Bugünlərdə Sabirabad rayonu, Yenikənd kənd sakini Baxşıyev Əlbala Kalam oğlu, ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzliyə və digər dövlət qurumlarının rəhbər şəxslərinə ünvanladığı şikayət ərizəsinin bir surətini də redaksiyamıza təqdim edib. Adı çəkilən şəxs redaksiyamıza təqdim etdiyi ərizəsində qeyd edir:
“Bizim kənddə Novruz Həsənov adlı şəxs var, o, kəndimizin “Yuxarı baş” adlanan hissəsində təqribən 60-70 sot sahəsi olan sahəni zəbt edib və həmin ərazidə heç bir sənəd olmadan bazar açıb. Onu da bildirim ki, zəbt olunmuş ərazi rayonun Bəndatma idarəsinin balansındadır və Novruz Həsənovun həmin ərazidən bazar kimi istifadə etməsinə dair, onda heç bir rəsmi sənəd yoxdur. Bu şəxs günün əksər saatlarında sərxoş olur və o, bazara üz tutan müştəriləri ya təhqir edir, ya da ki, onlara müəyyən yollarla hədə-qorxu gəlir. Novruz Həsənovun işlətdiyi bazarda çalışan şəxslərdən bir kimsə rəhbərliklə heç bir əmək müqaviləsi sənədi imzalamayıb, yerpulu adı altında toplanan pullardan vergiyə bir qəpik olsun vergi pulu ödənilmir, ərzaq məhsullarının satışı həyata keçirilən zaman heç bir gigiyenik qaydalara riayət olunmur. Belə bir səbəblər üzündən də, bazarda antisanitariya, üfunətli iy-qoxu baş baş alıb gedir. Bundan əlavə, səhər saatlarında alıcılar və satıcılar bazara şəxsi avtomobilləri və digər nəqliyyat vasitələri ilə gəldiklərindən, bazarın qarşısındakı yolda elə bir tıxac əmələ gəlir ki, yolu ötüb keçmək ciddi problemə çevrilir. Bu kimi problemlərin varlığı ilə bağlı indiyə qədər bir çox dövlət qurumlarına, ələlxüsus hüquq-mühafizə orqanlarına, Qida Təhlükəsizliyi Agentliyinə yazılı ərizə ilə müraciətlər etsəm də, hələ də bazarın fəaliyyətinin dayandırılması yöndə heç bir addım atılmayıb. Yəni, bu gün Novruz Həsənov adlı şəxsin sahiblik etdiyi bazarın fəaliyyət göstərməsinin heç bir hüquqi əsası yoxdur. Məni düşündürən halın varlığı odur ki, hələ bir neçə il bundan əvvəl küçə ticarətinin ləğv olunması, qanunsuz fəaliyyət göstərən ticarət mərkəzlərinin, bazarların fəaliyyətlərinin təftiş olunması, lazım gəldikdə onlarla bağlı ciddi tədbirlərin görülməsi yöndə qanun qəbul edilsə də, bu gün nə Novruz Həsənov, nə də ki, bu şəxsə “daydaylıq edənlər” qanunun belə bir tələbinə məhəl qoymurlar. Belə bir halın varlığı, artıq əndazənin aşılması deməkdir”.
Biz də bir redaksiya olaraq Sabirabad rayonu, Yenikənd kənd sakini Baxşıyev Əlbala Kalam oğlunun müraciəti əsasında həmin bazarda olduq və sadalanan faktlardan əksəriyyətinin varlığını öz gözlərimizlə gördük. Ona görə də düşünürük ki, aidiyyəti dövlət qurumları lazımi sənəd-sübut olmadan Novruz Həsənovun sahiblik etdiyi həmin bazarın fəaliyyətinin dayandırılması yöndə lazımi addımlarını atıb, müvafiq qərarlarını da bəyan edəcəklər. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Araşdırmamız davam edəcək.
Mövzu diqqətimizdədir.
Nyus.Az