Azərbaycan Silahlı Qüvvələrində 2014-cü ilin yanvar ayının 6-a qədər xidmət edən istefada olan polkovnik Rövşən Məhərrəmov Müdafiə Nazirliyi tərəfindən hüquqlarının pozulduğunu bildirir.
Bu barədə Yenicag.az-a ətraflı məlumat verən Rövşən Məhərrəmovun sözlərinə görə, 2013-cü ilin oktyabr-noyabr aylarında müalicədə olub və bu dönəmdə onun dərəcəsi qeyri-qanuni olaraq, aşağı salınıb:
“Sizə təqdim etdiyim arayşda da görürsünz ki, xəstəliyimlə əlaqədar ordu sıralarından tərxis edilmişəm. Hərbi Hava Qüvvələrində xidmət edən vaxt səhhətimdəki problemlərlə əlaqədar xəstəxanada müalicə olunurdum. Hərbi Hava Qüvvələrinin rəhbərliyi ötənilki ustalıq dərəcəmi təsdiq etmək üçün Müdafə Nazirliyinə göndərmişdi. Ancaq mənə məlum olmayan səbəbdən, dərəcəmi təsdiq etməmişdilər. Onun əvəzində mənə birinci dərəcə vermişdilər. Bu isə mənim üçün maliyyə itkisi deməkdir.
Verdikləri bu qərar qeyri-qanunidir. İki ay bundan öncə prezident İlham Əliyevə müraciət etmişdim. Məsələnin araşdırılması üçün iş Müdafə Nazirliyinin rəhbərliyinə göndərilib. Təbii ki, onlar da mənim işimə baxmayıblar. Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldım. Orada mənə məktub yazıb verdilər ki, sizin məsələ Müdafə Nazirliyində həll olunmaqdadır. Məsələ ondadır ki, Müdafiə Nazirliyi mənim nə ustalıq dərəcəmi verir, nə də mənzil məsələmi həll edir. Müdafiə Nazirliyinin rəhbərliyinə dəfələrlə müraciət etmişəm, mənə on beş gün müddətində rəsmi cavab verilməli olduğu halda, hələ də cavab ala bilmirəm. Cavab verə bilməyəcəklər, çünki qanunsuz iş görüblər.
Müdafiə Nazirliyinin hazırkı rəhbərliyi keçmiş nazir Səfər Əbiyevin zamanında yüksək vəzifə tutmuş şəxsləri “qara siyahı”ya salıblar. Bəziləri mənim bu çıxışımı başqa yönə çəkməyə çalışacaqlar. Ancaq mən dövlətçiliyə qarşı yox, haqsızlığa qaşrı çıxıram. Ölkə rəhbərliyi orduda baş verən bu qanunsuz halları görməli və bunun aradan qaldırılmasına çalışmalıdır. Vaxtilə Səfər Əbiyevə kim yaxın olubsa, hamısının haqqı pozulub, onların hüquqları tapdalanıb. Dəfələrlə məni Nazirliyə çağırıblar, söhbət ediblər, hamısında da deyiblər, sən haqlısan, ancaq rəhbərlik icazə vermir. Başa düşmürəm, mən Zakir Həsənovla Nəcməddin Sadıkova nə etmişəm?
Necə ola bilər ki, 1995-ci ildə ordu sıralarından tərxis olunmuş bir generala 2014-cü ilin avqust ayında Azərbaycan Respublikası Müdafə Nazirliyinin maliyyə və büdcə idarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna yeni məlumat göndərilir? Həmin məlumat vərəqəsində o general ehtiyata buraxılana qədər guya Usta məharət dərəcəsinə vəzifə maaşının 35% miqdarında, təmsilçiliyə görə 20 faiz, məxfiliyi qorumağa görə isə 20 faiz miqdarında əlavələr olunması göstərilmişdi. Məlumat vərəqəsi göndərildikdən sonra həmin şəxsin aylıq pensiyası 1 300 manatdan çox olub. Bütün bunlar Müdafiə Nazirliyi rəhbərliyinin qanunsuz göstərişləri əsasında baş tutub. Belə ki, hərbi qulluqçuların pensiyası onların ehtiyata buraxılarkən aylıq pul təminatları əsas göstərilməklə, müəyyən olunur. Bu qayda 1995-ci ildə olub. Vəzifə maaşı, rütbə maaşı, məharət dərəcəsinə görə əlavə, xidmət illərinə görə əlavə, məxfiliyin qorunmasına görə əlavə olunan məbləğlər tərxis olunan zaman göstərilir. Yəni bu qaydanın əvvəlki illərə şamil olunması qeyri-qanunidir.
