Axtarış...

“Bizi çarəsiz qoyublar…” - Sahibkar bazar rəhbərliyindən şikayətçidir

“Bizi çarəsiz qoyublar…” - Sahibkar bazar rəhbərliyindən şikayətçidir

Bakı sakini Əkbər Əliyev Qurban oğlu “Razin tolkuçkası” kimi tanınan Bakıxanov qəsəbəsində yerləşən bazarın rəhbərliyindən şikayətçidir. Şikayətçi problem ilə bağlı müvafiq qurumlara şikayət edib kömək ala bilməyincə, məsələni ictimailəşdirmək üçün “Yeni Müsavat” qəzetinin redaksiyasına gəlib. Ə.Əliyev bildirib ki, onunla birlikdə bazarda fəaliyyət göstərən bir neçə sahibkar da oxşar problem yaşayırlar. Dərdlərinə isə əlac edən yoxdur…

Əkbər Əliyev başına gələnləri aşağıdakı kimi anlatdı: “20 ilə yaxındır ki, “Razin tolkuçkası”nda sahibkar kimi çalışıram. Hazırda bazarda gül mağazam mövcuddur. Bu mağazanı açan zaman bazarda vəziyyət çox pis idi. Qohumlarımın maddi dəstəyi ilə mağazanı qurub, işə başladım. Son zamanlar isə bazarın müdiri Fərhad Mirzəyev sahibkaralara ciddi əziyyət verir. Onlardan biri də mənəm. Sahibkarlar başlarına gələnləri qorxularından ictimailəşdirə bilmirlər ki, onlar bazardan çıxaracaqlar. Lakin mən artıq təngə gəlmişəm. Şikayətim onunla bağlıdır ki, bazarda əlavə pullar yığılır. Bir müddət öncə bizdən 50 manat kabel pulu adı altında vəsait yığdılar. Ötən il də bu adla pul istəmişdilər və vermişdim. Bu il isə dedim ki, eyni adla nə üçün pul yığırsınız və deyilən məbləği verməkdən imtina etdim. Bu zaman Fərhad Mirzəyevin qoçu dəstəsi üstümə hücum çəkib, işığımı kəsdilər. Həmin zaman nə qədər malım xarab oldu. Pulu verdikdən sonra işığımı qoşdular. Sonra yenə də başqa adla pul istədilər. Son illərdə yer pulunu əlavə olaraq yenə də qaldırdılar. Dedim ki, verə bilmirəm. Bazarın rəhbəri dedi ki, buranın ağası mənəm. Nə desəm, o da olacaq. Bu fikirlərə etiraz etdiyimdə isə Fərhad Mirzəyev göstəriş verdi ki, mağazamın elektrik xəttini yenidən kəssinlər. 10 gündür ki, mağazamda işıq yanmır. Elektrik xətti kəsilən gününün səhəri gəldim ki, mağazanın qapısına möhürlənmiş kağız vurublar ki, bazardan çıxmalısan. Sonra məsələni ictimailəşdirəcəyimi söylədiyimdə gəlib kağızı qopardılar. Eyni zamanda Sabunçu Rayon Polis İdarəsinin ərazi üzrə əməkdaşları da mənə çox böyük yardım etdilər. Onlar məsələyə qarışıb, bu cür qapının möhürlənməsinin qanunsuz olduğunu bildirdilər. Tələb etdilər ki, qapı açılsın.

Faktiki olaraq bazar rəhbərliyi sahibkarlara maneə yaratmaqla, cənab prezidentin sərəncamlarına, göstərişlərinə qarşı çıxır. Bizi dinləmədiyi üçün məcbur qalıb. Məsələni ictimailəşdirirəm. Vergini, kommunal xərcləri, icarə haqqını hər zaman vaxtında ödəmişəm. Bundan əlavə hələ bazar rəhbərinin yerinə mağazanı da təmir edib, orada şərait yaratmışam. Bu adam sahibkara dəstək olmursa, niyə köstək olur? Bazarda mənim günümdə olan çox adam var. Bir söz deyəndə qoçularını göndərir ki, Fərhad nə deyirsə, qanundur. Şəxsən mənim qarşımı kəsib deyiblər ki, əgər bu cür danışmağa davam eləsən, səni kriminal dəstənin əlinə verəcəyik”.

Şikayətçi bildirib ki, müdir onları çağırır, bir az gecikən kimi hədələyir: “Deyir ki, bir də gec gəlsən icazə haqqını 50 manat artıracağıq. Hazırda bazarda icarə haqları 100 manat məbləğində rəsmiləşdirilib. Ancaq faktiki olaraq məndən 650 manat alırlar. Cənab prezident bildirir ki, kim sahibkarları incidirsə, mənə məlumat versinlər. Ona görə də qəzet vasitəsilə cənab prezidentdən kömək istəyirəm. Himayəmdə 8 uşaq var. Onlardan ikisinin ata və anası olmadığı üçün qəyyumluğa götürmüşəm. Gəlir yerim yalnız bu mağazadır. Bizi də işləməyə qoymurlar. Çox çətin durumdayıq”.

Məsələ ilə bağlı bazar rəhbərliyinin mövqeyini almağa çalışsaq da, buna nail ola bilmədik. //musavat.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz