Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Apelyasiya Şurası Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin yoxlanması barədə qərar qəbul edib. "Olaylar" xəbər verir ki, 25 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Apelyasiya Şurası Bakı Beynəlxalq Avtovağzal Kompleksindən istifadə edən sərnişinlərin təhlükəsizliyi ilə bağlı məsələlərin vacibliyini nəzərə alaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 05 fevral tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtovağzal və avtostansiya haqqında Əsasnamə"nin tələblərinə uyğun təşkil edilməsi baxımından yoxlanılması barədə qərar qəbul edib.
Qərarda Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə "Lisenziyalar və icazələr haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunlarının tələlərinə əməl edilməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin ona verilmiş pasportun tələblərinə uyğun olmasının yoxlanılması istiqamətində tədbirlərin görülməsini təmin etmək tapşırılıb.
Məlum olduğu kimi, artıq uzun müddət idi ki, Bakı Beynəlxalq Avtovağzalı Kompleksində baş verən özbaşınalıqlar, o cümlədən, bu və ya digər istiqamətlərə (o cümlədən xarici ölkələrə) gedən avtobusların yuxarıda sözügedən Əsasnamənin tələblərinə zidd olaraq platformalardan kənarda, Avtovağzal Kompleksinin ərazisi hüdudlarından kənarda sərnişin toplaması, sərnişinlərə ictimai iaşə xidmətinin təşkilində, onların təhlükəsizliyi, şəhərlərarası (rayonlararası) beynəlxalq müntəzəm marşrutlar üzrə hərəkət cədvəllərinin pozulması, hər bir marşrut üzrə avtobusların "Avtovağzallar və avtostansiyalar haqqında Əsasnamə"nin tələblərinə uyğun verilən pasportun göstəriciləri ilə müəyyən olunan perronlarla əlaqəsi olan platformalarda dayanması və sair xüsusatlarla bağlı narazılıqlar geniş ictimai müzakirələrə çıxarılmış və bu nöqsanların, özbaşınalıqların qarşısının alınması üçün ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən Nazirliyə və digər əlaqədar təşkilatlara çoxsaylı müraciətlər olunub. Çoxsaylı müraciətlər və Avtovağzal ərazisində hökm sürən özbaşınalıq, idarəetmədəki səriştəsizliklə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Apelyasiya Şurasına daxil olmuş şikayət araşdırılmış və Apellyasiya Şurası tərəfindən müvafiq qərar qəbul edilib.