Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı toxunduğu məsələlərdən biri də bəzi müsəlman ölkələrinin işğalçı Ermənistana qucaq açması faktı oldu. Prezident mövqeyini bu şəkildə ifadə edib: “Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?
Biz dəfələrlə İslam həmrəyliyi ilə bağlı tədbirlər keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir. O cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!"
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, prezident bu məsələdə tamamilə haqlıdır və haqlı suallar qoyub. Azərbaycan Ermənistanın işğalı ilə qarşılaşandan bəri müsəlman dünyasından, İslam dövlətlərindən dəstək gözləyib və gözləyir. Bu dəstəyin ən azından mənəvi formada verilməsini, Ermənistanın torpaqlarımızı işğal etməsinə siyasi qiymət verilməsini gözləyir. Amma təəssüflər olsun ki, elə müsəlman dövlətləri var bu gün Ermənistanla qardaş kimidir. İşğalçı ölkəyə dəstək verirlər: “Bu dövlətlərin bəziləri hətta müsəlman dünyasında liderliyə can atan dövlətlərdir. Bu sırada təəssüf ki, İran öndədir. Müharibə zamanı Azərbaycanla Türkiyə işğalçı Ermənistana qarşı blokada təşkil etdi. Bu blokada siyasətində qismən hətta xristian Gürcüstan da iştirak edirdi. Ancaq müsəlman dünyasına liderlik iddiasında olan İslam dövləti İran Ermənistanı blokadadan çıxarmaq istiqamətində hər cür addımlar atırdı. Ermənistanı blokadadan qurtaran, işğalçı ölkəyə nəfəslik açan məhz İran oldu. İran Ermənistana qarşı blokadanın tam baş tutmasına imkan vermədi, Ermənistanı xilas etdi. İran təcavüzkar Ermənistanı iflas etməkdən xilas edib. Bəzi hesablamalara görə, İranın Ermənistana yardımı 2 milyard dollara yaxındır. Bu, Rusiyanın etdiyi yardımdan bir qədər azdır.
Sözdə İslam həmrəyliyindən, əməkdaşlığından dəm vuran rəsmi Tehran əməldə İslam dəyərlərini tapdalayan, məscidləri yerlə-yeksan edən, İslama qarşı sözün həqiqi mənasında lokal miqyasda səlib yürüşünə çıxmış bir ölkə ilə hər cür əməkdaşlıq edir. Təəssüf ki, İran hələ də Ermənistana qucaq açır. Ermənistan dövlətinə hər cür yardım edir".
Politoloq onu da dedi ki, Fələstin də Ermənistanı müdafiə etməsi ilə seçilir. Həmçinin Qətər də Ermənistana qucaq açan müsəlman dövlətidir. Ermənistana maliyyə yardımları edir: “Məgər Qətər görmür ki, Ermənistan bir müsəlman ölkəsinin torpaqlarını işğal edib? Bilir, sadəcəc müsəlman təəssübkeşliyi etmir. Səudiyyə Ərəbistanının özü də Ermənistan-Azərbaycan münaqişəsinə barmaqarası baxır. Doğrudur, bu ölkə Ermənistana İranın etdiyi qədər dəstək göstərmir, ancaq Qarabağ məsələsində ondan gözlənilən prinsipial mövqeyi nümayiş etdirmir. Bu sıraya bəzi müsəlman Afrika ölkələrini də daxil etmək mümkündür”.
“Yeni Müsavat”