“Maliyyə Bazarlarına Nəzarət Palatası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini araşdıracaq. İlin əvvəlindən banklarla sözügedən qurum arasında başlayan qalmaqal pik həddə çatıb. Fondun rəhbəri Fəxri Kazımovun bank rəhbərlərinin müraciətlərinə əhəmiyyət verməməsi, kredit limitlərini ancaq özünün seçdiyi kommersiya təşkilatına yönəltməsi ciddi gərginlik yaradıb. Artıq Fəxri Kazımov barəsində tədbir görməyin vaxtı çatıb”.
“AzPolitika.info” bank sektorundakı mənbələrə istinadla xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətindən narazılıqlar ipoteka kreditləri üçün ayrılan dövlət vəsaitlərinin iri banklara verilməməsi, habelə Fondun pullarının şübhəli şəkildə aşağı reytinqli kommersiya qurumlarında depozit kimi yerləşdirilməsi ilə bağlıdır.
“Fondun rəhbərliyi heç bir şəkildə əsaslandırmır ki, ilk onluqda olan bir neçə banka niyə limit ayırmır. Yaxud, nəyə görə milyonlarla vəsaitdən ancaq F.Kazımovun qaranlıq “işbirliyi” olan banklar faydalanmalıdır? Biz ipoteka kreditləri ilə bağlı müraciətləri geri çeviririk, çünki vəsait yoxdur. Amma Fondun pulları Fəxri Kazımovun dostluq münasibətində olduğu iri tikinti şirkətləti vasitəsi ilə bazara buraxılır. 10, 15, 25 illik ipoteka krediti ilə mənzil satışını həyata keçirən bir çox şirkətlərin fəaliyyətini araşdırsaq, İpoteka Fondunun vəsaitlərini orada tapa bilərik” – deyə mənbə vurğulayıb.
Məlumatda qeyd olunur ki, Fondun Elektron İpoteka və Zəmanət Sisteminin fəaliyyəti də Fəxri Kazımovun istəyi ilə müəyyənləşir: “Özlərinə lazım olanda sistemi aktivləşdirib müraciətləri qəbul edirlər. Qalan müddətdə sistemə daxil olmaq müşkül məsələdir. Beləliklə, aktivləri milyarda çatan Fond bir-iki adamın şəxsi mülkiyyəti kimi idarə olunur. Heç bir sosial mahiyyəti qalmayıb, dövlət siyasətinin həyata keçirilməsində qurumun üzərinə qoyulan vəziflərədən tamamilə imtina olunub”.
Mənbə daha sonra bildirib ki, yaranmış vəziyyət bank sektorunda bir neçə dəfə müzakirə olunub: “Bank rəhbərləri üzləşdikləri qanunsuzluqlara görə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməyi qərara alblar. Amma Palata uzun müddət bu müraciətləri qulaqardına vurub. Yalnız ölkə rəhbərliyi durum barədə məlumatlandırıldıqdan sonra Fondun fəaliyyətinin araşdırılması barədə qərar qəbul edilib”.
Bizi məlumatlandıran qaynaq obyektiv araşdırma aparılarsa, Fəxri Kazımovun və onun müavini Rəhman Hümbətovun tutduqları postdan kənarlaşdırılacaqlarına, məsuliyyətə cəlb olunacaqlarına şübhə etmir.
“Uzun illər ərzində Fondda elə qanunuzluqlar baş verib ki, onları ört-basdır etmək mümkün deyil. İndi onların üzə çıxarılması üçün dövlət rəhbərliyinin göstərişi var. Bu addımlar devalvasiyadan sonra çox ağır vəziyyətə düşən, müflisləşən bank sektorunun canlanmasında bir təkan ola bilər. Biz ümidlə gözləyirik” – deyə mənbə vurğulayıb
Qeyd edək ki, Fəxri Kazımov millət vəkili Xanhüseyn Kazımlının oğludur.
pia.az