Axtarış...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətində hərəkət edən “China Railway Express” blok qatarı Ankaradan yola salınıb



Çinin Sian şəhərindən yola düşən və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya çatan “China Railway Express” yük qatarının noyabrın 6-da təntənəli şəkildə qarşılanma və buradan Avropaya yola salınma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, 42 konteynerdən ibarət “China Railway Express” blok qatarı İstanbul boğazından keçməklə polad magistrallar üzərində Avropaya hərəkət edən ilk yük qatarıdır.

Qatarın qarşılanma mərasimində Azərbaycan, Türkiyə, Çin, Qazaxıstan və Gürcüstanın rəsmi şəxsləri iştirak ediblər. Əvvəlcə əsas süjet xəttini Bakı-Tbilisi-Qars dəmir yolunun təşkil etdiyi film nümayiş olunub.

Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan, Çin Xalq Respublikası Çin Kommunist Partiyasının Şensi vilayət komitəsinin katibi Xu Xepin və “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Minbayevin çıxışları dinlənilib.

Niyazi Səfərov qeyd edib ki, Azərbaycan ilk gündən Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsini dəstəkləyib. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı iki dost ölkə arasında əməkdaşlığa dair, o cümlədən “İpək Yolu İqtisadi Kəməri” ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunub.

Avropa ilə Asiya arasında illik ticarət dövriyyəsinin 21 trilyon ABŞ dolları təşkil etdiyini diqqətə çatdıran Mehmet Cahit Turhan deyib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu yükdaşımada yeni mərhələnin əsasını qoyub.

Tədbirdə qədim “İpək Yolu” üzərində dəmir yolu şəbəkəsinin qurulması tarixi hadisə kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, “Bir kəmər, bir yol” strategiyası dünyada ən böyük daşımaçılıq şəbəkələri sırasında özünə layiqli yer tutur. Bakı-Tbilisi-Qars dəmir yolu bu şəbəkənin qurulmasında və şaxələnməsində açar rolunu oynayır.

Çıxışlardan sonra Türkiyə ilə Çin, eləcə də Azərbaycan, Türkiyə, Çin, Qazaxıstan və Gürcüstan arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

İmzalanma mərasimi başa çatandan sonra Sian-Ankara marşrutu ilə hərəkət edən blok qatarı perrona daxil olub. Təntənəli şəkildə qarşılanan qatar birbaşa İstanbul istiqamətində hərəkətə başlayıb. “China Railway Express” qatarı Mərmərə dənizinin altındakı tuneldən keçərək Çexiyanın paytaxtı Praqaya doğru hərəkət edəcək.

Xatırladaq ki, cari il iyulun 6-da Sian-Bakı blok qatarının Azərbaycanda təntənəli qarşılanma mərasimi olub. Sian-Ankara marşrutunda qatarın mənzil başına qrafik üzrə çatması Bakı-Tbilisi-Qars dəmir yolunun qazandığı növbəti uğurdur. Çin “Bir kəmər, bir yol” strategiyası ilə özünün dəmir yolu əlaqələrini sürətlə şaxələndirir. Bu strategiya Çin, Asiya, Yaxın Şərq və Avropanı bir-birinə birləşdirən böyük bir nəqliyyat, investisiya, enerji və ticarət şəbəkəsini formalaşdırmağı hədəfləyir. Çinin 2013-cü ildə irəli sürdüyü bu strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz