Azərbaycanda mərc oyunları bazarını inhisarında saxlayan "Topaz"la bağlı mütəmadi olaraq şikayətlər yayılır. Xatırladaq ki, bir müddət əvvəl rəhbərliyi dəyişən "Topaz" ölkənin yeganə mərc kantoru olaraq hər zaman həssas ünvan kimi diqqətə gəlib.
DİA.AZ bildirir ki, dünən bu barədə bir sıra şikayətləri diqqətinizə təqdim etdik.
Burada söhbət təkcə ayrı-ayrı vətəndaşların müflis duruma düşməsindən və yaxud da hansısa formada dolandırılmasından getmir. Belə ki, DİA.AZ-a daxil olan informasiyaya görə, yenicə əl dəyişdirən "Topaz"ın indiki başbilənlərinin yürütdüyü siyasət narazılıq yaratmaqdadır.
Redaksiyamıza müraciət edən və adının çəkilməsini istəməyən sahibkar bildirir ki, o, Bakının Nəsimi rayonu ərazisində uzun müddətdir ki, "Topaz"ın filiallarından birini işlədir:
"Yeni rəhbərlik gələndən sonra süni şəkildə problemlərlə üz-üzə qalmışıq. Bizi bu sektordan çıxarmaq üçün min-bir oyundan çıxırlar. Elə bir vəziyyət yaradırlar ki, hamı işini atıb getsin. Son addım kimi isə bizim "Topaz" məntəqəmizin yanında yeni bir "Topaz" məntəqəsi açaraq işimizi iflas etdirirlər. Bütün bunlar yeni rəhbərlik gələndən sonra baş verir. Kiməsə şikayət etmək imkanı isə yoxdur".
Dia.az-a müraciət edən bir başqa sahibkar isə Xətai rayonu ərazisində "Topaz" məntəqəsi işlədir. Onun söylədikləri: "Yeni rəhbərlik gələndən bəri hədəfə çevrilmişik. Plan qurular ki, Bizi bu işdən kənarlaşdırsınlar. Yeni rəhbərliyə yaxın olan, onun qohumları olan adamlar ehtiyac olmadığı, bizne marağı ilə uzlaşmadığı təqdirdə belə köhnədən fəaliyyətdə olan "Topaz"ların yanında yeni məntəqə açırlar. Bu işdə rəhbərlik birbaşa rol oynayır. Sonunda isə yalnız qohumların, dostların obyektləri qalır, köhnədən olanlar isə bağlanır. Bu, rəsmən özbaşınalıqdır".
Onu da qeyd edək ki, "Topaz"ın yeni rəhbərliyinin yaratdığı problemlərlə daha çox "Əcəmi" və "Əhmədli" filiallarını işlədən sahibkarlar üz-üzə qalıb. Bu barədə redaksiyamıza müraciət edən sahibkarlardan biri bildirir ki, yeni rəhbərlik təkcə paralel obyektlər açmaqla deyil, eyni zamanda fərqli üsullarla da onları sıxışdırmaqla məşğuldur.
Redaksiyamıza daxil olan müraciətdə deyilir: "Yeni rəhbərliklə bağlı hansı ünvana şikayət edəcəyimii bilmirik. Sanki bu sektor özbaşına buraxılıb".
Onu da qeyd edək ki, narazı sahibkarlar dia.az-a əlavə ilginc faktları da təqdim edib. Həmin məlumatları yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Bizi izləyin.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... (DİA.AZ)