Axtarış...

Prezident İlham Əliyevin “əlyazmaları” - TƏHLİL

Prezident İlham Əliyevin “əlyazmaları” - TƏHLİL

Prezident İlham Əliyev parlament seçkilərini təyin etməklə ölkədə heç vaxt olmayan situasiyaya-seçki içində (23 dekabrda bələdiyyə seçkiləridir) seçkiyə qərar verdi. Bu planlaşdırılmış, yoxsa növbədənkənar seçkilər olduğu ilə bağlı mübahisələrə bəlkə də artıq yer yoxdur, çünki qərar verilib.
Amma İlham Əliyevin 16 illik siyasətini izləyən biri kimi güman edirəm ki, bu yaşadığımız ciddi dəyişikliklərlə yadda qalan ildə baş verənlərin heç biri situasiyadan doğan qərar deyil, əksinə, planlaşdırılmış, addım-addım düşünülmüş, ardıcıllıqla həyata keçirilən bir prosesdir. Adı “Ağ inqilab” da, “Payız inqilabı” da ola bilər, bunları heç biri şişirtmə də deyil. Adın önəmi yoxdur, çünki yalnız hakimiyyət dəyişsəydi, bunca kadr dəyişikliyi mümkün olardı. O baxımdan “İlham Əliyev hakimiyyəti dəyişir” deyənlər də, “Azərbaycanı dəyişir” deyənlər də tam haqlıdırlar...

İlham Əliyevin nadir hallarda əlyazmadan (o da bəzi beynəlxalq tədbirlərdə) istifadə etdiyini (oxuduğunu) görmək olar. Onun qarşısındakı ağ vərəq də həmişə toxunulmamış qalır. Bu kiçik nüansı qabartmaq o səbəbdən maraqlıdır ki, bütün proses -dövlətin idarəetməsindən tutmuş, hər hansı mövzuda verilən bəyanatlara qədər konspektləşdirilirsə, bu, kağız-qələmsiz edilir. Diqqət edin: bu il baş verən bunca dəyişikliklərin heç biri haqda xəbər hətta məmurlara bağlı mediaya belə sızmadı. O səbəbdən Prezidentin addımlarını, qərarlarını ehtimal etmək üçün “əlyazmalarına boylanmaq” kifayət etmir, onun nə planlaşdırdığını bilmək üçün qərarını elan etməsini gözləməlisən. Mətləbi uzatdıq, amma səbəb budur ki, bu dəyişikliklər,parlament seçkiləri, hətta kimdən sonra kimin işdən çıxarılacağı düşünülüb və zamanını gözləyən qərarlar olub.

İntuisiyam deyir ki, Prezident bu dəyişikliklərə 2018-ci ilin yayında-Gəncədə icra başçısına atılmış güllədən, Mingəçevir İES-də baş vermiş qəzadan çox əvvəl qərar vermişdi, amma bu hadisələr dəyişikliklər prosesini sürətləndirdi, daha əhatəli və kardinal islahatları zəruri etdi. Prezident seçkidən sonra (2018-ci il, aprel) Milli Məclisdəki andiçmə mərasimində dəyişikliklər olacağını zatən anons etmişdi. Gəncədə atılmış üç güllə ölkənin sabitliyinə təhlükə deyildi, amma bu daxili və xarici düşmənlərin istifadə edə biləcəyi sosial gərginliyi körükləyə bilərdi. Axı, baş verənlərdə Gəncədə düzgün idarəçiliyin olmaması da, şəhərin birinci şəxsinin vətəndaşlara münasibəti də önə çəkilirdi. Prezident situasiyanı iki müşavirə ilə ələ aldı, günahkarlar cəzalandı, ölkənin enerji siyasəti yeniləndi, təzə kadrlar gəldi, köhnələr getdi. Amma bir şəhərin icra başçısına sui-qəsd və bir böhranın doğurduğu iki günlük böhran prezidenti bütün ölkəni yeniləməyə sanki bir az da tələsdirdi. İndi sual olunur: Prezident Administrasiyasını iki il əvvəl bu cür dəyişdirmək olardımı? Məmur-oliqarxları bu cür “topsuz-tüfəngsiz” zərərsizləşdirmək, əl-qolunu iqtisadiyyatdan çəkmək mümkün idimi?

Görünür, siyasətdə zamanlama məsələsi də Əliyevlərin genetik kodudur: Heydər Əliyev də Azərbaycanda dəyişikliklər prosesini Cəbhə hakimiyyətindən əvvəl-hələ 20 yanvarda (1990) duymuşdu, amma hakimiyyətə qayıtmaq üçün tələsmədi, zamanını gözlədi. Prezident İlham Əliyev də dəyişikliklərin vacibliyini hamıdan yaxşı görürdü. Necə ki, dünyada neftin qiyməti düşəndə indi borc bataqlığında batan bəzi zəngin neft ölkələrinin rəhbərlərindən əvvəl qollarını çirmələyib hərəkətə keçdi və ölkəni böhrandan xilas etdi. İndi də eyni sayıqlığı göstərdi: amma zamanı özü müəyyən etdi...

Sonra nə baş verdiyini qısa özətləyək: ölkədə maaş və qocalıq təqaüdləri sürətlə artırıldı, MDB səviyyəsində Azərbaycan bu ödəmələrdə ilk pilləyə çıxdı. Vergidə reketləri, gömrükdə “ver-keç”, idarəetmədə “ye-yat” deyənlər təmizləndi, büdcə oğrularının nəfsini kəsdi.

İndi Prezident icra başçılarını öz qəbul otağından “cəbhəyə” yola salırmış kimi qəbul edir, tapşırıqlarını verir, xalqla necə işləyəcəklərini deyir, yeni icra başçısı obrazında rahat kresloya, rüşvətə yer olmadığı söyləyir. Xalqın qarşısında “işləməzlərsə, cəzalarını özüm kəsəcəm” vədi verir.

İcra başçılarının PA rəhbərinin otağından təyinat aldığı yerə sevinə-sevinə getdiyi dövr arxada qaldı. İndi onların çiyinlərində ağır bir yük, üstəlik də ictimai nəzarət var. Üç gün əvvəl xəbər saytlarında Qaradağda iki icra başçısının rayon əhalisinin qarşısında “smirna” dayanmış fotoları vardı. Həm hakimiyyətə, həm əhaliyə başucalığı gətirən mənzərədir. Ölkə hakimiyyəti də, adamlar da dəyişməyə odaqlanıb, indi isə parlament seçkiləri kimi mühüm bir dəyişim astanasındayıq.

Bələdiyyə seçkilərində bir az “tozunu” atmağa çalışan cəmiyyət son qərarla hərəkətlənib. Son illər ilk dəfədir ki, seçkilərə bu qədər maraq hiss olunur. Kaş MSK sədri Mübariz Pənahovu da dəyişməyə zaman olaydı, onun əvəzlənməsi bu prosesə daha da hərəkətlilik qata bilərdi. O, bu ciddi kadr dəyişiklikləri fonunda yaranmış mənzərəyə uyğun gəlməyən bəlkə də yeganə məmurdur, onu “kadrdan kəsmək” zamanı gəlmədi. Amma əsas olan yenə Prezidentin bu prosesi irəli aparacaq, müəyyənləşdirəcək iradəsidir.

Bəziləri yenə də yazılarımıza şərhlər göndərirlər: “Heç nə dəyişməyəcək, deputatlar yenə tapşırıqla mandat alacaqlar’’, deyə. Niyəsi aydındır, son olaraq parlament özünü yararlı olmadığına görə buraxdısa, bu cür düşünənlərə də haqq verirsən. Amma seçkilər yenə siyahı ilə keçiriləcəksə, bu parlamentin 10 ay əvvəl getməsinə ehtiyac vardımı? Bu tərkibi dəyişməyə zərurət olmasaydı, niyə seçkilər önə çəkilməliydi ki? İki ay əvvəl də çoxları hakimiyyətin “dağ”larının gedəcəyinə inanmazdılar, amma ilin son ayında onların heç biri idarəetmədə yoxdur! İndi deputatlığa namizəd olmaq üçün “yuxarılardan” kiminsə telefonuna zəng asan iş deyil, çünki ən azından nömrəsini bilmək lazımdır. Prezident təkcə köhnə siyasətçilərlə xudahafizləşmir, həm də yeniləri köhnə idarəetməyə, siyasətə qatılmaqdan qoruyur.

Hakimiyyətin yeni parlamenti necə görmək istədiyinin konturlarını verilən bəyanatlardan qismən cızmaq mümkündür. Amma bu cizgilər yarımçıq və rəy formalaşdırmaq üçün natamamdır. Yeri gəlmişkən, indi bəziləri “gəncəm, həvəsliyəm, nanotexnoloqam” deyib ortaya düşməyə hazırdırlar, çünki mesajı doğru anlamayıblar, ya da yarımçıq başa düşüblər. Ölkə siyasəti gəncləşməyi tələb edir, dövlət başçısı da bu siyasəti dəstəkləyir. Amma parlament də, idarəetmə də gəncliklə bərabər ağıl tələb edir. İki-üç kitab oxumaq, 1-2 dil öyrənmək ağıllı olmaq və parlamentdə yer tutmaq üçün əsas deyil. İnternetdə axtarış verin və indiyədək deputat olmaq istəyən nə qədər gülməli (ağlamalı) gəncin olduğuna baxın və fikirləşin...

Parlament seçkiləri sağlam rəqabət, demokratik və bərabər əsaslarla aparılacağı təqdirdə ölkəmiz yeni qanunverici struktur qazanacaq. Səmimi deyirəm, bunun nə 92-ci ildəki Ali Sovetin, 93-cü illərdəki Milli Məclisin tayı olmasını arzulamıram. Amma parlamentdə sağlam mühitin yaranmasına, qanunlara şah kimi baxan, ədalətli, siyasi mövqeyindən asılı olmayaraq ölkəmizin mənafeyin naminə doğru bildiyini deyən şəxslərin təmsil olunmasını arzulayıram.

Azərbaycan üçün uğurlu olsun...

Nazim SABİROĞLU,
Musavat.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz