümdə Azərbaycanda A (H1N1) virusu qeydə alınmayıb. Amma alınacağı istisna edilmir. Heç kim bundan sığortalanmayıb. A (H1N1) virusu müalicə olunduğu təqdirdə sağalan bir virusdur. "Donuz qripi" virusu adi qrip viruslarından biridir. Ölüm halı bütün xəstəliklərdə var. Riskli kateqoriyadan olanlar - körpələr, hamilə qadınlar, yaşlılar daha çox qorunmalıdırlar. Virusla yanaşı xroniki xəstəliyi olan adamlarda təhlükə böyükdür. Çünki yanaşı xroniki xəstəliklər virusla yoluxduqda orqanizm zəifləyir. Xronoki xəstəliklər bu halda kəskinləşə və ağır nəticələrə səbəb ola bilər. Virus riskli kateqoriyadan olanlarda mərkəzi sinir sistemi, ürək, qan-damar xəstəliklərini sürətləndirə bilər. Ona görə də bu virus uşaqlarda mərkəzi sinir sistemi xəstəliklərinin, yaşlılarda ürək, qan-damar xəstəliklərinin şiddətlənməsilə özünü biruzə verir".
"Heç kim "donuz qrip"indən sığortalanmayıb"
Baş infeksionistin sözlərinə görə, heç kim təhlükədən sığortalanmayıb:
"Qonşu İran, Gürcüstanla əlaqələrimiz genişlənib. Həmin ölkələrdən gediş-gəliş çoxdur. Bu baxımdan xəstəliyin Azərbaycanda yayılma riski yüksəkdədir. Qripin qarşısını almaq mümkün olan məsələ deyil, sadəcə proflaktik tədbirlər görülə bilər. Çalışıb ictimai yerlərdə mümkün qədər az olmaq lazımdır. İnsanların kütləvi toplaşdığı yerlərdə nə qədər az olsaq, xəstəliyə yoluxma ehtimalımız da bir o qədər az olar. Hərarətli xəstəlik dövründə mütləq yataq rejimində qalmaq lazımdır. Bu zaman həm özümüzü qoruyarıq, həm də kənardakı insanların xəstəliyə yoluxmasının qarşısını almış olaruq. Qidalanmağımıza, bol maye qəbuluna diqqət etməliyik".
"Xəstələri evdə saxlayın"
C.İsayev qeyd edib ki, təhlükə ehtimalına qarşı təhlükəsizlik tədbirləri həyata keçirilir:
"İlk profilaktik tədbirlərin görülməsi özümüzdən asılıdır. Mən özüm Tibb Universitetinin müəllimiyəm. Bəzən görürsən ki, bir nəfər tələbə xəstə-xəstə dərsə gəlir. Bir nəfərin xəstə gəlməsi auditoriyadakı 10 nəfərin yoluxması deməkdir. Əgər evdə körpə, məktəbli xəstəmiz varsa, onların bağçaya, məktəbə, özümüzün işə getməyimiz yolverilməzdir. Böyüklər xəstə vəziyyətdə işə getməyə məcburdursa, o zaman maskadan istifadə etməlidirlər. Xəstə halda kollektivin yanında bir saat olmaq belə, onların yoluxması deməkdir".