Bakı Nəqliyyat Agentliyi (BNA) əməkdaşlarının qanunlara zidd olaraq, vətəndaşları cərimələmələri ciddi narazılıq doğurub.
Yenicag.az xəbər verir ki, İnzibati Xətlar Məsəlləsinin 122-ci maddəsində elektron qaydada qeydə alınan xətaların siyahısında dayanma-durma və parkinqə görə elektron protokol tərtib edilməsi nəzərdə tutulmasa da, BNA əməkdaşları buna məhəl qoymurlar.
Məsələ ilə bağlı Yenicag.az-a danışan millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, BNA nümayəndələrinin qanunvericiliyin tələblərinə zidd qaydada protokol tərtib etmələrinə dair şikayətlər araşdırılmalıdır:
“Əgər BNA-nin yazdığı cərimələr qanunvericiliyə ziddirsə, bu məsələ araşdırılmalıdır. Ümumiyyətlə, BNA-nın fəaliyyəti ilə bağlı şikayətlər son vaxtlar xeyli artıb. Bakıda avtomobillərin sıxlığı şəraitində maşınların park edilməsində çətinliklər yarandığını nəzərə alaraq, vətəndaşları narazı salmaqdan çəkinmək lazımdır.
Şikayətlərin əksəriyyətində bildirilir ki, insanlar avtomobillərini saxlayıb uşaqlarını maşından düşürəndə, BNA əməkdaşları dərhal çəkiliş edib, onlara cərimə yazırlar. Əgər BNA-nın məram və məqsədi yalnız cərimələr tətbiq etməklə insanlardan pul yığmaqdırsa, bu işin öhtəsindən “uğurla” gəlirlər.
İnsanlar əgər avtomobillərini saxlayıb, ailə üzvlərini maşından düşürürlərsə, buna görə cərimə yazmaq olmaz. Bu, ciddi narazılıq yaradan məsələdir və təəssüf ki, vətəndaşların BNA-nın fəaliyyətinə dair iradları artmaqdadır”.
Məsələyə münasibət bildirən Bakı Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev Yenicag.az-a açıqlamasında bildirib ki, avtomobillərin qanunsuz parkinqinə nəzarət səlahiyyəti DYP-də olanda, onlar elektron protokolların tərtibinə əl atmayıblar:
“İnzibati Xətalar Məcəlləsində elektron qaydada, yəni, texniki vasitənin köməyi ilə protokolun tərtibi nəzərdə tutulmadığına görə, biz bu təcrübədən istifadə etmirdik”.