“Otuz bir ildir yaşadığım evimdən məni çıxarmaq istəyirlər. Bunun üçün hər yola əl atırlar. Hətta saxta sənədlər düzəldərək, məhkəmələrdə süründürürlər. Həyat yoldaşım ikinci qrup əlildir, özümün də 65 yaşım var, pensiyaçı adamam. Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?”
DİA.AZ bildirir ki, bunu Şamaxı şəhəri, Qədirli küçəsi, ev 69 ünvanında yaşayan Rövşən Əli oğlu Qasımov deyir. İddia edir ki, Ellada Maşallah qızı Nuriyeva ona məxsus olan həyətyanı torpaq sahəsini mənimsəmək istəyir:
“1988-ci ildə Şamaxı Mərkəzi Rayon Xəstəxanasında şüa-diaqnostikası həkimi kimi fəaliyyətə başlamışam. Elə həmin il gənc mütəxəssis olduğum üçün mənə dövlət tərəfindən ev veriblər. Biz yeni mənzilə köçəndə, qonşuluğumuzda rus yaşayırdı. Həmin qonşu ilə bizə ümumilikdə altı sot torpaq sahəsi vermişdilər. Orderi olan 110 kvadratlıq evin, təxminən 3 sot da həyətyanı torpaq sahəsi var. Mənə aid olan həyətdə hamam-tualet, talvar və toyuq hini yerləşir. Onu da deyim ki, qarşı tərəfin yerində mənim heç bir tikilim yoxdur.
Rus qonşu 1997-ci ildə evini Bakıda yaşayan Ellada Nuriyevaya satdı. Elladanın da elə əvvəldən məhəllənin aşağı tərəfində qayınanası, yuxarısında isə bacısı yaşayırdı. Bunlar bizim qonşuluğumuzdakı evi aldılar. Bizim ev qaldı ortada. On bir il ərzində münasibətlərimiz normal idi. Hətta Ellada Nuriyeva 1997-ci ildə mənim evimi almaq istədi. Razılığa gəldik ki, evi onlara doqquz min dollara sataq. Onlar mənə beş yüz dollar beh də verdilər. Lakin sonradan anlaşma pozuldu, eşitdik, deyirmişlər ki, ev köhnədir. Biz də behi özlərinə qaytardıq. 2008-ci ildən sonra bunlar vəzifəli adamla qohum oldular və bizi sıxışdırmağa, məhkəmələrə verməyə başladılar ki, torpaq sahəsini əlimizdən alsınlar. Çəkişmə başlayanda məlum oldu ki, torpaq sahəsi 6 yox, 4,9 sotdur. O vaxt sxem planında ağıllarına gələn rəqəmi yazıblar. Torpaq əlimdən alınsa, gərək mən öz evimə vertolyotla düşəm”.
Şikayətçinin sözlərinə görə, qarşı tərəf qohumluq əlaqələrini qanun pozuntusunda istifadə edir:
“Bütün məhkəmələr Ellada Nuriyevanın zəngi ilə hərəkət edir, çünki qudası yüksək vəzifədədir. Məhkəmələr məni bezdirmişdi, bir neçə il öncə dedim ki, sülhə gələk, danışaq. Qarşı tərəf də dedi ki, mən sənin evinə beş min manatdan çox pul vermərəm. Artıq istədiyi rəqəmi deyir, evin qiymətini öldürür.
Məhkəmələrin ədalətsiz qərarlarından cana doymuşam. Dəfələrlə Xarici İşlər Nazirliyinə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident İlham Əliyevə, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Məhkəmə Hüquq Şurasına, Baş Prokurorluğa -hərəsinə yalan olmasın, on-on beş dəfə məktub yazmışam. Eyni cavab gəlir: məhkəməyə müraciət elə. Məhkəmə də bax belə haqsız qərarlar qəbul edir.
Axırda dözmədim, xarici işlər naziri Elmar Məmmədyarova məktub yazdım ki, əgər bizim Azərbaycanda yaşamaq hüququmuz yoxdursa, imkan verin, xaricə gedək, belə haqsızlıq olmaz”.
“Fikirləşirdim ki, prezidentə məktub vermişəm, yəqin bizə köməklik göstərib, ədalətsiz qərarı ləğv edəcəklər.
Təəssüf ki, İlham Əliyevin tapşırığına məhəl qoymadılar, qərarı qarşı tərəfin xeyrinə çıxardılar”, - Rövşən Qasımov deyir:
“Bu il martın 3-də İlham Əliyev zəlzələ ilə əlaqədar Şamaxıya gələndə, həyat yoldaşım Sevda Qasımova məlum məsələ ilə bağlı prezidentə şikayət məktubu verdi ki, bizə kömək edin. Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdalıyev özü şəxsən məsələni nəzarətə götürdü. Üstündən bir müddət keçəndən sonra bizi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə çağırdılar. Orada məsləhət gördülər ki, Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edək. Bildirdilər ki, belə etsək, çalışacaqlar, iş ədalətli həll olunsun. Lakin bu dəfə də məhkəmə qərarı onların xeyrinə çıxardı“.
Şikayətçi iddia edir ki, qarşı tərəf alqı-satqı məsələsində saxtakarlığa yol verib:
“Torpağın heç bir sənədi yox idi, 2017-ci il fevralin 16-da, məhkəmə çəkişməsi gedən zaman 14 saylı Şamaxı Ərazi İdairəsinin Qobustan Rayon Şöbəsi Ellada Hacıyevaya saxta çıxarış verib. Şöbədə mənə bildirildi ki, bizə yuxarıdan təzyiq elədilər, çıxarış verdik.
Gəldim Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayevin qəbuluna. Dedi ki, verin məhkəməyə, çıxarışı ləğv etdirin, qanunsuzdur.
Yəni bunlar həmin saxta sənədlə bizə iddia qaldırırlar.
Təkrar müraciət etmişəm, sentyabrın 18-də Sumqayıt Apelyasya Məhkəməsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə işə baxılacaq. Mən müraciət edirəm ki, aidiyyatı qurumlar bu haqsızlığa son qoysunlar”.