Niderland Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmağa maraq göstərir.
Bunu Trend-ə Niderland Xarici İşlər Nazirliyindən bildiriblər.
Nazirlikdən deyiblər ki, BTQ-nin açılışı iqtisadi perspektivləri olan vacib hadisədir:
“Azərbaycan tarixən Şərqlə Qərb arasında körpü olub və bu dəmir yolu Avropa ilə Asiya arasında vacib halqa ola bilər. Niderlandın layihəyə rəsmən qoşulması az ehtimal olunsa da, ölkədə bu dəmir yoluna qoşulmaq və Asiyaya, eləcə də əks istiqamətdə məhsulların nəqli üçün aşkar maraq var. Artıq Niderlandın “Cabooter Group” və Ələt limanı arasında yüklərin daşınması üzrə müqavilələr imzalanıb”.
Bundan başqa, nazirlikdən bildiriblər ki, Niderlandda liman sənayesində ikitərəfli əməkdaşlığın inkişafına maraq var:
“Rotterdam limanının nümayəndələri 2018-ci ildə Bakıda Ümumdünya Limanlar konfransında iştirak edib. Ələt limanının potensialını, eləcə də Rotterdam limanının təcrübəsini nəzərə alaraq, demək olar ki, bu sahədə əməkdaşlıq üçün böyük perspektivlər var”.