Ancaq 2104-cü ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş yeni məlumat vərəqəsində göstərilmiş əlavələri – Usta məharət dərəcəsinə görə, təmsilçiliyə görə və məxfiliyin qorunmasına görə əlavələri almamışdır. Ala da bilməzdi. Çünki məhərat dərəcəsinə görə əlavənin verilməsini nəzərdə tutan Əsasnamə yalnız 2001-ci ildən tətbiq olunmağa başlamışdı. Həmin generalın ehtiyata buraxılmasından düz 6 il sonra bu qərar qüvvəyə minib. Müdafiə Nazirliyinin bu qanunsuz əməli nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan dəyib.
Məsələ ondadır ki, qərardan 6 il əvvəlki müddətin də pulu həmin generala ödənilib. O general 1995-ci ildən 2014-cü ilə qədər hesablatdığı vəsaiti məhkəmə yolu ilə alıb və indi də almaqda davam edir. Bu isə təxmini hesablamalara görə, 100 min manatdan çox vəsait deməkdir. Saxtalaşdırılmış məlumat vərəqəsini Dövlət Sosial Müdafiə Fonduna maliyyə və büdcə idarəsi ancaq Müdafiə Nazirliyi rəhbərliyinin göstərişindən sonra göndərə bilərdi. Bu qanunsuzluğun aradan qaldırılması üçün Hərbi prokuror Xanlar Vəliyevə müraciət edirəm”.
Rövşən Məhərrəmov mənzil təminatı məsələsi haqqında isə bunları deyib:
“Məni çağırdılar. Müdafiə nazirinin müavini Kərim Vəliyevlə söhbət etdim. Sonra isə məni Hüquq idarəsinin keçmiş rəisi Rauf Kişiyev qəbul etdi. Mənə bildirildi ki, həm ev, həm də məharət dərəcəsini almaq üçün ərizə yaz. Orada açıq dedilər ki, sənin məharət dərəcəni qanunsuz olaraq, azaldıblar. Mənzil-istismar idarəsinə getdim. Orada müəyyən sənədləşmə işləri aparıldı. Məndən sonra müraciət edənlərin hamısının sənədi maliyyə idarəsindədir. Daha sonra göndərdilər Səfərbərlik idarəsinə, hansı ki, yaşayış komisiyasının sədridir. Orada isə məlum oldu ki, adım siyahıda yoxdur. Müdafiə Nazirliyi günü bu gün də mənimlə prinsip aparır. Baxmayaraq ki, özləri istədikləri adama hər şeyi verirlər”.
Rövşən Məhərrəmov bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi istəsə, ehtiyatda olan zabitlərin hamısını mənzillə təmin edə bilər:
“Şüşəli bazar”ın arxasında ləğv edilmiş hərbi hissənin ərazisindəki yeri vəzifədən sui-istifadə edərək bazar qiymətindən dəfələrlə ucuz qiymətə özəlləşdirdilər və orada villa tikdirdilər. Necə ola bilər ki, o ərazi zəbt olunur, orada villa tikilir, ancaq zabitlərin çoxu evsiz, eşiksiz qalıb? Deyirlər ki, o ərazini prezident İlham Əliyev onlara verib. Prezident İlham Əliyev deməyib ki, gedin adama hektar yarım yer zəbt edin… Hansı ki, oranın bazar qiyməti 350-400 min manatdır. O 3 hektar yer satılısa idi, yüzlərlə zabiti evlə təmin etmək olardı. Necə ola bilər ki, həmin ərazidəki 3 mərtəbəli köhnə kazarma “qəzalı vəziyyətdədir” deyərək, özəlləşdirlib, daha sonra isə əsaslı təmir edilərək, özlərinə yaxın zabitlərə verilib? Evsiz-eşiksiz zabitlər qalıblar kənarda, ancaq özlərinin qohumlarına, tanışlarına ev paylayırlar. Niyə görə belə olmalıdır”?
Üzləşdiyi vəziyyətlə bağlı ölkə rəhbərliyinə müraciət hazırlayan ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov ona qarşı edilən qanunsuzluqların aradan qaldırılmasını xahiş edir:
“Ölkə rəhbərliyinə müraciətlərimi davam etdirəcəm. Ümid edirəm ki, müraciətlərimə nəhayət, müsbət cavab veriləcək. Əgər cavab verilməsə, eyni problemlə üzləşmiş 20-dən çox zabitin iştirakı ilə Zakir Həsənov və Nəcməddin Sadıkovun “Şüşəli bazar”ın arxasındakı ərazidə yerləşən villalarının qarşısında aksiyalara başlayacağıq. Araşdırılsın görək, o ərazi hansı pulla alınıb, o villalar hansı pulla tikilib?”
Rövşən Məhərrəmovun qeyd olunan ittihamlarına lakonik münasibət bildirən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Yenicag.az-a açıqlamasında istefada olan polkovnikin iddialarının əsassız olduğunu deyib:
“Əslində, o şəxsin bir neçə mənzili var. Onun ustalıq dərəcəsi ilə bağlı şikayətləri əgər təmin olunmayıbsa, deməli, sənədlərində problem var. Bu barədə başqa bir söz deyə bilmərəm”.(Yenicag.az)