“Fitch Ratings” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yerli və xarici valyutada emitentinin uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir. Reytinq üzrə proqnoz “stabil”dən “mənfi”yə endirilib.
Məlumata görə, proqnoza yenidən baxılması Azərbaycanın suveren reytinqləri ilə bağlı analoji addımla əlaqədardır və neftin ucuzlaşması və koronavirus pandemiyasının ölkə iqtisadiyyatına gözlənilən mənfi təsiri ilə şərtlənib.
“Reytinqin təsdiq edilməsi və proqnozun dəyişdirilməsi İKZF-nin Azərbaycan hökuməti ilə möhkəm əlaqəsinə “Fitch”in dəyişməz baxışını əks etdirir və bu, fondun reytinqlərinin suveren reytinqlərlə bərabərləşdirilməsini tələb edir. Suveren reytinqlə bağlı istənilən mənfi addım və ya dövlətlə əlaqənin zəifləməsi İKZF-nin reytinqinin endirilməsinə səbəb ola bilər. Eyni zamanda, suveren reytinq üzrə proqnoza yenidən baxılması fondla bağlı da analoji addımın atılmasına gətirib çıxaracaq”, – deyə məlumatda qeyd edilir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 566 milyon manatdır.
İnterfaks Azərbaycan