"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 gün öncəki iqtisadi müşavirədə bir-birini hətta mediada şantaj edən dövlət qulluqçularının bu hərəkətlərinə göz yummayacağını bildirməsindən bir çox məmurların “kürkünə birə düşüb”. Dövlət başçısı ad çəkməsə də, çox güman, hərə öz payını götürdü və bir çoxları ölkənin birinci şəxsinin proseslərdən bilgili olmasından əndişəyə düşdülər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalə müəllifi daha sonra yazır: "Onu vurğulamaq yerinə düşər ki, “şantaj savaşı” təkcə iri ranqlı məmurlar arasında yox, nisbətən aşağı səviyyəli vəzifə adamları arasında daha geniş vüsət alıb. Özü də anonim, başqasının adından demaqoqluq, “donos” ən geniş yayılmış şantaj metoduna çevrilib.
Ağsu rayon işıq idarəsinin rəisi Gülxan Zülfüqarov 90 yaşını haqlamış anasının adından ƏƏSMN əməkdaşları haqqında “yuxarı”ya “donos” yazıb, sosial dövlət qulluqçularını cinayətkar dəstə adlandırıb. Bu şər-böhtana, cinayətdə suçlamaya görə cavab verməyə cəlb edilən “işıq müdiri” Ağsu rayon məhkəməsində “donos”u anasının işıq idarəsinin kompüterində yazıb çap etdiyini bildirib. Məhkəmə də 90 yaşlı qadının məhkəməyə gətirilməsinə qərar verib. MTN -dən təqaüdə çıxan polkovnik Vahid Tağıyevin “Azərenerji”dən Ağsu RİH -ə başçı gətirilməsi Gülxan Zülfüqarovun rayon sakinləri arasında onunla dost olması haqqında “donos” yaymasına nədən olub. Hətta başçının müavini İqbal Mikayılovun yerinə Gülxan Zülfüqarovun təyin edilməsi “donos”u da yayılıb.
Görəsən, həmkarlarından “donos” yazan Gülxan Zülfüqarov başçının müavini olarsa ondan (başçıdan -red. ) “donos” yazmayacaq ki?"
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...